ABŞ-nin Azərbaycan marağı: - Nəyə xidmət edir?

8-06-2024, 00:06           
ABŞ-nin Azərbaycan marağı: - Nəyə xidmət edir?
"ABŞ Şərq-Qərb marşrutu üzrə ticarəti gücləndirmək üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır".

Bu barədə ABŞ Dövlət Departamenti yerli mətbuatın sorğusuna cavab olaraq bildirib.

Qeyd olunub ki, Azərbaycan Qərb bazarlarını Mərkəzi Asiya ölkələri ilə əlaqələndirərək bu ölkələrin qlobal bazarlara çıxışını təmin edəcək potensiala sahib olan şərq-qərb ticarət yolunun mühüm hissəsidir.

Dövlət Departamentindən bildirilib ki, ABŞ Azərbaycanda prioritetlərini irəlilətməyə sadiqdir və bu prioritet sahələr arasında iqtisadi artım da yer alır:

"Azərbaycan bu illər ərzində Avropada və regionda enerji təchizatının diferensiallaşmasında və təhlükəsizliyində mühüm rol oynayır. ABŞ və Azərbaycan dekarbonizasiya səylərini davam etdirdiyinə görə, bərpaolunan enerji və təmiz enerji üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi əməkdaşlıq üçün əlavə imkandır".

Məsələ ilə bağlı politoloq Xaqani Cəfərli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, ABŞ Rusiyanı qlobal dünyadan təcrid edəcək layihələrin həyata keçməsinə çalışır:

“ABŞ üçün Şərq-Qərb marşrutu və digər logistik marşrutlar ona görə önəmlidir ki, bu marşrutlar Rusiyadan yan keçəcək və dünya iqtisadiyyatının əsas logistikasını təşkil edəcək.

Son zamanlar bir neçə təşəbbüs ətrafında ciddi fikir mübadiləsi aparılır. Bu günə qədər ABŞ və Avropa ölkələrinin Mərkəzi Asiya və Uzaq Şərqə çıxışı Rusiya üzərindən həyata keçib.

Bu gün isə Rusiyadan yan keçməklə Avropanı Mərkəzi Asiya və Uzaq Şərq ilə birləşdirən marşrut xəttinin reallaşması istiqamətində mühüm işlər görülür. Qərb bu təşəbbüsün reallaşmasında maraqlıdır.
Bununla yanaşı, ABŞ digər marşrut xətti – Hindistan-BƏƏ-Səudiyyə Ərəbistan-İsrail-Avropa marşrut xətti ilə bağlı təşəbbüsü də dəstəkləyir. Bu layihə də Vaşinqton üçün önəmlidir.

Həm Şərq-Qərb marşrutu, həm də Hind okeanın üzərindən keçən dəhliz Rusiyanın qlobal iqtisadiyyatdan təcrid olunmasına istiqamətlənib. Vaşinqton hər iki layihənin baş tutması üçün əlindən gələni edəcək”.

Politoloqun sözlərinə görə, Azərbaycan ABŞ-ın regionda əvəzolunmaz və etibarlı tərəfdaşıdır:

“İstər enerji təhlükəsizliyi, istərsə hərbi-siyasi strategiya, istərsə də logistik xətlərin reallaşması məsələsində Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşı hesab olunur. Bildirim ki, bəzi məsələlərdə isə Bakı ilə Vaşinqtonun mövqeyi üst-üstə düşmür. Ancaq Bakı və Vaşinqton bu kimi məsələlərdə əməkdaşlıq edə bilərlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.