Azərbaycanda uşaqların sayı azalır - genofondumuza təhlükə
4-06-2024, 16:44
“Yaxşı olardı ki, qardaş Türkiyədə olduğu kimi bizdə də gənclərə dəstək fondu yaradılsın”
Bütün buları təcili şəkildə etmək lazımdır, çünki Azərbaycanda heç vaxt olmadığı kimi təbii artım aşağı düşüb
Azərbaycanda 14 yaşınadək uşaqların sayı 2 milyon 216 min nəfərdir. Ötən il uşaqların sayı 2022-cü il ilə müqayisədə 36 min nəfər azalıb.
Bu barədə millət vəkili Vüqar Bayramov 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı qeyd edib. O bildirib ki, bu, son illər təbii artım faizinin müqayisəli azalması ilə bağlıdır.
Xatırladaq ki, Azərbaycanda son 50 ildə ən yüksək doğum göstəricisi 1990-cı ildə qeydə alınıb. Həmin ildə ölkədə 183 minə yaxın körpə doğulub. 1990-cı ildə ölkə əhalisinin sayı 5,1 milyon olduğu halda, 2021-ci ildə bu göstərici 10 milyonu ötüb. Bu müddətdə ölkə əhalisi iki dəfə artsa da, yaşı 18-dək olan əhali sayında və körpə doğumlarında xeyli azalma müşahidə edilir. Görünən odur ki, Azərbaycanda uşaqların sayı ilbəil azalır.
Vaxtilə ölkədə 6, 8, hətta 10, 12 uşaqlı ailələr də vardı. Müasir dövrdə isə hər bir azərbaycanlı ailəsində maksimum 2 və ya 3 uşaq olur. Bu, bir tərəfdən sosial-iqtisadi vəziyyətlə əlaqələndirilsə də, həm də müasir ailə planlaşdırmasının reallığıdır.
Bəs konkret səbəblər nədir - iqtisadi amillər, nikahların sayının azalması, boşanmaların çoxalması, yanlış ailə planlaşdırılması, yoxsa nə? Bir müsəlman-Şərq ölkəsində bu göstərici normal sayıla bilərmi? Ən əsası, azalma tendensiyası nə dərəcədə qalıcı ola və genofondumuz üçün təhlükəyə çevrilə bilər?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, təkcə ölkəmizdə deyil, qloballaşan dünyada doğulan uşaqların sayı azalmağa başlayıb ki, bunun da müxtəlif səbəbləri var: “Təbii artımın bu qədər azalması Azərbaycan üçün heç vaxt xarakterik olmayıb. Çünki ölkəmizdə həmişə çoxuşaqlı ailələr olub. Yəni həm sovet dövrünə qədər, həm də sovet dövründə belə olub. İkinci Dünya müharibəsindən sonra da məlum səbəblərdən demoqrafik tədbirlər həyata keçirilməyə, çoxuşaqlı ailələr təşviq olunmağa başladı. Belə ki, "qəhrəman ana" statusu yaradılmışdı, həmçinin digər stimullaşdırıcı layihələr keçirilirdi.
Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra sovetin süqutu həm fiziki, həm də mənəvi sərhədləri aradan qaldırdı. İnsanlar ən müxtəlif xarici ölkələrə gedib-gəldi, oradakı yaşayış tərzini gördülər və bir çoxu onu ölkəmizdə imitasiya etməyə başladı. Həmçinin yeni həyat tərzi seriallar, filmlər yolu ilə də ölkəmizə daxil oldu. İnsanlar gördülər ki, başqa həyat tərzləri də var və artıq çoxuşaqlı həyat tərzi onları qane etmədi və ailə planlaşdırmasında dəyişikliklər etməyə başladılar. Düşündülər ki, çox uşaqdansa, az sayda uşağa sahib olsunlar, əvəzində uşaqlarına daha yaxşı gələcək, təhsil, daha sağlam həyat verə bilsinlər.
Daha bir məsələ, bu bir faktdır ki, insanların mədəni səviyyəsi artdıqca çoxuşaqlı ailələrin sayı azalmağa başlayır, ailədə uşaqların sayı az olur. Diqqət edəndə də görürük ki, əvvəllər də əsasən kasıb ailələrdə uşaqların sayı çox olurdu. Hətta belə bir deyim də var idi ki, “kasıbın nəyi də olmasa, uşaqdan bol olur”. Beləliklə, təbii artımın aşağı düşməsinin səbəblərindən biri də mədəni səviyyənin artması ilə əlaqədardır.
