Konstitusiya dilemması: Sülh “var”, sülh “yoxdur”

9-06-2024, 00:02           
Konstitusiya dilemması: Sülh “var”, sülh “yoxdur”
Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə edirmi?

Ermənistan hakimiyyəti daxili siyasi mübarizəyə Azərbaycanı da qarışdırıb və öz vəziyyətini bir az da qəlizləşdirib. Bir neçə gün əvvəl xarici işlər naziri Ararat Mirzoyan müxalifət deputatlarının suallarını cavablandırarkən Ermənistanda konstitusiya islahatlarının Bakının tələblərinə heç bir aidiyyatı olmadığını bildirib. Mirzoyan bəyan edib ki, hər iki ölkənin konstitusiyası hüquqi müstəvidə uzunmüddətli sülhün bərqərar olması üçün problem ola bilməz.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dərhal bu açıqlamaya etiraz etdi. Nazir bildirdi ki, Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik aparmaq cəhdi reallıqdan uzaqdır və qəbuledilməzdir.

İki gün əvvəl isə prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşündə bəyan edib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil.

Prezident vurğulayıb ki, iki ölkənin hərbi potensialını, demoqrafik potensialını, iqtisadi potensialını müqayisə edib sonra Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək intihar etmək deməkdir:

"2020-ci və 2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır. Ona görə də onlar öz ideologiyalarını, cəmiyyətdəki əhvali-ruhiyyəni dəyişməlidirlər. Bu, zaman tələb edir. Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir. Ancaq yenə də demək istəyirəm ki, biz sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması istiqamətində konstruktiv işə sadiqik".

Azərbaycan prezidentinin bəyanatına Ermənistan XİN-dən reaksiya gəlib. Bəyanatda deyilir ki, Ermənistan Respublikasının heç bir qonşusuna, o cümlədən Azərbaycana qarşı ərazi iddiası yoxdur.

"Ermənistan Konstitusiyası və ona edilən dəyişikliklər Ermənistan Respublikasının daxili işidir və biz rəsmi Bakının Ermənistanın daxilindəki müzakirələrə müdaxilə etmək cəhdlərini ölkəmizin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirik ki, bu cür danışıqlar sülh prosesini ləngidir və Azərbaycan rəhbərliyinin sülh əldə edilməsi ilə bağlı səmimiliyini şübhə altına qoyur.

Ermənistan və Azərbaycan arasında bağlanan sülh sazişi aydın şəkildə müəyyən edir ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyırlar və bir-birinə qarşı ərazi iddiaları yoxdur. Sülh sazişinin mətnində həmçinin heç bir tərəfin sülh sazişinə uyğun olaraq götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməyəcəyi haqqında razılaşdırılmış müddəa var.

Sazişin imzalanması və milli prosedurlara uyğun olaraq ratifikasiyası bu prinsipləri qəti şəkildə müəyyən edəcək. Buna uyğun olaraq, hesab edirik ki, tərəflərin bütün narahatlıqlarını aradan qaldırmağın ən aydın və birbaşa yolu məhz Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh səhifəsini açacaq sazişi imzalamaqdır. Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtı çoxdan çatıb və Ermənistan tərəfi növbəti ay ərzində onun yekunlaşdırılması və imzalanması üzərində konstruktiv və intensiv işə hazır olduğunu ifadə edir", - deyə Ermənistan XİN-in bəyanatında bildirilir.

Əvvəlcə, Ermənistan rəhbərliyinin hər iki ölkənin konstitusiyaları arasında paralellik aparması barədə. Nazir A.Mirzoyan bu açıqlamanı konkretləşdirməyib, amma güman ki, Azərbaycan Konstitusiyasının preambulasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında yer alan maddələri nəzərdə tutur.

Həmin maddələr bunlardır:

Maddə 1. 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin.

Maddə 2. Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir.

Maddə 3. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır.

Maddə 4. Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyası bu Konstitusiya Aktının müddəalarına zidd gəlməyən yerlərində qüvvədə qalır.

Beləliklə, Azərbaycan varisi olduğu Xalq Cümhuriyyətinin sərhəd hüdudlarını özünün qanuni ərazisi sayır, sovet işğalı dövründə ərazilərin Ermənistana verilməsi ilə bağlı bütün qərarların qanunsuz olduğunu bəyan edir. Ermənistanı bu barədə gur səslə danışa bilmir, çünki Konstitusiya Aktının müddəaları konkret tarixi faktlara əsaslanır və onlar inkarolunmazdır.

