770 milyonluq bina Mərkəzi Bankın hansı gününə yaraşır.
6-06-2024, 08:38
Məlum olub ki, Mərkəzi Bank üçün yeni binanın tikinti “rasxod"u artıb və 770 milyon manata çatıb. Bu "rasxod" növbəti devalvasiyaya başa gəlsə təəccüblənməyin.
Gəlin statistikaya nəzər salaq, görək Mərkəzi Bankın qazancı nə qədərdir ki, 770 milyonluq binaya yerləşsin:
TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. Daha sonra Cavanşir Həsənli faktlara müraciət edərək yazır:
2015-ci ili Mərkəzi Bank ilin əvvəlində elan edilmiş 1-ci devalvasiya ilə əlaqədar 5 mlrd. 531,12 mln. manatlıq xalis mənfəətlə başa vurur. Devalvasiyadan Mərkəzi Bank qazanır, xalq itirir.
2016-cı ildə Mərkəzi Bank əvvəlki ilin dekabrın 21-də həyata keçirilən ikinci devalvasiya ilə əlaqədar 3 milyard 513 milyon 453 min manat mənfəət götürür.
2017-ci ili Mərkəzi Bank 3 milyard 513 milyon manat “mənfəətlə” başa vurur. Neft Fondundan 3 milyard 949 milyon manatlıq transferlər hesaba alınmasa 436 milyon manat (!) zərər.
2018-ci ili devalvasiya və Neft Fondundan köçürmə olmadığı üçün Mərkəzi Bank 60 milyon 316 min manat zərərlə başa vurur.
2019-cu ildə nəhayət Mərkəzi Bank 69,2 milyon manat mənfəət əldə edir.
2020-ci ili də Mərkəzi Bank daha 52 milyon 485 min manat xalis mənfəətlə yekunlaşdırır.
2021-ci ildə Mərkəzi Bank əvvəlki iki ilin qazancını da batırıb ili 162,746 milyon zərərlə başa vurur.
2022-ci ildən də Mərkəzi Bank 63,955 milyon manat xalis zərərlə çıxır.
2023-cü il Mərkəzi Bank 349,113 milyon mənfəət əldə edir.
İndi sual olunur, 770 milyonluq bina Mərkəzi Bankın hansı gününə yaraşır. Hökumətin ştatlı iqtisadçıları yeni dövrün yeni tələbləri barədə moizə oxumasınlar, dünyanın valyuta və qızıl anbarı kimi tanınan İsveçrə Mərkəzi Bankının binasına da baxın.
P.S. Populist hesablama kimi çıxmasın, bu pulla Azərbaycanda yeni doğulmuş uşaqdan tutmuş 14 yaşa kimi uşaqların (2 milyon 260 min nəfər) hər birinə 3 ay ərzində hər ay 110 manat uşaqpulu vermək olardı.
Cavanşir Həsənli
TEREF