Bayramın gətirdiyi bahalaşma, yoxsa... - Azərbaycanda ətin qiyməti Avropa səviyyəsindədir

9-06-2024, 07:44           
Bayramın gətirdiyi bahalaşma, yoxsa... -
İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bayramla əlaqədar olaraq ət və ət məhsullarının qiymətində artım müşahidə olunur. Diqqət yetirsək, əvvəlki illərdə də belə olub: Qurban bayramı ərəfəsində ətin qiyməti qalxır, bayramdan sonra da düşmür. Bir çoxları düşünürlər ki, bu il də bayram ərəfəsində ətin qiyməti qalxdıqdan sonra daha əvvəlki vəziyyətinə qayıtmayacaq. Bu ehtimallar nə dərəcədə əsaslıdır?

“Son iki həftəyə qədər kiloqramı 18 manat idi”

Qəssab Səbuhi Hüseynovun sözlərinə görə, bazarda ətin qiymətində artım müşahidə edilsə də, bu, davamlı olmayacaq: “Hazırda mal ətinin bir kiloqramı 14 -14,5 manatdır. Diri quzunun qiyməti bir kiloqram üçün 18-19 manatdır. 13-15 kiloqramlıq quzuların kiloqramı 19-20 manata təklif edilir. Son iki həftədə Qurban bayramı ilə əlaqədar bazarlarda cüzi də olsa bahalaşma müşahidə edilir. Amma ətin qiymətinin qalxdığı səviyyədə qalacağını düşünmürəm. Qoyun ətinin qiymətləri 18 manat ətrafında qalacaq. Çünki hər il bayram ərəfələrində qiymətlərdə maksimum 1-2 manat fərq yaranır. Son iki həftəyə qədər qiymət bir kiloqram üçün 18 manat idi”.

Qəssab qeyd etdi ki, hazırda insanların alıcılıq qüvvəsi azdır. Havalar da isindiyi üçün insanlar ətdən daha az istifadə edirlər.

Ən yaxşı zaman məhz bayram ərəfələridir

İqtisadçı Rauf Qarayevin fikrincə, Azərbaycandakı qəssablar ətin qiymətini artırmaq üçün bayramları gözləyirlər: “Ətin qiymətinin artımını Qurban bayramı və digər bayram ərəfələrində müşahidə edirik. Qəssablar bunu onunla əlaqələndirirlər ki, bayram ərəfələrində ətə daha çox tələb yaranır. Yəni burada tələb və təklif faktoru öz sözünü söyləyir. Tələb çox, təklif az olduğu üçün cüzi də olsa qiymət artımları yaşanır. Həmçinin qəssablar inflyasiyanı nəzərə alaraq bu üsuldan istifadə edirlər. Çünki digər günlərdə qiyməti rahat şəkildə artıra bilmirlər. Bu baxımdan qiymətlərin artırılması üçün ən yaxşısı zaman məhz bayram ərəfələridir”.

“İnsanlar artıq qiymət artımına normal yanaşırlar”

R.Qarayev bildirdi ki, alıcılar da bayramlar ərəfəsindəki qiymət artımını və sonradan qiymətlərin əvvəlki səviyyəyə qayıtmamasını normal qəbul edirlər: “İnsanlar da düşünürlər ki, qiymətlər qalxırsa, yəqin bundan sonra da bu şəkildə davam edəcək. Çünki dəfələrlə müşahidə etmişik ki, bayramqabağı qiymətlər qalxdıqda bir daha eniş müşahidə olunmur. Bu, çox az hallarda baş verir. Qeyd etdiyimiz məqam əsasən ət məhsullarına aiddir. Çünki kənd təsərrüfatı məhsullarının qiyməti mövsüm üzrə dəyişir. İnsanlar da artıq psixoloji olaraq artımlara hazır olurlar. Bu tendensiya uzun müddətdir davam edir”.

İqtisadçı qiymət artımı tələsinə düşməmək üçün edə biləcəklərimizdən də bəhs etdi: “Elə etməliyik ki, ətin qiymətinin dəyişməsi büdcəmizə heç bir halda təsir etməsin. O səbəbdən alternativ variantlar düşünməliyik. Mal və ya qoyun ətini başqa məhsullarla əvəz etməliyik. Bu zaman tələbat gözlənilən qədər olmadığı üçün qiyməti artıra bilməyəcəklər. Belə edə bilsək, qəssablar da qiyməti qaldırmağa tərəddüd edəcəklər. Düşünəcəklər ki, alıcılıq səviyyəsi daha da aşağı düşməsin”.

“Qiymətlər Avropa ölkələri səviyyəsindədir”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkəmizdə ətin qiyməti onsuz da kifayət qədər yüksəkdir: “Qurban bayramında da qiymət qalxdıqdan sonra enməsi bir daha gözlənilmir. Dünya ölkələrində qiymətlər yüksəldikdə ölkəmizə təsir göstərir, amma endikdə isə heç bir təsiri olmur. Hazırda bizdə ətin qiyməti Avropa ölkələri ilə bərabər səviyyədədir. Amma bir fərq var ki, o ölkələrdə insanlar ətin müxtəlif hissələrini fərqli qiymətə alırlar. Azərbaycanda isə hamısına vahid və yuxarı qiymət təyin olunub. Bayramlar da bazar üçün bir fürsətdir”.

“Xaricdən ət idxalını artırmalıyıq”

E.Hüseynovun fikrincə, qiymət artımına təsir edən amillər aradan qalxmadıqca, enmələr baş verməyəcək: “Qiymətə təsir edən başqa amillər də var. Əhalinin heyvandarlıqla məşğul olmaması, heyvandarlıq təsərrüfatlarının böyük fermalarda cəmləşməsi, fərdi heyvandarlığın get-gedə azalması bu səbəblərdəndir. Heyvan yemləri son illərdə iki dəfəyə qədər bahalaşıb. Otlaq yerlərinin məhv edilməsi də təsir edən faktorlardandır. Həmçinin heyvandarlıqla məşğul olan şəxslərin məhsulunu birbaşa bazara çıxarması mümkün deyil. Alverçilər olmadan qəssablar heyvan ala bilmirlər. Beləliklə, qiymət artan templə davam edir və ardı gələcək. Bazarda bolluq yaratmaq üçün xaricdən ət idxalını artırmalıyıq. Yerli fermerləri də təşviq etmək lazımdır. Bunlar olarsa, ətin qiymətində enmələr müşahidə edilə bilər”. ("Kaspi" qəzeti)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.