Azərbaycan da məsələni bu şəkildə gündəmə gətirmir, 70 il ərzində baş vermiş reallıqları, o cümlədən SSRİ-nin dağılmasından sonra yaranmış vəziyyəti, o cümlədən, dünyada mövcud olan geosiyasi durumu nəzərə alır. Bu mərhələdə Bakının əsas prioriteti Ermənistanla perspektivdə imzalanacaq sülh müqaviləsinin mübahisəli məqamlardan, boşluqlardan tamamilə azad olmasını, möhkəm dayaqlar üzərində bərqərar olmasıdır. Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı konkret ərazi iddiaları var. Hazırda Ermənistanda hakimiyyəti devirməyə çalışan qüvvələrin əsas şüarı Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi, ümumiyyətlə sülh prosesini əngəlləmək, “itirilmiş” əraziləri geri qaytarmaqdır. Bu prosesə kifayət qədər ciddi qüvvələr – kilsə, diasporun bir hissəsi və Rusiyadan dəstəklənən müxalif siyasi qüvvələr dəstək verir. Beləliklə, cəmiyyət iki qütbə bölünüb və bu gün onların nisbəti Ermənistanda siyasi vəziyyəti dəyişmək üçün yetərli olmasa da, perspektivdə vəziyyətin necə olacağını proqnozlaşdırmaq mümkün deyil. Azərbaycan İrəvandakı prosesləri diqqətlə izləyir və sülh prosesinə həddindən artıq ehtiyatla və diqqətlə yanaşır, onu daxildən qaynaqlanan zəhərli amillərdən sığortalamağa çalışır. Bu istiqamətdə əsas tədbirlərdən biri revanşistlər üçün komfort hüquqi düzənin dəyişdirilməsidir.

Ermənistan XİN-in bəyanatında qeyd olunur ki, hazırda müzakirə olunan sülh sazişinin mətnində “heç bir tərəfin sülh sazişinə uyğun olaraq götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməyəcəyi haqqında razılaşdırılmış müddəa var”. Yəni konstitusiyada nə yazılmasından asılı olmayaraq, sülh sazişinin müddəaları əsasdır və o gələcəkdə hansısa mübahisələrə yol açmağa imkan vermir.

Amma bu, heç də tutarlı arqument deyil. Məlumdur ki, bütün ölkələrin konstitusiyaları beynəlxalq konvensiyalardan, müqavilələrdən üstün sənəd sayılır. Bu barədə elə Ermənistan Konstitusiyasında da açıq yazılıb. Sabah revanşistlər hakimiyyətə qayıtsa, bu müddəanı tətbiq edərək, Azərbaycanla imzalanmış sülh sazişini etibarsız elan edə bilərlər. O zaman vəziyyət necə olacaq? Əlbəttə, yenidən müharibə şəraiti, bölgəyə xarici oyunçuların müdaxiləsi, insan itkilər qaçılmazdır. Bu, Azərbaycana lazım deyil, Ermənistan da bu durumdan çox böyük zərər çəkəcək. Rəsmi Bakı əslində qarşı tərəfi də pis perspektivdən xilas etməyə çalışır. İrəvan rəsmiləri isə bunu Azərbaycanın onların daxili işlərinə müdaxilə kimi qiymətləndirirlər. Bu məsələni də aydınlaşdırmağa ehtiyac var.

Hazırda Baqrat Qalstanyan və ona dəstək verən siyasi qüvvələr Paşinyan hakimiyyətini Bakının tələblərinə boyun əyməkdə, təslimçilikdə ittiham edirlər. Qeyd olunur ki, Baş nazir Nikol Paşinyanın gündəmə gətirdiyi konstitusiya dəyişikliyi də Azərbaycan hakimiyyətinin sifarişidir. Müxalifət iddia edir ki, Bakı bununla kifayətlənməyəcək, Ermənistanın kapitulyasiyası təmin olunana qədər şərtlərini diktə etməkdə davam edəcək.

Paşinyan komandası isə bəyan edir ki, ümumiyyətlə xəyali Ermənistandan real Ermənistana keçmək, onun milli təhlükəsizliyini təmin etmək üçün əsas işlərdən biri yeni konstitusiyanın qəbul olunmasıdır. Yeni qanunda potensial təhdid mənbəyi olan Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları çıxarılacaq, dövlət atributları dəyişdiriləcək, kilsənin imtiyazları məhdudlaşdırılacaq, Rusiyanın imperiya maraqlarına xidmət edən maddələr silinəcək, ölkənin Avro-Atlantik məkana inteqrasiya kursu dövlətin strateji hədəfi elan olunacaq.

Ermənistan hökumətinin bu niyyəti Azərbaycanın maraqlarına uyğundur. Artıq Paşinyan hökuməti daxili siyasi mübarizədə növbəti dəfə qalib gəlib, cəmiyyətin verdiyi kart-balanşdan istifadə edərək konstitusiya islahatlarına gedə bilər. Amma görünən odur ki, Ermənistan XİN yanlış olaraq Azərbaycanı qıcıqlandıran bəyanatlar verir, onu öz daxili siyasi böhranına çəkməyə, müxalifətin arqumentlərini vurmağa çalışır. Bu, səhv yanaşmadır, Paşiynanın yanvarın 19-da dediyi kimi yeni konstitusiya Ermənistana hava-su kimi lazımdır. Çünki bunu etmədən ölkənin milli təhlükəsizliyini qorumaq, sərhədlərini çəkmək mümkün olmayacaq. Erməni rəsmiləri bu aralar Azərbaycanın Müstəqillik Haqqında Konstitusiya Aktını, hansı ki, ölkə Konstitusiyası bilavasitə ona istinad edir, yaxşı-yaxşı oxuyub, vəziyyəti yenidən dəyərləndirsinlər.
Turqut
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.