Gələcəyimizi relsə salmağa borcluyuq, və ya bu günlərdə olan üç açıqlamanın bir nəticəsi.

10-06-2024, 10:04           
Gələcəyimizi relsə salmağa borcluyuq, və ya bu günlərdə olan üç açıqlamanın bir nəticəsi.
Azərbaycan logistik mərkəzə çevrilməlidir, azalan neft gəlirlərini tranzit ölkə, ticarət mərkəzi olmaqla kompensasiya edə bilərik - hətta etməliyik. Bu mövzuda dəfələrlə yazmışam, danışmışam, bir daha əsas problemlərə diqqət çəkməkdə yarar var - ADY rəhbərliyində təmsil olunan şəxslər zatən ictimai açıq insanlardır, tez-tez publik açıqlamalar verirlər, digər rəsmi qurumlara bu məsələdə örnək ola bilərlər.
ADY-nin İnfrastruktur departamentinin rəhbəri Elçin Zülfüqarov geniş müsahibə verib, sitat: "Aparılan tikinti işlərinə görə qatarların orta sürəti hazırda 25-30 km-saatdan çox deyil. Bu da yüklərin sürətlə daşınmasına əngəl törədir. Cənub istiqamətində isə qatarların maksimal sürəti 80, minimal sürət isə 20 km-saatdır. Biz ölkəboyu daşımaları eyni anda dayandırıb infrastrukturu yeniləyə bilmərik.
Azərbaycan dəmir yolu şəbəkəsinin 63%-i elektrikləşmiş yollar təşkil edir. Təkcə bir məlumatı deyim ki, Abşeron dairəvi dəmir yolu xəttində elektrik sistemi ötən əsrin 20-ci illərində qurulub.
Hazırda departament ümumi uzunluğu 4234 km olan dəmir yolu xətlərinə texniki qulluq həyata keçirir.
ADY-nin 2030-cu ilə kimi nəzərdə tutulmuş Strateji Sənədinə əsasən infrastruktura iri həcmdə sərmayələrin yatırılması, mərhələli şəkildə ölkəboyu infrastrukturun yenilənməsi və rəqəmsallaşması qarşımızda duran əsas tapşırıqlardandır".
Hörmətli Elçin müəllim deyir ki, infrastruktur çox köhnəlib, adam haqlıdır, ölkədə bəzi mütəxəssislər, ekspertlər ADY-də sürətin çox aşağı olduğunu, ölkədaxili istiqamətlərdə sərnişin daşımaların tam açılmadığını deyirlər, amma nəticədən danışırlar, səbəb isə təkdir - ADY-yə böyük həcmli investisilar lazımdır, bu ölkəmiz üçün prioritet, əsas milli proqram olmalıdır. Hər il büdcədən "qəpik-qəpik" ayrılan vəzaitlə sürətli və keyfiyyətli daşımalara keçid çix uzun zaman alacaq. Məmləkətin neftdən kənar pul qazanması üçün elə də çox zamanı yoxdur. Orta Dəhliz, Şərq-Qərb-Şərq, Cənub-Şimal-Cənub istiqamətlərinin çox sərfəli və rəqabətli olması üçün böyük yatırımlar lazımdır. ADY-nin komandası nə qədər yaxşı işləsə də, vəsait çatışmazlığı onlara mane olacaq.
Danışmaq istədiyim 2-ci müsahibəni “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov qurumun kommersiya fəaliyyəti ilə bağlı verib, sitat: "ADY-də həyata keçirilən transformasiya layihəsi çərçivəsində yükdaşımalar üzrə ədalətli, rəqabətqabiliyyətli, maya dəyəri və alternativ nəqliyyat dəhlizləri nəzərə alınmaqla beynəlxalq məsləhətçi şirkəti ilə birgə Tarif Modeli hazırlanıb. Bu modelin dəstəyi ilə agent ekspeditorlar tərəfindən sonuncu istifadəçiyə (“end user”) tətbiq edilən tariflər monitorinq edilə bilər. Ötən ilin əvvəlindən ADY-də qradasiya metodu ilə tarif tətbiqinə də başlanılıb. Bu tətbiq “daha çox yük, daha aşağı tarif” deməkdir. ADY-nin tranzit yükdaşımalarında son üç ilin göstəriciləri üzrə müsbət artım dinamikası müşahidə olunur. Cari ilin beş ayında 7,6 milyon tondan çox yük daşınıb ki, bunun 3,2 milyon tondan çoxu tranzit yüklərin payına düşür. Tranzit yükdaşımada ötən ilin eyni dövrü ilə müqayisədə 9% artım qeydə alınıb. Cari ilin yanvar-may ayları ərzində Çindən cəmi 74 blok qatar göndərilib. İndiyə qədər qəbul edilən 64 blok qatarın 40-da idxal, 24-də isə tranzit yüklər daşınıb. Hazırda 10 blok qatar Çindən Azərbaycan istiqamətində yoldadır".
Bütün bunlar çox yaxşı, elə ADY-nin müsbət fəaliyyətinə görə son bir ildə nəqliyyat sektorunun ÜDM-də payı 5,4%-dən 7,0%-ə yüksəlib. Yəni, qeyri-neft sektorunun bu sahəsində 1 ildə ÜDM-də pay 1,6% artıbsa, deməli bu sahənin böyük potensialı var.
Gələk 3-cü müsahibəyə, qardaş Türkiyənin naziri Abdulkadir Uraloğlu elan etdi ki, Türkiyədən Bolqarıstana ikinci dəmir yolu xətti çəkilir və bu yol tez tamamlanacaq, Orta Dəhliz və BTQ-nin davamı kimi yük daşımaların 35% artmasına səbəb olacaq. Nazir BTQ-yə çox önəm verdiklərini, Orta Dəhliz layihəsinin 21-ci əsrin əsas logistik layihələrindən biri olduğunu qeyd edib, deyib ki, Azərbaycanla bu sahədə çox sıx əməkdaşlıq davam edir və Bolqarıstan da bu layihəyə ciddi maraq göstərir.
Dostlar, bu mövzuya tez-tez müraciət etməyimin səbəbi də budur - ADY-yə böyük vəsait ayrılmalı, yollar təmir olunmalı, sürət və təhlükəsizlik artırılmalıdır. Bu məmləkət üçün böyük qazanc mənbəyi olmaqla yanaşı, siyasi-coğrafi önəmimizi də dəfələrlə artıracaq.
Rəvan yol sabitlik deməkdir, onlarla ölkənin marağında olan yol üzərində dalğalanmalar, münaqişələr də olmaz.
Mən 3 gündür Bolqarıstandayam, burada danışdığım iqtisadçılar, mütəxəssislər də Orta Dəhlizə böyük önəm verirlər, payçı, iştirakçı olmaq istəyirlər, Azərbaycana da çox böyük rəğbət var - bundan istifadə etmək lazımdır. Əgər yaxşı çalışsaq bir gün qatarla Bakıdan Sofiyaya, ordan da Afinaya, bütün Avropaya sərnişin səfərləri də təşkil etmək olar...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.