Müştərilərin depozitini ələ keçirib "Tik-Tok"da xərcləyən "Bank Respublika"nın işçisi ilə bağlı QƏRAR

6-06-2024, 09:41           
Müştərilərin depozitini ələ keçirib "Tik-Tok"da xərcləyən "Bank Respublika"nın işçisi ilə bağlı QƏRAR
Şirvan Apellyasiya Məhkəməsində mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Rail Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilib və Rail Hüseynov məhkəmə iclas zalından həbs olunub.

İttihama görə, Rail Hüseynov 13 sentyabr 2011-ci il tarixdən 22 may 2023-cü il tarixədək "Bank Respublika" ASC-nin Sabirabad filialında korperativ müştəri xidməti üzrə baş mütəxəssis vəzifəsində işləyib. O, 2010-cu il ildə isə bankın əməliyyatçı-kassiri olub.

Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayından 2023-cü ilin iyun ayınadək olan müddətdə filialın Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən inzibati binasında olan xidməti otağındakı kompüter vasitəsilə öz şifrə və parolundan istifadə etməklə informasiya resursu olan "Sfera proqram" təminatına daxil olub. O, həmin proqram vasitəsi ilə bir neçə müştərinin depozit müqaviləsini xitam edərək, onların ümumilikdə 158 969 manat pulunu mənimsəyib.

Rail Hüseynov ələ keçirdiyi pul vəsaitlərini "Tik-Tok" sosial şəbəkəsində oyunlara xərcləyib.

O, məhkəmədə ifadəsində deyib ki, 2023-cü ilin yanvar-may ayları ərzində yuxarıda qeyd edilən formada ayrı-ayrı müştərilərin bankda olan depozit müqavilələrini xitam edərək depozit hesabdakı pul vəsaitini öz hesabına köçürüb "Tik-Tok"da hədiyyələr alıb. Müştərilərin depozit müqavilələri xitam edildikdən sonra, cari hesabdakı pulun hamısını məxaric etməyib, bir hissəsini saxlayıb və aylıq ödəniş məbləğində həmin şəxslərin kart hesablarına göndərib ki, şübhələnməsinlər. Rail pul köçürüb hədiyyələr aldıqdan sonra köçürdüyü pul vəsaitini geri qaytarmaq istəsə də, buna nail ola bilməyib. Buna səbəb onun həmin hədiyyələri platformanın elektron mağazasından deyil, saytından aldığı üçün hədiyyələrə xərclədiyi pulu geri qaytarmaq mümkün olmayıb. O, belə bir qaydanın olduğunu əvvəlcədən bilmədiyini söyləyib və bu səbəbdən də, aldığı hədiyyələri qaytarmaq mümkün olmayıb. Daha sonra bankın monitorinq xidməti tərəfindən aparılan yoxlama zamanı qeyd edilən faktlar aşkarlanıb və bu səbəbdən də işdən çıxarılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.