Hacı Qaliblə deputat oğlunun qanunsuzluğundan icra başçısına ŞOK MÜRACİƏT - DETALLAR
4-06-2024, 18:34
“POSAT” Bağ Tikinti Kooperativinin 28 üzvü Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə məktubla müraciət edib.
Kooperativ üzvləri icra başçısından zəbt olunmuş bağ torpaq sahasinin qanunsuz tikilimiş hasarlardan təmizlənməsini xahiş ediblər.
Məktub müəllifləri icra başçısına müraciətlərində yazırlar:
“Hörmətli Adil müəllim,
Sizin rəhbərliyiniz altında Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı işçilərinin köməyi ilə Qalib Salahzadənin, onun oğlu, deputat Əliabbas Salahzadənin zəbt etdikləri Bilgəhdəki bağ torpaq sahəsinin zəbtdən azad olunmasını alqışlayırıq. Mətbuatda dərc olunan fikirlərinizlə tanış olduqdan sonra belə qərara gəlmişik ki, Bilgəh qəsəbəsində yerləşən, Bilgəh Bələdiyyəsi adından verilmiş saxta, heç bir kötüyü olmayan sənəd əsasında Qalib Salahzadə və oğlu Əliabbas Salahzadə tərəfindən zəbt olunan, bizlərə məxsus olan 4 hektar bağ torpaq sahəsi ilə bağlı Sizə müraciət edək.
Biz, 28 nəfər Azərbaycan Respublikasının vətəndaşı 15 ildən artıqdır ki, deputat Əliabbas Salahzadənin onun atası Hacı Qalib Salahzadənin cinayətə bərabər hərəkətləri ilə üz-üzə qalmışıq. Bu gün deputat olan Əliabbas Salahzadə 2000-ci ildən Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsi bələdiyyəsinin sədri vəzifəsində çalışdığı illərdə təsisçiləri olduğumuz “POSAT” Bağ Tikinti Kooperativinə məxsus olan, Bilgəh qəsəbəsində yerləşən 4 hektar bağ torpaq sahəsinə saxta bələdiyyə sənədi verib. Atası Qalib Salahzadə həmin saxta, heç bir kötüyü olmayan kağız parçasına əsasən 4 hektar bağ torpaq sahəmizi hasara almaqla zəbt edib. Sizdən xahiş edirik ki, mayın 23-də Bilgəh qəsəbəsində Qalib Salahzadə və oğlu Əliabbas Salahzadə tərəfindən zəbt olunan ərazini zəbtdən azad etdiyiniz kimi bizlərə məxsus olan 4 hektar bağ torpaq sahəsini də zəbtdən azad edilməsinə, qanunsuz inşa olunmuş daş hasarın və darvazanın götürülməsinə göstəriş verəsiniz”.
“POSAT” Bağ Tikinti Kooperativinin 28 üzvü bundan əvvəl ölkə rəhbərliyinə də müraciət ediblər. Bildiriblər ki, Hacı Qalib Salahzadənin onlara məxsus 4, ümumilikdə isə 5.3 hektar bağ torpaq sahəsinin zəbt edib.
“Keçmiş deputat və keçmiş bələdiyyə sədri Qalib Salahzadə heç bir əsası, kötüyü olmayan bir kağızı əlinə alıb. Həmin kağızı özü Bilgəh bələdiyyəsinin sədri olarkən yazıb. Bələdiyyə sədri kimi kooperativə məxsus 4 hektar torpaq sahəsini vəfat etmiş nənəsi Kübra Camalovanın adına həyətyanı sahə kimi verib. Əlavə olaraq da 1.3 hektar torpağı da həmin 4 hektara qataraq yekun olaraq 5.3 hektarı nənəsinin adına rəsmiləşdirib. Respublikanın hansı bir yerində qoca arvada həyətyanı sahə olaraq 5.3 hektar torpaq verirlər? Məhkəmələrdə Hacı Qalibdən nənəsinin adına verdiyi sənədin kötüyünü tələb edirlər, yazır ki, Bilgəh Bələdiyyəsində yanğın olub, arxiv yanıb. Saxtakarlığı bu şəkildə ört-basdır edirlər” – bu sözləri redaksiyamıza müraciət edən “POSAT” Bağ Tikinti Kooperativinin sədri Yusif Nağıyev deyib.
Onun sözlərinə görə kooperativin 28 üzvü sabiq deputat Hacı Qalib Salahzadənin onlara aid 4 hektar torpaq sahəsini zəbt etməsindən şikayətçidirlər:
“Hacı Qalib Salahzadə nənəsi Kübra Camalovanın adına Bilgəh bələdiyyəsinin sənədini 2005-ci ildə çıxarıb və bizə məxsus 4 hektar ərazini də digər 1.3 hektar torpağa qataraq hasarlamaqla zəbt edib. Halbuki həmin bağ torpaq sahəsi 5 hektar olmaqla Bakı Şəhər Xalq Deputatları Sovetinin İcrayə Komitəsinin (XDS İK) 7 may 1976-cı il tarixli 25/247 nömrəli qərarı ilə keçmiş Azərbaycan SSR Tikinti Nazirliyinə ayrılıb. Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı ilə həmin ərazinin 4 hektarı kooperativ bağların tikintisi üçün ayrılıb. Tikinti Nazirliyinin tabeliyindəki “Tikintiavtonəqliyyat” İstehsalat Birliyinin nəzdində həmin idarənin qısaldılmış abreviaturasını əks etdirən “POSAT” (Производственное Обьядинение СтройАвтоТранспорт) Bağ Tikinti Kooperativi təsis edilib və keçmiş Şaumyan (indiki Xətai rayonu) rayon XDS IK-nın 27 oktyabr 1989-cu il tarixli 81/58 nömrəli qərarı ilə həmin Kooperativ qeydiyyatdan keçib. Hacı Qalib Salahzadə ərazinin kooperativə məxsus olduğunu bildiyi halda ərazini zəbt edib. Bu gün həmin ərazi oğlu Əliabbas Salahzadənin adınadır. Cibində deputat mandatı gəzdirən Əliabbas Salahzadənin atası tərəfindən zəbt olunmuş kooperativə məxsus bağ torpaq sahəsinin adına keçirilməsi də əslində kriminaldır. Əliabbas Salahzadə gec-tez bu qanunsuzluğa görə Azərbaycan hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacaq”.
Kooperativ üzvləri ölkə rəhbərliyinə, baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək Bilgəh bələdiyyəsinin Qalib Salahzadənin təsiri altında olduğunu bildirib və Bilgəh bələdiyyəsinin qanunsuzluqları ilə bağlı müvafiq araşdırma aparılmasını xahiş edib.
Musavat.com