Bahalı yağların da tərkibi dəyişdirilir...
7-06-2024, 08:56
Azərbaycan Rusiyadan palma yağı idxalını 420 dəfə artırıb.
Palma yağından həm qidaların tərkibində, həm qeyri-qida sənayesində geniş istifadə olunur.
Son illər isə mütəxəssislər palma yağının insan orqanizminə zərərləri, ürək-damar sisteminin işini pozması barədə həyəcan təbili çalırlar. Təəssüflər olsun ki, bu gün bazarlarda kərə yağını palma yağından ayırmaq da olduqca çətindir.
Bəs əsl kərə yağını palma yağından necə ayıra bilərik? Palma yağından ən çox hansı qidalarda istifadə olunur?
Tanınmış iqtisadçı-ekspert, kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli "Cebhe.info"-nun suallarını cavablandırıb:
- Bu gün ölkəmizdə palma yağından geniş istifadə olunur və ixracın həcmi böyükdür. Niyə palma yağına daha çox üstünlük verilir?
- Bəzi “işbazlar” ucuz başa gəldiyi üçün kərə yağının tərkibinə palma yağı qatırlar. Bir çox halda kərə yağı adı ilə palma yağından istifadə edirik. Ona görə ki, kərə yağı çox baha başa gəlir. Kərə yağının hazırlanması üçün xeyli miqdarda təzə südə ehtiyac olur. Bu isə baha başa gəlir. Təzə süddən kərə yağı alınarsa, onun qiyməti 25 manatdan baha olur. Bu səbəbdən də bazarlarda daha çox kərə yağı görünümlü palma yağı satılır.
- Bu yağdan ən çox hansı qidaların hazırlanmasında istifadə olunur?
- Azərbaycan böyük miqdarda palma yağı idxal edir. Dondurma istehsalında onlardan istifadə olunur. Məhsulların böyük əksəriyyətinin hazırlanmasında palma yağından istifadə olunur. Bu gün yediyimiz çörək belə palma yağından hazırlanır. Elə palma yağı var ki, orqanizmdə ciddi problem yaratmır, eləsi də var ki, böyük problemlər səbəb olur. Ona görə də Azərbaycan ürək-damar xəstəlikləri üzrə dünyada ikinci yerdədir.
- Orqanizmə müsbət təsir edən palma yağını, zərərli palma yağından necə fərqləndirək?
- Palma yağı sıxılan zaman onun ilk etapdakı götürülən hissəsi mənfi təsir yaratmır, ondan sonrakı hissəsi isə mənfi təsirlər yaradır. Bu bitkidən təkrar istifadə olunub, təkrar sıxılanda orqanizmdə daha çox problemlər yaradır. İstənilən halda bu yağlar insan orqanizmi üçün zərərlidir və həzm olunmur, qanda xalestrinin səviyyəsini artırır, bu da ürək-damar xəstəliklərinə səbəb olur. Amma belə qidanın tərkibini təbii ki, ayırmaq çətindir.
- Bu gün Azərbaycan bazarında təmiz kərə yağı var?
- Bu yaxınlarda İran yağı almışdım, o əsl kərə yağı dadı verirdi. Bu gün, hətta laboratoriya şəraitində belə, əsl kərə yağını müəyyən etmək çətindir. Bunu yalnız özümüz dadla müəyyənləşdirə bilərik. Çünki bu gün Qərbdən gətirilən yağların belə tərkibi dəyişdirilir. Bura gətirilir, palma yağı ilə qarışdırılır, yenidən qablaşdırılır və satışa çıxarılır. Onlara belə inam yoxdur ki, bu yağ Qərbdən gəlib, təmizdir.
- Palma yağının bazarlara bu qədər "ayaq açması", təmiz yağların belə tərkibinin dəyişdirilməsinin səbəbi nədir?
- Səbəb budur ki, bazarda nəzarət yoxdur. Bu sahədə rüşvət var. Rüşvət olan yerdə bazara keyfiyyətsiz məhsul çıxartmaq da "işbazlar" üçün rahat olur.
- Bəs orqanizmimizi palma yağından xilas etmək üçün çıxış yolunu nədə görürsünüz?
- Əgər Azərbaycan istəyirsə ki, təmiz kərə yağı istifadə etsin, təcili olaraq Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq. Biz bunun üçün 27 ildir müraciət etmişik. Ancaq belə olanda Azərbaycan marketlərində yalnız keyfiyyətli məhsul satılacaq, “işbazlar” keyfiyyətsiz məhsullara bazara çıxa bilməyəcəklər. Xaricdən daha ucuz və keyfiyyətli məhsullar idxal olunacaq.