Azərbaycanlı bankirlərin hədsiz ambisiyaları
9-06-2024, 11:02
Bakı üfüqü yeni memarlıq möcüzəsini qəbul etməyə hazırlaşdıqca, bu cür ekstravaqant investisiyaların zəruriliyi və müddətilə bağlı suallar yaranır. Hazırda H.Əliyev prospektində tikilən Azərbaycan Mərkəzi Bankının 37 mərtəbəli binasının tikintisinin bu il başa çatdırılması planlaşdırılır. 2021-ci ildə Türkiyənin Tekfen Holding inşaat firması tərəfindən başlanmış layihənin ümumi smeta dəyəri 637 milyon manat (375 milyon dollar) təşkil edib. Bu başdöndürücü rəqəm belə bir binanın niyə zəruri hesab edildiyini düşünməyə vadar edir , xüsusilə, bankın hazırkı 16 mərtəbəli mənzil-qərargahının 1998-ci ildə 30 milyon dollara inşa edildiyini nəzərə alsaq.
Mərkəzi Bank yeni binanın inşasını illər ərzində öz fəaliyyətinin və işçi ştatının əhəmiyyətli dərəcədə genişlənməsilə əsaslandırır. Əvvəlcə 200 əməkdaş üçün nəzərdə tutulmuş mənzil-qərargah bankın fəaliyyəti şaxələndikcə və işçilərin sayı artdıqca yerləşmə üçün yararsız olub. 1 iyun 2024-cü ildəki vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,7137 milyard dollar təşkil edir. Onların fikrincə, bu cür əhəmiyyətli ehtiyatları idarə etmək üçün daha böyük və müasir inzibati bina lazımdır.
Hündürlüyü 160 metrə yaxın və sahəsi 67 926 kvadratmetr olan yeni göydələn Bakının görkəmli məkanına çevrilməlidir. Lakin 375 milyon dollarlıq qiymət öz əsaslılığı, xüsusən digər ölkələrin mərkəzi banklarının daha sadə imkanları ilə müqayisədə mübahisəlidir.
Məsələn, 2023-cü il martın 1-i üçün 574,2 milyard dollar valyuta ehtiyatı olan Rusiya Mərkəzi Bankı Moskvada tarixi ikimərtəbəli malikanədə (1731-ci ildə inşa edilib) fəaliyyət göstərir. Eynilə, 1913-cü ildə yaradılmış müstəqil federal struktur olan Amerika Birləşmiş Ştatları Federal Ehtiyat Sistemi köhnə üçmərtəbəli binada fəaliyyət göstərir, baxmayaraq ki, 2024-ci il mayda olan vəziyyətə görə, ehtiyat aktivlərin ümumi həcmi 535 milyard dollar təşkil edib.
1 milyard avroluq qiymətli kağızları və 200 milyard dollarlıq qızıl ehtiyatı idarə edən Almaniyanın Mərkəzi Bankı Bundesbankın mənzil-qərargahı 1967 və 1972-ci illər arasında tikilmiş binada yerləşir. Tikinti xərclərinin artması və uzaqdan iş imkanlarının genişlənməsilə Bundesbank 2022-ci ildə daha kompakt yenidənqurma layihəsi seçərək cəmi bir yeni ofis binası ( 5000 kvadratmetrlik) əlavə edib.
Bu böyük iqtisadiyyatlardakı mərkəzi bankların təvazökar imkanları ilə Azərbaycanın ambisiyalı yeni binası arasındakı uyğunsuzluq təəccüb doğurur. 2023-cü ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 73 milyard dollar təşkil edib, Rusiyada 2,5 trilyon dollar, Almaniyada 4,4-4,5 trilyon dollar və ABŞ-da 26,94 trilyon dollar olub. Azərbaycan bu ölkələrin arasında ən kiçik iqtisadiyyata malik olsa da, ən bahalı mərkəzi bank binasını tikir.
İnzibati binaların əzəmətli olmasına meyl Azərbaycan üçün yeni deyil. Milli su təchizatı operatoru "Azərsu" ASC 2021-ci ildə dəyəri 120 milyon dollar olan göydələnə köçüb, baxmayaraq ki, elə həmin il 551,632 milyon manat xalis zərər barədə hesabat verilib. SOCAR Dövlət Neft Şirkəti Qafqaz regionunda ən hündür olan və neft hasilatının azalması şəraitində 414 milyon dollara başa gələn 42 mərtəbəli SOCAR Tower binasını tutur. İqtisadiyyat Nazirliyinin dəyəri 94 milyon dollar olan yeni 33 mərtəbəli mənzil-qərargahının tikintisi iqtisadi tənəzzül dövründə, ilin əvvəlindən ÜDM-in 4,5% azaldığı dövrdə başa çatıb və BVF-nin proqnozlarına görə, azalma davam edəcək.
Bu hadisələr maliyyələşmənin prioritetliyilə - xüsusilə də Azərbaycan əhalisinin sosial göstəricilərinin aşağı olduğu şəraitdə - bağlı narahatlıq doğurur. İnzibati binalara səxavətli xərcləmələr bu binalarda yerləşən sahələrin üzləşdikləri iqtisadi reallıqlarla uyğun gəlmir. Maliyyə məhdudiyyətləri şəraitində belə bahalı binaların tikintisi vəsaitlərin xərclənməsilə bağlı rəhbərliyin prioritetləri və sektorların maliyyə göstəriciləri arasındakı uyğunsuzluğu göstərir. Bəlkə Mərkəzi Bankın yeni binası artım və modernləşməni simvolizə edə bilər, ancaq o da maliyyənin ağıllı idarə edilməsinin və xərclərin iqtisadi reallıqlara uyğunlaşdırılmasının zəruriliyini önə çəkir.
Azərbaycan Mərkəzi Bankının yeni binası 170 metr olacaq. © Photo : Facebook / Azerbaycan Respublikası (https://az.sputniknews.ru/)