Etiraz dalğasından zorakılıq mərhələsinə keçid: “B” planı işə salınır

6-06-2024, 08:46           
Etiraz dalğasından zorakılıq mərhələsinə keçid: “B” planı işə salınır
Mərkəz rəhbəri: “Ermənistanda qanlı qarşıdurmanın, sui-qəsdlərin baş verməyəcəyinə zəmanət yoxdur”

Ermənistanda daxili siyasi gərginlik qismən səngisə də, müxalif “Vətən naminə Tavuş” hərəkatı aksiyaların davamlı olacağını, hərəkatın məqsədinin Baş nazir Nikol Paşinyanın hakimiyyətinə son qoymaq olduğunu bəyan edir. Hərəkatın lideri, Tavuş vilayətinin arxiyepiskopu Baqrat Qalstanyan Baş naziri “vətəni satmaqda”, “Ermənistanın milli maraqlarını satmaqda” və “dövləti təhlükəyə atmaqda” günahlandırır. Qalstanyan ermənilərə mitinqlərə qoşulmaq çağırışı etsə də, İrəvanın mərkəzi meydanına 15 mindən artıq etirazçı toplaya bilmir. Mütəxəssislər hesab edirlər ki, bu qədər mitinq iştirakçısı ilə Paşinyanı devirmək mümkün deyil.

Paşinyan hökuməti isə “Vətən naminə Tavuş” hərəkatını və onun rəhbərliyində olan şəxsləri “qarışıqlıq yaratmaqda”, “Ermənistanın təhlükəsizliyinə xələl gətirməkdə” və “xarici qüvvələrin əlində oyuncaq olmaqda” ittiham edir.

Paşinyan Qalstanyana son mesajında keşişi “xarici qüvvələrin təsirində olan şəxs” adlandırıb: “Kimlərinsə oyuncağı olan, meydanlarda şoumenlik edən hansısa bir keşiş ətrafına özü kimiləri toplayaraq Ermənistan rəhbərliyi ilə görüş tələb edir, istefaya çağırış edir. Bilmirəm, bu arsız özünü nə hesab edir?!”.

Paşinyan Ermənistanda təxribatlar törətmək istəyən radikallara da cavab verib: “Mənim hakimiyyətdən getməyimi istəyənlərə səslənirəm, bilsinlər ki, belə bir niyyətim yoxdur. Ölkədə anarxiya, xaos yaratmaq istəyənlərin bütün cəhdlərinin qarşısını hüquq-mühafizə orqanları qətiyyətlə alır və alacaq”.

Ermənistanda baş verənlər və hadisələrin bundan sonrakı mərhələsində nələrin baş verəcəyi ehtimalları ilə bağlı AYNA-nın suallarını Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri cavablandırıb. Analitik qeyd edib ki, keşişin başlatdığı hərəkat erməni cəmiyyəti tərəfindən dəstək görmədi:

- Qalstanyan Tavuşdan İrəvana yürüş etdi, paytaxtda keçirdiyi ilk mitinqdə xeyli insan meydana toplaşdı. Sonrakı mitinq və aksiyalara qatılan insanların sayı azalmağa doğru getdi. Qalstanyan İrəvanda mitinqlərə 10-15 min şəxsdən artıq etirazçının gəlmədiyini anladı. İndi keşiş yenidən bölgələrə səfərlər edir, insanları etirazlara səsləyir. Bu, yeni müstəvidir. Bununla keşiş çalışır ki, regionlardan insanları paytaxtdakı mitinqlərə cəlb edə bilsin.

Qalstanyanın eyni zamanda, hakimiyyət rəsmilərini hədəfə almaqla hakim komanda içərisində parçalanma yaratmaq istəyir. Keşişi meydana atan qüvvələr anlayırlar ki, hakimiyyət içərisində parçalanma olmadan azsaylı iştirakçısı olan mitinqlərlə Paşinyanı devirmək mümkün deyil. Dövlət qurumları binaları qarşısında keçirilən aksiyalar da bu məqsədə xidmət edir.

- Erməni müxalifəti məqsədinə çata biləcəkmi?

- Hesab edirəm ki, proses kulminasiya nöqtəsinə yaxınlaşır. Məlumdur ki, bu etiraz dalğasına milyonlarla dollar vəsait ayrılıb. Xaricdə yaşayan kriminal erməni lobbisi etiraz dalğasına külli miqdarda maliyyə yatırıb. Söhbət Qərbdəki erməni lobbisindən və Rusiyadakı erməni diasporasından gələn vəsaitlərdən gedir. Eyni zamanda, konkret siyasi sifarişlər var. Bəzən deyirlər ki, Rusiya çoxdandır erməni müxalifətindən əlini üzüb, bu məsələ Rusiya ilə bağlı deyil. Bu, yanlış yanaşmadır.keşişin başlatdığı etiraz dalğasının arxasında Rusiya dayanır. Moskvada anlayırlar ki, müxalif qüvvələr – keçmişdə hakimiyyətdə olmuş Robert Köçəryanla, Serj Sarkisyanla bir nəticəyə vara bilməyəcək, keşişin simasında lider ortaya atdı. Rusiyanın bu siyasi əməliyyatı da iflasa uğramaqdadır.

