DİN polisi ittiham edən Türkiyəli deputata cavab verdi - HƏMİN ŞƏXSƏ DEYİLİB Kİ, MƏHKƏMƏYƏ ÜZ TUT!

3-06-2024, 12:47           
DİN polisi ittiham edən Türkiyəli deputata cavab verdi -
Türkiyə Böyük Millət Məclisinin deputatı Ömər Faruk Gergerlioğlu Azərbaycan polisini tənqid edib.

Qardaş ölkənin parlament tribunasından səslənən deputat iddia edib ki, Azərbaycan polisi ölkəmizdə Türkiyə vətəndaşlarının şikayətlərinə baxmır, onları incidir və rüşvət tələb edir.

Qeyd edək ki, deputatın bu barədə iddiaları Azərbaycan Milli Məclisində də reaksiyalara səbəb olub.

ƏHD Partiyasının lideri Qüdrət Həsənquliyev Ömər Faruk Gergerlioğlunu Azərbaycana böhtan atmaqda qınayıb.

O, bildirib ki, deputatın söylədikləri iki ölkə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirir.

Bu arada isə Azərbaycan Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Məlahət İbrahimqızı Gununsesi.info-ya açıqlamasında Ömər Faruk Gergerlioğlunun PKK-ya yaxın deputat olduğunu deyib.

Gununsesi.info-nun araşdırması zamanı isə bəlli olub ki, Ömər Faruk Gergerlioğlunun haqqında danışdığı şəxs Türkiyə vətəndaşı Yunus Demirtaşdır.

Belə ki, bu şəxs sosial şəbəkələrdə videomüraciətlər yayaraq, o cümlədən müxtəlif internet televiziyalarında çıxışlar edərək Azərbaycanda üzləşdiyi dələduzluq əməli ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi müraciətlərinin nəticəsiz qaldığını deyib.

Məsələ ilə bağlı Gununsesi.info-nun sorğusunu cavablandıran DİN-nin Mətbuat Xidməti bunları bəyan edib:

“Yunus Demirtaşın iddiaları əsassız olmaqla yanaşı, faktlara söykənmir və monipulyativ xarakter daşıyır, üzərində olan borc yükündən, öhdəliyindən hansısa formada yayınmaq məqsədi daşıyır.

Onun müraciətləri əsasında polis orqanında müvafiq araşdırmalar aparılıb, hüquqi hərəkətlər icra olunub, tərəflərin izahatları alınıb.

Y.Demirtaş 2022-ci ilin iyun ayında Qaradağ Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, Türkiyə Respublikasından Ağanur Saatova 32 000 ABŞ dolları dəyərində, Əfqan Hüseynova 18 000 ABŞ dolları dəyərində, Rəşad Bayramova isə 73 000 ABŞ dolları dəyərində müxtəlif çeşiddə geyim əşyalarını göndərib, lakin həmin şəxslər onun etibarından sui-istifadə edərək malları əldə etdikdən sonra pulunu bu günə kimi ona göndərməyiblər, aldatma yolu ilə mallarını ələ keçirərək əlaqəni kəsiblər.

O, izahatında göstərib ki, o, uzun illərdir ki, Bakı şəhərində yerləşən “Binə” Ticarət Mərkəzində ticarətlə məşğul olan şəxslərə kişi geyimlərini nisyə olaraq verir, bir müddət sonra verdiyi malların pullarını yığır. Dayısı Pertevin isə İstanbul şəhərində kişi geyimlərinin tikişini həyata keçirdiyini qeyd edib.

İzahatda adıçəkilən hər bir şəxs polis orqanına dəvət olunaraq izahatları alınmaqla müvafiq araşdırmalar aparılıb.

Ağanur Saatov izahatında bildirib ki, o, 2021-ci ilin oktyabr ayında Lökbatan qəsəbəsində yerləşən “Binə” TM-də mağaza icarəyə götürüb və orada kişi geyimlərinin satışı ilə məşğul olub. Həmin mağazada iki ay ticarətlə məşğul olduqdan sonra mağaza sahibi icarə haqqını qaldırdığı üçün o, həmin mağazadan çıxaraq məhsulları Rais adlı şəxsin mağazasına yığıb və orada satıb. O, Yunus adlı Türkiyə Respublikası vətəndaşı ilə tanış olub. Yunis də Vahid adlı şəxslə “Binə” TM-də mağaza icarəyə götürüb işlədirmiş. Yunus 2021-ci ilin noyabr ayında ona təklif edib ki, Vahid, Yunus və o, özü birlikdə mağaza icarəyə götürüb şərik olaraq alver etsinlər. O, Yunusun sözü ilə razılaşıb. Beləlikə 2022-ci ilin yanvar ayının 10-da özü, Yunus və Vahid birlikdə Türkiyə Respublikasına gediblər. Türkiyə Respublikasında olanda oğlu Vüqar ona telefonda mesaj yazıb ki, Vahidin arxasınca gündə neçə nəfər adam gəlib onu axtarır.

