Nastradamus deyiləm, amma.....

3-06-2024, 12:34           
Nastradamus deyiləm, amma.....
Qədim keçmişimizi, uzaq tarixi bir kənara qoysaq və 1988-ci ildən bəri baş verən hadisələri analiz etsək görərik ki, xalqımız qarşısına qoyduğu məqsədə gec-tez çatır, əsas odur ki, məqsəd aydın olsun, yol görünsün – səhvlərlə dolu olsa da yolu getməyi, məqsədə çatmağı bacarırıq.
1988-ci ildə xalqın böyük bir hissəsi ilk dəfə müstəqillik istədi – çətinliklə, qurban verməklə məqsədinə çatdı, torpaq itkisi hesabına olsa da, müstəqilliyini qazandı, öz bayrağı, dövləti oldu.
1991-ci ildən sonra təlatümlərlə dolu bir neçə il yaşadıq, torpaqlarımız işğal olundu, amma bununla barışmadıq, yeni bir hədəf - ərazi bütövlüyünün bərpası yoluna çıxdıq. 2020-ci ildə böyük qələbə qazandıq, amma yarımçıq oldu, hədəf Xankəndi və ərtafında bayrağımızın dalğalandırılması idi, 2023-cü ildə Xankəndə əməliyyatı, bu il, “rusməramlıların” çıxarılması ilə isə tam suverenliyimizi bərpa etdik bu məqsədə də çatdıq.
İndi məqsəd nədir? Hara gedirik? Nə istəyirik? Prezident Əliyev yanvar ayında bu məsələ ilə bağlı diskurs açdı, amma davamı gəlmədi, ciddi müzakirə ortamı yoxdur. İndiki siyasi sistemdə zatən çoxfikirli ciddi diskurs açmaq mümkün deyil, amma lazımdır, hətta vacibdir.
Məmləkətin ən böyük problemi indi rifahdır, iqtisadi və sosial məsələlərdir – bu sistem indiki çağırışlara uyğun sistem deyil. Sərt vertikala söykənən idarəetmə modeli böhranlı vəziyyətlər, müharibə üçün effektiv idi, öz bəhrəsini verdi də, amma indiki problemlərin həlli məsuliyyət və səlahiyyət bölgüsündən, bütün Dövlət institutlarının saat kimi işləməsindən keçir.
2024-cü il çox vacibdir, yol ayrıcındayıq, seçkilər və seçim ilidir, bu il həm parlamnet, həm də Bələdiyyə seçkiləridir. Amma hələ də şans var ki, ciddi Konstitutsiya islahatları bunlardan əvvəl olsun, sistemə ayar varək, yeniləyək, müasirləşdirək, ədalətin və məsuliyyət-səlahiyyət bölgüsünün yeni formulunu tapaq, sonra seçkilərə gedək. Əgər belə olmasa, bu il iki seçkini həyata keçirsək, bilin ki, növbəti 5 ildə heç bir seçki sürəci olmayacaq, deməli hökumətə sivil təsir mexanizmləri yaranmayacaq.
Bu il hər iki seçkini keçirib sistem islahatlarına getməsək, bizi yaxın illərdə nələr gözlədiyini yazım, siz də “screen” edib saxlayın, arada yadınız asalarsız:
1) 2025-ci ildə, ilin ikinci yarısında kommunal xidmətlərdə qiymət artımı olacaq,
2) 2025-ci ilin sonu, 2026-cı ilin əvvəlində manatın ucuzlaşması ilə bağlı qərar verməyə məcbur olacaqlar – manat 20-25% ucuzlaşacaq,
3) Elektik enerjisi- qaz və yanacağın bahalaşması fonunda manatın ucuzlaşması da olanda ölkədə ciddi qiymət artımı, inflyasiya olacaq,
4) Hökumət xarici borclanmanı ciddi artıracaq, böyük həcmdə kreditlər götürəcək ki, azalan gəlirlər fonunda artan xərcləri qarşılaya bilsin,
5) İşğaldan azad edilən ərazilərimizə köçün effekti, iqtisadiyyata təkan verəcək təsiri olmayacaq, əksinə, hər il büdcədən daha çox vəsait ayrılmasına ehtiyac yaranacaq.
Bütün bunlar sistemli, köklü iradəetmə islahatları olmasa mütləq baş verəcək, amma əgər xalq, cəmiyyət və dövlət olaraq islahatlar, yeni hədəflər, rifah və inkişaf üzərində anlaşsaq, mübahisələri ancaq bu hədəflərə gedən yollar üzərinə fokuslaşdıra bilsək, məmləkət yenə öz məqsədlərinə çatacaq – buna əminəm. Bunu bacarmasaq ölkədə gərginlik artacaq, sonda yenə səhv edə-edə gəlib doğru olanı, düzgün yolu tapacağıq, amma zaman və güc itkisi qaçılmaz olacaq ki, buna da imkan vermək olmaz...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.