"Baku Electronics" fəaliyyətini dayandırmaq ərəfəsində..
24-08-2016, 11:06
Məlum olduğu kimi, "Baltika-Bakı" şirkəti avqustun 15-dən istehsalatı dayandırıb. Qeyd edək ki, şirkətdən bu qərarın müvəqqəti olduğu deyilsə də problemlər barədə də açıqlama verilib.
Şirkətdən verilən xəbərə görə, Azərbaycanda pivə bazarında ağır vəziyyətin yaranması nəticəsində 2015-ci il ərzində bazarın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20%, 2016-cı ilin ilk rübü ərzində isə daha 35% azalıb və bu tendensiya davam etməkdədir.
"Bütün bunların fonunda şirkətin biznesinə eyni zamanda qanunvericiliyin nizamlaması da təsir göstərir: cari ilin ikinci rübündə suyun tarifikasiya sistemi dəyişilib, bu isə yalnız 2016-cı il ərzində istehsalat xərclərinin 500 min manat artmasına gətirib çıxaracaq. Eyni zamanda, sentyabrın 1-dən aksiz markası ilə markalanmalı olan malların nağd vəsait ilə dövriyyəsini qadağan edən və mütləq şəkildə öncədən ödəmə tələb edən qanun qüvvəyə minir, bu isə şirkət üçün öz məhsulunun realizasiyasını olduqca çətinləşdirir. Qanuna tabe olan və Dövlətin "vergi partnyoru" statusuna malik olan "Baltika-Bakı" dövlətin hesablaşmalar və məhsul dövriyyəsinin şəffaflığını artırmaq üzrə səyini dəstəkləyir. Lakin hazırki şəraitdə əlavə nizamlama metodları və şirkətlərin iqtisadi azadlığını məhdudlaşdırma ölkədə biznesin inkişafına olduqca neqativ təsir göstərəcək və xüsusilə də, pivə dövriyyəsi sahəsinin katastrofik ixtisarına gətirib çıxaracaq", - deyə şirkətdən bildirilir.
DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, eyni qaydada "Baku Electronics" şirkəti də fəaliyyətini dayandırmağa hazırlaşır. Qeyd edək ki, sözügedən şirkətin adı yerli KİV-lərdə dəfələrlə İranın xüsusi xidmət orqanları ilə birgə də hallanıb.
Son xəbərdə isə bildirilir ki, artıq "Baku Electronics" öz işçilərini son qərarı ilə bağlı məlumatlandırıb. Mənbənin dia.az-a söylədikləri: "Konkret hansı tarixdən iş dayanacaq bu barədə qərarı rəsmən elan edəcəklər".