O, da ona görə Türkiyədə olanda Vahidə deyib ki, səninlə şərik olaraq işləməyəcək. Türkiyə Respublikasında təxminən 19,500 ABŞ dolları dəyərində onun puluna kişi geyimləri alıb, karqo vasitəsilə Bakı şəhərinə yola salıb. Yunus da Pertev adlı Türk vətəndaşından nisyə olaraq 8000 ABŞ dolları dəyərində kişi geyimlərini alaraq həmin malları karqo vasitəsilə Bakı şəhərinə yola salıb. Bakı şəhərinə qayıtdıqdan sonra əvvəlcədən danışdıqları kimi “Binə” TM-də başqa bir mağazaya köçüblər. Həmin mağazaya görə 4 aylıq qabaqcadan 9000 manat pul ödəyib. Beləliklə mağazada satılan mallara görə əldə olunmuş pullardan karqo ilə malların daşınması üçün pulları ödəyiblər. Yunus 2022-ci ilin fevral ayının 10-da Türkiyə Respublikasına gedib, hətta biletin pulunu o, ödəyib. Aldıqları mallara görə Türkiyə Respublikasında borclu qaldıqları puldan 3000 ABŞ dolları Yunusa verib ki, orada ödəsin. Lakin Yunus həmin pulu da Türkiyə Respublikasında ödəməyib, özü üçün xərcləyib. 2022-ci ilin fevral ayının sonunda Yunus Azərbaycana qayıdıb və onunla işləmək istəmədiyini bildirib. 2022-ci il tarixdə Yunusla yekuun hesabatlarını aparıblar.

Ağanur Saatov ona verilən əlavə suallara cavab olaraq bildirib ki, Yunus yalan danışır. Yunus özü ona qarşı dələduzuq edib. Yunus ona 12800 ABŞ dolları və mağazanın yarı icarə pulunu verərək onda olan malları götürməli imiş. Lakin Yunus 12800 ABŞ dolları və mağazanın yarı icarə pulunu ona verməyib. Yunusun təxminən 3000 ədəd kişi yay köynəkləri ondadır.

A.Saatov həmin köynəkləri Yunusa verməyə hazır olduğunu, lakin Yunus ona ödəməli olduğu pulu verdikdən sonra həmin malları qaytaracağını qeyd edib.

Y.Demirtaşın barəsində şikayət etdiyi Əfqan Hüseynov da polis orqanına dəvət olunmaqla araşdırma aparılıb.

Ə.Hüseynov izahatında bildirib ki, o, 2007-ci ildən Lökbatan qəsəbəsində yerləşən “Binə” TM-də kişi geyimlərinin satışı ilə məşğul olur. Türkiyə Respublikası vətəndaşı Yunus adlı şəxsi təxminən 4 il bundan əvvəl tanıyıb. Belə ki, o, 4 il bundan əvvəl mağazada satılan kişi geyimlərini topdan qiymətə almaq üçün Türkiyə Respublikasının İstanbul şəhərinə gedib, orada təsadüfən Yunusu görüb tanıyıb. Yunusla söhbət zamanı ona bildirib ki, onun şəriki var, şərikinin fabriki var, fabrikdə kişi geyimləri tikilir. Yunus onu telefon vasitəsilə Pertev ilə danışdırıb. Yunus ilə danışıqları belə olub ki, o, malları satıb pulunu ona ödəyəcək. Beləliklə o, Yunusa ilk dəfə həmin vaxt kişi köynəyi sifariş verib Azərbaycana qayıdıb. Yunus ona deyib ki, “narahat olma, qiymətdə mənə kömək edəcək”.
Sözü gedən mallar Azərbaycana gəldikdən sonra ona məlum olub ki, Yunus sifariş verdiyi köynəkləri səhv göndərib. Yunus Türkiyə Respublikasında mal sifariş verdiyi zaman ona deyib ki, 1 ədəd köynəyi onun üçün 4 ABŞ dollarına hesablayacaq. Lakin Bakı şəhərinə gəldikdən sonra həmin malın bir ədədini ona 8 ABŞ dollarına hesablamağa başlayıb. Beləliklə onun üçün göndərilən malları sata bilməsə də, məcbur olub bir neçə dəfəyə hissə-hissə Yunusun adına Türkiyə Respublikasına 9000 ABŞ dolları göndərib. Hansı ki, Yunusun ona göndərdiyi mallar keyfiyyətsiz olduğundan həmin malları sata bilməyib. Ə.Hüseynov onu da qeyd edib ki, Y.Demirtaş Azərbaycan Respublikasına gələndə də ondan həmin malların pulunu bir neçə dəfə alıb.

