Baydenin Normandiya əməliyyatının ildönümündə Ukraynaya mesajı: “Diktatorlar qarşısında təslim ola bilmərik”

8-06-2024, 13:14           
Baydenin Normandiya əməliyyatının ildönümündə Ukraynaya mesajı:
Prezident Bayden müttəfiq qüvvələrin Normandiyada desant əməliyyatının 80-ci ildönümü ilə əlaqədar keçirilən mərasimlərdə iştirak edib. Bayden İkinci Dünya Müharibəsinin ən böyük döyüşlərindən birinin xatirəsinə həsr olunmuş anım mərasimində Rusiyanın təcavüzünə qarşı birliyə çağırıb.

80 il əvvəl 160 000 nəfərlik müttəfiq qüvvələrin ilk dalğası burada Normandiya sahillərinə çıxarıldı. Onların qətiyyətli hücumları nasist Almaniyasının Fransa üzərində təsirini zəiflədərək, İkinci Dünya Müharibəsinin sona çatmasına gətirib çıxardı.

Prezident Co Bayden 9387 ABŞ əsgərinin dəfn olunduğu qəbiristanlığın yaxınlığında çıxış edərək, bu qlobal çağırışların keçmişdə qalmadığını vurğuladı və bu gün Rusiyanın təcavüzünə müqavimət göstərməkdə birliyə çağırdı.

ABŞ prezidenti Co Bayden: “Biz çəkilməyəcəyik. Çünki bunu etsək, Ukrayna təslim ediləcək və iş bununla bitməyəcək. Ukraynanın qonşuları təhdid ediləcək. Bütün Avropa təhdid altında qalacaq. Heç şübhə etməyin, dünyanın avtokratları bizim bu qanunsuz təcavüzün nəzarətsiz qalmasına imkan verib-verməyəcəyimizi görmək üçün Ukraynada nələrin baş verəcəyini yaxından izləyir. Biz buna yol verə bilmərik. Zorbalara təslim olmaq, diktatorlara boyun əymək ağlasığmazdır.”

Mərasimdə diqqət çəkən sayları getdikcə azalan sağ qalan veteranlar idi.

Fransa prezidenti Emmanuel Makron cümə axşamı onlardan hər birinin yaşı 98-dən aşağı olmayan 11 nəfəri Fransanın ən yüksək fəxri adı olan Fəxri Legion ordeni ilə təltif edib.

Fransa prezidenti Emmanuel Makron: “1944-cü ilin yayında siz 20 yaşında, bəlkə də ondan da gənc idiniz. Ailəniz, dostlarınız, nişanlınız, həyat yoldaşınız, bəzən hətta uşaqlarınız var idi. Sizin xəyallarınız, planlarınız, gələcəyiniz var idi. Və səksən il bundan əvvəl hər şeyi arxada qoyub, okeanı keçdiniz və Fransa sahillərinə endiniz. Siz müstəqilliyimiz, azadlığımız üçün hər şeyi geridə buraxdınız və bütün riskləri üzərinizə götürdünüz. Biz bunu unutmayacağıq. Çox sağ olun.”

Hərbi ekspertlər bir vaxtlar gənc olan bu insanların etdiklərinin həyrətamiz olduğunu deyirlər. Bu, tarixdə ən böyük desant əməliyyatı idi.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində baş məsləhətçi Mark Kanzian: “Desant amfibiya əməliyyatları, yəqin ki, bütün hərbi əməliyyatların ən çətinidir, çünki siz döyüş gücünü sıfırdan yaratmalısınız. Başqa sözlə, əməliyyat başlayanda sahildə heç bir döyüş gücünüz yoxdur. Xəndəkdə gizlənən və yəqin ki, sizi gözləyən bir düşmənlə qarşı-qarşıyasınız. Odur ki, siz çox çətin şəraitdə bu döyüş gücünü artırmalı və sonra quruda irəliləməlisiniz.”

Dünya liderləri və görkəmli xadimlər tədbirdə öz minnətdarlıqlarını ifadə etdilər, lakin Fransa xalqı üçün bu, xüsusi bir gündür.

Atlantik Şuranın eksperti Leoni Allard: “Birləşmiş Ştatların müdaxilə etməklə verdiyi töhfənin o vaxt qitənin taleyini nə qədər dəyişdiyini xatırlayın. Və biz yəqin ki, bu gün Rusiyanın Ukraynaya qarşı təcavüzü səbəbindən qitədə müharibənin yenidən başlanması ilə əlaqədar olaraq Avropada üzləşdiyimiz problemlərlə bağlı bu qarşılıqlı fəaliyyətdən öyrəndiyimiz bəzi dərslər üzərində düşünəcəyik”.

Lakin bunun bədəli çox yüksək idi və bir xalqın sahib ola biləcəyi ən böyük sərvətlə - onun cəsur gəncliyi ilə ödənildi.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.