Hanter Baydenin məhkəməsində münsiflər ona silah satan satıcının ifadəsini dinləyiblər
8-06-2024, 12:14
Hanter Baydenin cinayət məhkəməsindəki münsiflər cümə axşamı ona 0.38 kalibrli Kolt revolverini satan silah mağazası satıcısının ifadəsini dinləyib.
Satıcı çərşənbə günü verdiyi ifadədə bildirib ki, o, Prezident Co Baydenin oğlunun “marixuana, stimulantlar, narkotiklər və ya hər hansı digər maddələrin qeyri-qanuni istifadəçisi və ya aludəçisi” olduğuna dair suala “xeyr” cavabını yazdığını görüb.
Federal ittihamçılar Hanter Baydenin silahı aldığı zaman kokain aludəçisi olduğunu iddia edib və onu sənəddə yalan danışmaqda ittiham ediblər. Ona qarşı üç ittiham irəli sürülüb: federal lisenziyası olan silah satıcısına yalan demək, narkotik maddə istifadəçisi olmadığını bildirərək, ərizədə yalan bəyan vermək və 11 gün ərzində qanunsuz şəkildə silaha sahib olmaq.
Demokrat prezidentin oğlu cümə axşamı məhkəməyə qolunun altında “Gözəl Şeylər” adlı memuarı ilə gəlib. İttihamçılar onun 2021-ci ildə narkotik maddələrdən istifadəni buraxdıqdan sonra yazdığı kitaba çox istinad edirlər. Belə ki, onlar münsiflər məhkəməsinə onun qardaşı Bonun 2015-ci ildə ölümündən sonra narkotik maddə və spirtli içkilərə qurşandığını təfərrüatı ilə danışdığı səs yazılarını dinlədiblər.
Təqsirsiz olduğunu bildirən Hanter Bayden deyib ki, Ədliyyə Departamenti Respublikaçılar tərəfindən siyasi təzyiqə boyun əyir və o, nahaq yerə hədəf alınır.
Münsiflər məhkəməsinə dəlil olaraq silahın alınması üçün istifadə olunan sənəd, çərşənbə günü isə satın alınan silah göstərilib.
StarQuest Shooters & Survival Supply mağazısında keçmiş satıcı Qordon Klivlend münsiflər məhkəməsinə deyib ki, o, Hanter Baydenin bir neçə silaha baxmasını, nəhayət isə 900 dollarlıq silahı seçməsini və daha sonra sənədi imzalamasını izləyib ki, həmin sənəddə yanlış məlumat təqdim etməyin nəticələri ilə bağlı xəbərdarlıq mövcud olub.
“Aldığı hər şeyə özü qərar verdi,” o, münsiflər məhkəməsinə bildirib.
Təqsirli bilinsə, Hanter Bayden 25 ilədək həbs cəzası ilə üzləşə bilər, amma ilk dəfə təqsirli bilinən şəxslər maksimum cəzanı almırlar və hakimin ona həbs cəzası verib-verməyəcəyi də bəlli deyil.
O həmçinin sentyabrda 1.4 milyon dollar dəyərində vergidən yayınmaq ittihamı ilə məhkəməyə çıxarılacaq.
Konqresdə Respublikaçılar aylardır oğlunun biznes fəaliyyəti səbəbilə Prezident Baydenlə bağlı impiçment təhqiqatının başlamasını istəyirlər. Hələ ki, Respublikaçı qanunvericilər Prezident Baydeni birbaşa səhv hərəkətdə günahalandıracaq dəlil tapmayıblar. Ancaq çərşənbə günü Nümayəndələr Palatası Hanter Bayden və prezidentin qardaşı Ceyms Baydeni təhqiqat çərçivəsində Konqresə yalan bəyanatlar verməkdə ittiham edib.
Məhkəmə Respublikaçıların prezidentliyə gözlənilən namizədi Donald Trampın Nyu Yokr şəhərində 34 ittiham üzrə təqsirli tanınmasından qısa müddət sonraya təsadüf edir. İki məhkəmə işinin bir-birilə əlaqəsi yoxdur, amma onların yaxın zamanlarda baş tutması məhkəmələrin 2024-cü il seçki kampaniyasında mərkəzi rol oynadığını vurğulayır.