Əfqan Hüseynov əlavə olaraq bildirib ki, Yunus Demirtaş yalan danışır. Son bir il ərzində Yunus Demirtaşın onun üçün göndəriyi mallara görə 13 000 ABŞ dolları borcu qalıb, həmin pulun da bir hissəsini, yəni 6000 ABŞ dollarını Yunusa hissə-hissə bir neçə dəfəyə ödəyib, yerdə qalan 7000 ABŞ dollarını isə siləcəyini Yunus ona deyib. Çünki, Yunus ona göndərdiyi malların çox hissəsini sata bilməyib, satdıqlarını da aldığı qiymətdən çox aşağı qiymətə satıb.

Araşdırma zamanı izahatı alınan Rəşad Bayramov izahatında göstərib ki, o, 2007-ci ildən 2014-cü il tarixə kimi olan müddət ərzində o, “Binə” TM-də icarəyə mağaza götürüb kişi geyimlərinin satışı ilə məşğul olub. O, kişi geyimlərinin satışı ilə məşğul olan zaman 2012-ci ildə tikiş fabriki sahibi Pertev adlı Türkiyə Respublikası vətəndaşı ilə tanış olub. O, Perteva kişi köynəkləri sifariş verib, Pertev onun üçün Azərbyacana kişi geyimləri göndərib. O, həmin mallara görə, malın yarı pulunu Türkiyə Respublikasına Pertev üçün 25 000 ABŞ dolları göndərib. Lakin həmin köynəklər yuyulanda rəngi çıxırmış. Pertev həmin kişi köynəklərini 5,7,8,9 ABŞ dolları hesablayıb. O, isə Pertevə bildirib ki, onun göndərdiyi mallar yararsız məhsuldur. Pertev də ona deyib ki, “malları neçəyə satırsansa sat, mənlikdir, qiymətdə mənimlə razılaşacaq”. Həmin vaxtdan təxminən 3 il sonra, yəni 2015-ci il tarixdə o, Türkiyə Respublikasına gedib Pertev ilə razılaşıb ki, ona 20 000 ABŞ dolları dəyərində kişi köynəyi verəcək, o, da həmin malı Rusiya Federasiyasının Pitiqorsk şəhərinə aparıb sataraq malın pulunu hissə-hissə ödəyəcək. Pertevin ona verdiyi kişi köynəklərinin üzərində brend firmaların emblemləri vurulduğu üçün nəticədə Pitiqorsk şəhərində prokurorluq tərəfindən həmin mallar müsadirə olunub.

Həmin vaxtdan bir neçə il keçdikdən sonra Pertev polisə müraciət edib ki, guya ona 73 000 ABŞ dolları borcu var. R.Bayramov həmin vaxt polis orqanına dəvət olunduqda bildirib ki, onun Perteva 73000 ABŞ dolları deyil, 20000 ABŞ dolları borcu vardır, lakin ödəməyə pulu olmadığı üçün Quba şəhərindəki torpağını pulun əvəzində verib.

Rəşad Bayramov onu da bildirib ki, Yunus yalan danışır. O, ümumiyyətlə Yunus adlı şəxsi tanımır, həmin şəxs də onunla üzbəüz gəlsə onu tanımaz. Onun mal üstündə Pertev adlı Türk Respublikası vətəndaşı ilə söz-söhbəti olub, 2018-ci il tarixdə də pay torpaq sahəsini Pertevǝ verərək bu söhbət bağlayıb.

Demirtaş Yunus Aydın oğlunun müraciəti əsasında Qaradağ RPİ-nin İstintaq Şöbəsində aparılan araşdırmanın nəticəsi olaraq adıçəkilən şəxslərin əməlində dələduzluq cinayətinin tərkibi yaranmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Həmçinin Yunus Demirtaşa mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.