Orta aylıq əməkhaqqı 900 manat olacaq? - "Hələ kələm yeyirik, elə bilirik…"
9-06-2024, 09:37
“İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980 manat göstərilib.
Dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə, bu göstəricinin 990 manat olacağı proqnozlaşdırılır”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin iyunun 7-də keçirilən plenar iclasında deyib.
Qeyd edək ki, bu gün ölkədə yüksək əməkhaqqı alan vətəndaşlarla yanaşı minimum əməkhaqqı alanlar da var. Yüksək maaş alan işçilərin bir çoxu dövlət müəssisələri və müvafiq şirkətlərdə çalışanlar hesab edilir.
Ümumiyyətlə, orta aylıq əməkhaqqının cari ildə 990 manata olacağı nə dərəcədə realdır?
İqtisadçı-ekspert Akif Nəsirli "Cebhe.info"-ya bildirib ki, Azərbaycanda ümumi orta aylıq əməkhaqqı doğurdan da bu ilin sonunadək 1000 manata yaxın ola bilər:
"Artıq Bakı şəhəri və onun ətraf qəsəbələrində, Abşeron yarımadasında ümumiyyətlə, orta aylıq əməkhaqqı 1200 manata yaxınlaşır. Ancaq məsələ burasındadır ki, orta aylıq əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər mübahisə doğurur.
Belə ki, orta aylıq əməkhaqqını hesablayanda ən çox və ən az əməkhaqqı alan arasında böyük fərq varsa, demək bunun hesablama qaydası, iqtisadi göstəricinin əhəmiyyəti aşağı düşür. Yəni, ən çox əməkhaqqı alanla ən az alan arasında 10-15 dəfədən artıq fərq varsa, bu halda orta aylıq əməkhaqqının hesablanması əhəmiyyətini itirir.
Onların məntiqinə görə, əməkhaqqı köhnə lətifədəki kimi hesablanır - "Biz kələm yeyirik, məmurlar isə ət yeyir, orta hesabla biz dolma yeyirik”. Əslində isə bizim dolmadan xəbərimiz yoxdur, yediyimiz kələmdir. Bu təzadı aradan qaldırmaqdan ötrü iqtisadi nəzəriyyətinin başqa bir elementi var.
Həmin element median əməkhaqqından ibarətdir. Median əməkhaqqı nədir? Orta aylıq əməkhaqqı, ümumi əməkhaqqı alanların siyahısı tutulur. Onların aldığı maaş tapılır. Bu maaşların hamısı toplanır və saya bölünür. Yəni ortalama hədd götürülür.
Ancaq median əməkhaqqıda siyahı azalan, yaxud çoxalan xəttlə yığılır və ən yuxarıda ən az əməkhaqqı alan, aşağıda ən çox əməkhaqqı alan olur. Bu işçilərin 50 faizinin ən az əməkhaqqı alanlarını götürürlər.
Siyahıda artan xətlə, azdan çoxa doğru sıralanmış siyahıda, məsələn, 5 milyon işçi varsa, onların 50 faizinin orta aylıq əməkhaqqı çıxarılır. Əgər biri 345 manat əməkhaqqı alırsa, ən çox alan 35-40 min manat alır və bu, böyük fərqdir. Az qala min dəfə fərq var. Belə halda median əməkhaqqı istisadi nəzəriyyəyə görə, işə düşür. Yəni aşağı maaş alanların orta əməkhaqqı çıxır.
Hökumət həmin median əməkhaqqının artırılması ilə məşğul olur. Ümumi orta aylıq əməkhaqqı məfhumu arxa plana keçir. Əgər biz 990 manatdan danışırıqsa, Azərbaycanda median əməkhaqqı uzaqbaşı 450-500 manat olar. Bu gün 1000 manat əməkhaqqı alanın maaşını artırmağa o qədər də ciddi ehtiyac yoxdur. Ciddi ehtiyac, median əməkhaqqını əhatə edən və oradakı orta aylıq əməkhaqqını artırmaq məsələsi aktuallaşır. Burada real problem ortada olur.
Azərbaycanda da həmin vəziyyətdir. Məsələn, SOCAR-da elə işçilər var ki, 30-50 min manat əməkhaqqı alır. Ancaq ölkədə böyük əksəriyyət 345 manat minimum əməkhaqqı alır.
Ondan bir qədər az insan 500-700 manat maaş alır. Yəni bu median əməkhaqqı hansı sərhəddi əhatə edəcəksə, hökumət o işçilərin maaşının artırılması ilə məşğul olmalıdır. Belə ki, hökumətin hədəfi dəyişməlidir. Median əməkhaqqı işə düşməklə hökumətin iqtisadi idarəetmədə hədəfi dəyişir, bu yeni hədəf real problemi ortaya qoyur və bunun aradan qaldırılması yolları axtarılır.
Bu daha məqsədəuyğun işdir, nəinki orta aylıq əməkhaqqı ilə fəxr edək. Median əməkhaqqı 500 manatdan yuxarı deyil. Bu rəqəmi dəqiqləşdirməklə, median əməkhaqqının artıırlması ilə bağlı tədbirlər görülməlidir".