Hiylə ilə Azərbaycandan qoparılan qədim yurd yerimiz : Nüvədi kəndi – Yekun xəritə dəqiqləşir
7-06-2024, 11:46
Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistanın Qeqarkunik vilayətinin (Göyçə mahalı) qubernatoru Karen Sərkisyan iddia edir ki, guya Azərbaycan 2022-ci ildə bu istiqamətdə ermənilərə məxsus strateji yüksəklikləri götürüb. Onun sözlərinə görə, Azərbaycan ordusu bu yüksəkliklərdən çəkilməsə, hərbi varianta əl ata bilərlər. Ermənistanın belə bir hərbi gücü varmı ki, bu avantüra haqda düşünür?
- Karen Sərkisyan kimdir?! Heç kimdir, heç nədir. Heç onun sözünü ciddiyə almaq lazım da deyil. Ermənistanda xəstə təxəyyüldə olan insanlar çoxdur. Təəssüf ki, belələri rəhbər vəzifələrdə də var. Bu adamların iddiaları da, özləri də heç nədir. Bu cür ifadələri boş vermək, ciddiyə almamaq lazımdır.
Ermənistanın hərbi imkanlarına gəlincə, Azərbaycan ordusunu sınağa çəkmək onlara baha başa gələrdi. Əgər Ermənistanın hərbi imkanları vardısa, 44 günlük müharibədə göstərərdi. Ermənistanın hərbi imkanları Azərbaycanla savaşa girəcək səviyyədə deyil. İndi təsəvvür edək ki, Baqrat Qalstanyan Ermənistanda hakimiyyətə gəlib, o da heç nə edə bilməz. Baqratın havadarları Serj Sərkisyan və Robert Köçəryan yox, daha təsiredici dairələrdir. Heç onlar istəmirlər ki, regionda vəziyyət dəyişsin.
- Ermənilərin bu kimi təxribatçı iddiaları delimitasiya prosesini tormozlaya və ya mürəkkəbləşdirə bilərmi?
- Buna inanmıram. Əgər Paşinyan cəsarətini davam etdirsə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, heç bir problem olmayacaq. Gedişat göstərir ki, bu “müqavimət”in heç bir təsir gücü yoxdur. İndi İrəvanda bir qrup insan küçələrə düşüb zibil qutularını ora-bura atırlar, hay-küy salırlar, vəssalam. Onlar heç nə edə bilməzlər, heç kimdirlər. Paşinyan öz davranışları ilə açıq şəkildə göstərir ki, onları saymır, ciddiyə almır, boşuna vaxt itirirlər.
- Sülh müqaviləsinin Bakıda imzalanacağı ilə bağlı iddia da var. Bu dəfə Rusiyanın nüfuzlu nəşrləri yazırlar ki, Baş nazir Nikol Paşinyan noyabrda Bakıda keçiriləcək COP29-a qatılacaq, saziş də bu mümkün səfər çərçivəsində imzalanacaq. Belə bir iddia Ermənistanda da gündəmdədir. Sizin bu haqda fikriniz necədir?
- Mən bu məsələyə münasibətdə bir az təmkinli yanaşıram. Yeri gəlmişkən, Paşinyan istisna etmir ki, bu sənəd COP29-dan əvvəl imzalana bilər. İndidən nəsə demək çətindir, hələ müzakirələr davam edir. Düzdür, müsbət inkişaf var, amma bir sıra, xüsusən də nəqliyyat kommunikasiyalarının açılması kimi məsələlər həllini tapmayıb. Buna görə də, tələsik fikirlər söyləmək düzgün olmazdı. Bəzən mediada oxucu auditoriyasının diqqətini çəkmək üçün bu kimi maraqlı mövzular ortaya atılır. Mediada ortaya atılan iddialarının bununla bağlı olduğunu düşünürəm. Prosesin özü bir qədər fərqlidir.
- Sülh müqaviləsində Almatı bəyannaməsinə istinad məsələsi də gündəmdədir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iddia edir ki, Bakı buna razı deyil. Sizcə, niyə müqavilədə Almatıya istinad olmamalıdır?
- Çünki Almatı bəyannaməsi 1991-ci ilə qədər olan ərazi bölgüsünü əks etdirir. Sovet dönəmində hansı ərazilərin nə vaxt Ermənistana qanunsuz olaraq verilməsi araşdırılmalı və bu, delimitasiya prosesində öz əksini tapmalıdır. Məsələn, Zəngəzur mahalının Nüvədi kəndi 1928-ci ildə qanunsuz olaraq Ermənistana verilib. 1968-ci ildə bu kəndin Ermənistanın tərkibində olması yenə qanunsuz olaraq rəsmiləşdirilib. Bundan əvvəl heç bir sənəddə Nüvədi “Ermənistan ərazisi” kimi təsdiqlənməyib. Nüvədini ermənilərə verənlər kobud səhvə yol vermişdilər, SSRİ qanunları kobud şəkildə pozulmuşdu. O vaxt Azərbaycan Kommunist Partiyasının birinci katibi Levon Mirzoyan idi, yəni erməni. Planı elə qurmuşdular ki, guya Azərbaycan SSR Ermənistan SSR-ə nəsə bağışlayır. Bunu kim bağışlayıb? Bura bir ölkənin ərazisidir, şəxsi mülkiyyət deyil. Bunu SSRİ-nin ali rəhbərliyi təsdiqləməli, reyesterə daxil edilməli idi, bunu etməmişdilər. Nəhayət, 1968-ci ildə Nüvədini qanunsuz olaraq Ermənistana qatdılar.
Belə faktlar çoxdur. Buna görə də, 1991-ci ilədək baş verənləri nəzərə almalıyıq, delimitasiya da bu çərçivədə aparılmalıdır.
- Sizin də qeyd etdiyiniz kimi, sovet dönəmində bəzi ərazilərimiz qanunsuz olaraq Ermənistana verilib. Həmin ərazilərdən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin edən Mehridir. Sizcə, bu, delimitasiya prosesində Bakının tələblərindən biri ola bilərmi?
- Düşünürəm ki, bunlar kommunikasiyalarla bağlı olan məsələlərdir. Azərbaycan tələb edir ki, sülh müqaviləsində bu məsələ (kommunikasiyaların açılması) də əksini tapmalıdır. Yəni Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında açılacaq nəqliyyat xətləri sərbəst şəkildə fəaliyyət göstərməlidir. Əlbəttə, biz Ermənistanın tanınmış ərazilərinə iddialı, ələ keçirmək niyyətində deyilik. Amma nəqliyyat dəhlizləri ilə bağlı xüsusi rejim olmalıdır. Çünki söhbət Azərbaycanın bir hissəsi ilə digər hissəsi arasında birbaşa əlaqənin qurulmasından gedir. Yüklər və sərnişinlərin daşınması üçün heç bir maneə olmamalıdır.
Dəhliz Azərbaycandan Azərbaycana prinsipi ilə açılmalıdır, vəziyyət belədirsə, hansısa keçidlər və maneələr heç kimə lazım deyil. Düşünürəm ki, indi tərəflər arasında bununla bağlı fikir ayrılığı var, bu da yekun sənədin imzalanmasına təsir göstərir.