Səbəblərdən biri də boşanmaların artması ilə əlaqədardır. Əlbəttə ki, boşanmalar artdıqca, təbii artım aşağı düşəcək. Tam ailə olmayanda, uşaq sayının artmasını gözləmək mümkün deyil. Boşanmaların da sayının kəskin artmasının özünəməxsus səbəbləri var. Belə ki, məlum olduğu kimi, artıq qadınların kişilərdən iqtisadi asılılığı azalmağa başlayıb. Qadınlar artıq ictimai aktivdirlər, iqtisadi baxımdan özlərini təmin edə bilir və ailədə hansısa problemlər ortaya çıxanda dözümsüzlük nümayiş etdirir və rahat şəkildə boşanmaq qərarına gəlir. Əvvəllər isə qadınlar iqtisadi baxımdan kişidən asılı olduğu üçün ən ağır xasiyyətli kişiyə dözür, ailənin dağılmasından çəkinirdi. Həmçinin cəmiyyətdə boşlanma məsələsinə pis münasibət, cəmiyyət qınağı var idi. İnsanlar bu qınaqdan çox qorxurdu və boşanmaqdan yayınırdı.
Digər tərəfdən, insanlar artıq bir qədər eqoist olmağa başlayıb, daha çox özlərini düşünürlər. Hesab edirlər ki, uşaqsız daha komfortlu, rahat, sakit həyat yaşayacaqlar. Beləliklə də təbii artıma maraqlı olmurlar.
Hətta bir çox ölkələrdə, o cümlədən Çində, Yaponiyada subaylıq sindromu var. Yəni insanlar virtual həyata o qədər aludə olublar ki, real həyatda evlənmək istəmirlər. Doğrudur, Azərbaycanda belə bir sindrom yoxdur, amma artıq gec evlənənlərin sayı artmağa başlayıb. Həm qızlar, həm də oğlanlar gec evlənir ki, bu da təbii artıma təsir edir".
Sosioloq qeyd edib ki, təbii artımın aşağı düşməsi gələcəkdə bir çox problemlər ortaya çıxaracaq: “Bu məsələ gələcəkdə əmək bazarında problem yarada bilər, eyni zamanda təbii artım aşağı düşdükcə, paralel olaraq miqrantların sayı arta bilər. Hansı ki, bu da genefondumuza təsir edəcək.
Hansı ölkədə təbii artım aşağı düşür, həmin ölkədə mexaniki artım inkişaf etməyə başlayır. Yəni miqrantlar ora axın edir. Bu gün Amerika, Avropa ölkələri bu məsələdən əziyyət çəkir".
Üzeyir Şəfiyev son illər Azərbaycanda ahıl insanların sayının artdığını da nəzərə çatdırıb: “Son 22 il ərzində ölkəmizdə ahılların sayı sürətlə artıb. Belə ki, ahıl şəxslərin sayı 2000-ci ildə 226,7 min nəfərdən 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 452,1 min nəfərə çatıb. Beləliklə, son 22 ildə əhalinin ümumi sayı 26,44 faiz artdığı halda, ahıl şəxslərin sayında 99,4 faiz artım qeydə alınıb. Bu o deməkdir ki, Azərbaycan əhalisinin 10 faizi ahıl insanlardır”.
Sosioloq problemdən çıxış yolu kimi aşağıdakıları qeyd edib: “Hesab edirəm ki, indidən tədbirlər görmək lazımdır ki, təbii artım azalmasın. Bunun da müxtəlif yolları var. Həmin yollardan biri budur ki, regionlarda gənclərə pay torpaqları ayrılsın ki, gənclər orada yaşasınlar. Demoqrafik artımda regionların rolu çox böyükdür. Adətən böyük şəhərlərdə çoxuşaqlı ailələrin sayı az olur, ən çox çoxuşaqlı ailələrə regionlarda rast gəlirik. Lakin regionlarda gənclər üçün yaşayış şəraiti yaxşı olmadığından onlar paytaxta axın edirlər. Bu səbəbdən regionda məşğulluğu artırmaq, onlar üçün yaxşı yaşayış şəraiti yaratmaq lazımdır ki, gənclər regionlarda qalsınlar, paytaxta axın etməsinlər. Həmçinin yaxşı olardı ki, qardaş Türkiyədə olduğu kimi bizdə də gənclərə dəstək fondu yaradılsın.
Bütün bunları təcili şəkildə etmək lazımdır, çünki Azərbaycanda heç vaxt olmadığı kimi təbii artım aşağı düşüb. Bundan əvvəl gənclər Azərbaycan əhalisinin 30 faizini təşkil edirdisə, indi 20 faizini təşkil edir ki, bu da təhlükəli göstəricidir".