- Erməni mediası iddia edir ki, Qalstanyanla məqsədinə nail ola bilməyən Moskva yenidən Paşinyanla münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlara başlayıb...

- Bu, görüntü xarakterlidir və insanları çaşdırmaq üçün ortaya atılan məlumatdır. İnsanları Rusiya yanlış istiqamətə yönləndirir. Kreml anlayır ki, Ermənistan cəmiyyətində Rusiyaya inam yoxdur, nifrət dostluğu üstələyir. Paşinyanla əməkdaşlığın bərpası kimi məsələni ortaya atmaqla ola bilsin ki, Rusiyaya nifrət edən erməni cəmiyyətini ayağa qaldırmaq, hakimiyyəti devirmək istəyir.

Məlumdur ki, Rusiya hər zaman “kökə və kötək” siyasətindən paralel şəkildə istifadə edir. Əgər keşişin başlatdığı etiraz dalğası üstün olsaydı, Rusiyanın Ermənistan siyasətini başqa yöndən görə bilərdik.

Eyni zamanda, Qalstanyan son vaxtlar müstəvini dəyişir. Əslində keşişin arxasında dayanan qüvvələr gərginliyin daha da artması və qan tökülməsinin tərəfdarıdırlar. Hesab edirlər ki, qanlı qarşıdurma olarsa, o zaman erməni ictimaiyyətində ajiotaj yaranar, mitinqlərin masştabı daha da artar. Çünki qan tökülərsə, burada ittiham olunan tərəf təbii ki, hakimiyyət olacaq. Bir növ, hakimiyyət zorakılığa təhrik edilir.

- Amma Paşinyan bu qarşıdurmadan sanki yayına bildi...

- Tam yayındığını söyləmək çətindir. Proses kulminasiya nöqtəsinə gəlsə də, tam başa çatmayıb. Ermənistanda hakimiyyəti dəyişmək istəyən güc, konkret olaraq xaricdəki radikal erməni lobbisi və Rusiya hər vəchlə istəyir ki, qanlı qarşıdurma olsun, zorakılıq törədən Paşinyan hakimiyyətdən zoraklılıqla qovulsun. Çünki hüquqi yolla, hüquqi müstəvidə etiraz yolu ilə Paşinyanı devirə bilməyəcəklərini başa düşürlər. Anlayırlar ki, növbədənkənar seçkilər təyin olunsa belə, ermənilərin səsini qazana bilməyəcəklər. Ona görə də hakimiyyəti zorla devirməyin marağındadırlar. Hətta Qalstanyanın özü bəyanatında açıq şəkildə bildirdi ki, məqsədləri növbədənkənar seçkilərin təyin olunması yox, Paşinyanı istefaya məcbur etməkdir.

Bəli, Paşinyan bu niyyəti görür və qan tökülməməsi üçün çalışır, amma nəzərə almaq lazımdır ki, bu etiraz dalğası tam sıradan çıxmayıb. Ona görə də sabah Ermənistanda qanlı qarşıdurmanın, sui-qəsdlərin baş verməyəcəyinə zəmanət yoxdur. Çünki keşişin arxasında duran qüvvələr vətəndaş qarşıdurmasının baş verməsinə təhrik edirlər. Milyonlarla pul ayırmış dairələr konkret siyasi nəticə istəyirlər ki, bu nəticə də yoxdur.

- Demək istəyirsiniz ki, növbəti mərhələ zorakılıq mərhələsidir?

- Əlbəttə, Ermənistanda proseslər artıq zorakılıq mərhələsinə qədəm qoyur. Ayrı-ayrı zorakılıq halları, etirazçıların hökumət binaları qarşısına toplaşmaları, səslənən təhdidlər bunun göstəricisidir. Demək olar ki, keşişin başlatdığı etiraz dalğasında “B” variantı işə düşüb. Qalstanyanın arxasındakı güclər “B” varianına keçidi tələb edirlər. Yenə deyirəm, proses qanlı qarşıdurmayadək inkişaf edə bilər. Amma bu o demək deyil ki, erməni müxalifəti uğur qazanacaq. Paşinyanın hakimiyyətdən devrilməsi elə də asan məsələ deyil. Baş naziri sui-qəsdlə aradan götürmək, bununla hakimiyyətinə son qoymaq ehtimalı da heç vaxt istisna olunmamalıdır.

Müəllif: Anar Bayramoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.