“Söyüş müxalifəti”nə kompromat ötürənləri tanıyıram! - Hafiz Hacıyev sirləri açdı
1-06-2024, 15:24
Son günlər ən çox müzakirə edilən mövzulardan biri də hakimiyyətdə təmsil olunan bəzi məmurların xaricdəki “söyüş müxalifəti” ilə əməkdaşlıq etməsidir. İqtidar mənsublarından bəzilərinin Avropada “mühacirət” həyatı yaşayan jurnalist və blogerlərə kompromat ötürdüyünə, hətta onlara maliyyə yardımı göstərdiyinə dair iddialar var. Artıq tanınmış ictimai-siyasi xadimlər, Milli Məclisin üzvləri də məsələyə münasibət bildiriblər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev bildirib ki, bu iddiaları xaricdəki “mühacirlər” də təsdirləyir:
“Mən bunu dəfələrlə demişəm, bu, yenilik deyil. Həmin qüvvələr xaricdə meydana çıxanda, fəaliyyətə başlayanda demişdim ki, onlara bütün məlumatlar Bakıdan ötürülür. Özləri də dəfələrlə bunu təsdiq ediblər. Məsələn, onlardan biri açıq şəkildə bildirdi ki, ona məlumat verən kimdir. Mən həmin şəxsin adını təkrar etmək istəmirəm. Əlbəttə, o cümlədən, digərlərinə də ayrı-ayrı məlumatlar bu cür müxtəlif mənbələrdən verilir. Hakimiyyətin daxilində də şantaj etməklə, böhtan atmaqla məşğul olan qüvvəllər var. Mən bunların kim olduğunu çox gözəl bilirəm. Bu gün də Azərbaycan hakimiyyəti və müxalifəti daxilində həmin qüvvələri qızışdırıb ortaya salan, hakimiyyətin müəyyən dairələrinə ancaq böhtan atmaqla məşğul olanlar var. Bunlar vicdansız insanlardı”.
Hafiz Hacıyev həmin şəxslərin kim olduqlarını bildiyini və yuxarı orqanlara bu barədə dəfələrlə məlumat verdiyini diqqətə çatdırıb:
“Mən dəfələrlə Azərbaycan hakimiyyəti daxilindən də məlumat ötürənlərin kimlər olduqlarını ən yuxarı orqanlara çatdırmışam. Düşünürəm ki, belə yaramaz hərəkətə yol vermək qətiyyən düzgün deyil. Kimlərinsə müəyyən dairələri vurmaq məqsədi ilə hansısa şər, böhtan xarakterli məlumatı başqalarına ötürməsi yolverilməzdir. Bu sadəcə olaraq siyasi əxlaqsızlıqdır. Əgər kimsə müxalif kimi mübarizə aparmaq istəyirsə, qalıb Azərbaycanda bunu etsin. Yox əgər gücün çatmırsa, hansısa məlumatları kiməsə ötürməklə bunu etmək sadəcə mənəviyyatsızlıqdır. Əlbəttə, bunların hamısı xaricdən Azərbaycana bir növ təzyiq formasıdır. Bu vasitə ilə bəzi qüvvələr ölkəmizi nüfuzdan salmaq istəyirlər”.