Ağ Ev Ukraynaya Rusiyanın ərazisində hansı növ zərbələrə icazə verdi? – ISW təhlili

31-05-2024, 19:18           
Ağ Ev Ukraynaya Rusiyanın ərazisində hansı növ zərbələrə icazə verdi? – ISW təhlili
Ukrayna çox güman ki, ABŞ-dan onun hava hücumundan müdafiə sistemləri vasitəsilə Rusiya raketlərini və qırıcılarını Xarkov vilayəti ilə sərhədə yaxın Rusiya ərazisi üzərində vurulmasına gizli icazə alıb, lakin daha dərin ərazilərə uzaqmənzilli raketlərlə zərbələr endirilməsinə hələ də razılıq yoxdur.

Qaynarinfo xəbər verir ki, bu, barədə Müharibə Tədqiqat İnstitutunun (ISW) yeni hesabatında deyilir.

ISW analitikləri ABŞ prezidenti Co Bayden administrasiyasının ABŞ silahlarından (o cümlədən GMLRS raketlərindən, lakin çox güman ki, uzaq mənzilli ATACMS raketlərindən deyil) Xarkov vilayəti ilə sərhədə yaxın Rusiya ərazisinə zərbə endirmək üçün gizli icazə verdiyinə dair çoxsaylı Qərb mediasının məlumatlarına (Politico, New York Times, The Washington Post) diqqət çəkib. Xüsusilə, bir sıra rəsmilər və mövzu ilə tanış olan mənbələr mayın 30-da Qərb mediasına bildiriblər ki, Ağ Ev Xarkov vilayəti ilə sərhədin şimal hissəsindən irəliləyən Rusiya qüvvələrinə qarşı “cavab atəşi” məqsədilə Ukraynaya ABŞ silahlarından istifadə etmək üçün gizli icazə verib. Eyni zamanda, mənbələrdən biri aydınlaşdırır ki, Bayden administrasiyası Ukraynanın Rusiyanın daxili ərazilərinin başqa yerlərində uzaqmənzilli zərbələr üçün ABŞ-ın təqdim etdiyi silahlardan, məsələn, uzaqmənzilli ATACMS raketlərindən istifadə edilməsinin məhdudlaşdırması siyasətini dəyişməyib.

Eyni zamanda, “The Washington Post” adı açıqlanmayan amerikalı məmura istinadən yazıb ki, “Ukrayna üçün təhlükə yarandığı halda” ABŞ Ukraynanın Rusiya ərazisi üzərində Rusiya raketlərini və ya qırıcılarını məhv etmək üçün ABŞ tərəfindən verilən hava hücumundan müdafiə sistemlərindən istifadəsinə heç bir məhdudiyyət qoymayıb. Hələ mayın 22-də NYT xəbər verib ki, ABŞ dövlət katibi Entoni Blinken Baydeni Ukraynaya qarşı bu cür məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Eyni zamanda, ISW ekspertlərinin yazdığı kimi, Rusiya Federasiyasının Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin ABŞ-ın təqdim etdiyi silahlarla hansı məsafəyə zərbələr endirə biləcəyi qaranlıq olaraq qalır. Həmçinin, Ukraynanın Rusiya Federasiyasının Kursk və Bryansk vilayətlərində Rusiya qüvvə və texnikasının cəmləşdiyi ərazilərə zərbə endirməsinə icazə verilib-verilməyəcəyi hələlik bəlli deyil.

Bununla belə, ISW analitiklərinin qeyd etdiyi kimi, Rusiyanın dərinliklərində, Xarkov vilayətinin sərhəd hissəsindən xeyli kənarda yerləşən Rusiya hərbi obyektləri də Ukrayna üçün qanuni hərbi hədəflərdir. Buna görə də, Rusiya Federasiyasının digər məntəqələrindəki hədəflərə zərbələrin endirilməsi ilə bağlı əlavə məhdudiyyətlər Ukraynanın Rusiya təcavüzündən müdafiə qabiliyyətinə mane olacaq. Rusiya öz hərbi qüvvələrini Xarkov vilayəti ilə sərhədə kifayət qədər yaxınlaşmadan və ya Ukraynanın digər hissələrini işğal etmədən əvvəl onları təhlükəsiz şəkildə toplamaq fürsətindən istifadə edir. Ona görə də Qərb dövlətləri Ukraynanın özünü müdafiə qabiliyyətinə məhdudiyyətlər qoymağa davam edərsə, Rusiya öz ərazisindəki qoşunlarının bu cür müdafiəsində üstünlüyünü davam etdirəcək.

ISW qiymətləndirməyə davam edir ki, Birləşmiş Ştatlar Ukraynaya bütün qanuni hərbi hədəfləri, hətta operativ şəkildə və Rusiya xəttinin dərinliyində ABŞ tərəfindən təmin edilən silahlarla vurmağa icazə verməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.