“Fəaliyyət” sözünü düzgün yaza bilməyənlərin məktəbdəki fəaliyyəti
13-06-2024, 00:04
Son günlər aktual olan mövzulardan biri ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin təkrar sertifikasiya imtahanlarında göstərdiyi nəticələrlə bağlıdır.
Qeyd edək ki, bu il iyun ayının 8-də isə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib.
İmtahanlarda 7 296 müəllim iştirak edib. İlkin nəticələrə əsasən, ölkə üzrə bu il 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. Təhsil İnstitutu sertifikasiya imtahanında istifadə olunmuş test tapşırıqlarını paylaşıb. Həmin test tapşırıqlarına baxdıqda sualların çox asan olduğu, sadəcə müəllimlərin onları cavablandıracaq qədər biliklərinin olmadığının şahidi oluruq.
Məhz belə müəllimlərin tədrisinin nəticəsidir ki, artıq ibtidai sinifdən başlayaraq şagirdlər repetitor yanına getməyə məcbur qalırlar. Bu gün ibtidai sualları cavablandıra bilməyən müəllimlər uzun illər necə tədrislə məşğul olublar?
Təhsil üzrə ekspert Elmin Nuri “Cebhe.info”-ya bildirdi ki, təkrar sertifikasiyada məyusedici nəticə göstərən müəllimlər artıq bir neçə gündür müzakirə olunurlar:
“8 iyunda keçirilən təkrar sertifikasiya prosesinə 7296 müəllim qatılıb və onların yarıdan çoxu- 3909 nəfəri minimal bal göstəricisini, yəni 30 balı toplaya bilməyib.
Böyük ehtimalla onların əmək müqaviləsinə xitam veriləcək. Artıq iki gündür ki, məsələ əsas gündəm mövzusuna çevrilib. Dünən axşam saatlarında Təhsil İnstitutu tərəfindən sertifikasiyada istifadə olunan suallar ictimaiyyətə açıqlandı və bu gündəmin bir qədər güclənməsinə, acı reallığın miqyasının bir qədər də böyüməsinə gətirib çıxardı.
Nəyə görə? Çünki suallar həddindən artıq bəsit, cavablandırılması kifayət qədər sadə olan test tapşırıqları idi. Bununla biz çox acınacaqlı bir mənzərənin şahidi oluruq. Xeyli sayda müəllimin sözlərin yazılış qaydaları ilə bağlı sualları cavabsız qoyması, yaxud yalnış cavablandırması, daha sonra dodaqlanan və dodaqlanmayan saitlərlə bağlı bölgünü belə bilməmələri, həmçinin düzəltmə isimlərlə sadə isimləri bilməmələri bu suallarda üzə çıxdı.
Mən başa düşürəm, müəllim adının, nüfuzunun qorunması hər zaman vacibdir. Bu bizim təhsilimizin adına mütləq olan bir faktordur. Söhbət Azərbaycan müəllimindən gedir və 150 min müəllimin göstəricisi 3909 müəllimin göstəricisi ilə eyniləşdiirlə bilməz. Bunu da anlayırıq. Ancaq onu da anlayırıq ki, 3909 müəllim də suallara biabırçı cavab verib. Burada hansı mərhələlər var? Bir müəllim illərlə bir fənni tədris edir.
Statistikaya əsasən, ikinci dəfə “kəsilən” müəllimlərin böyük əksəriyyəti orta yaş həcmindən yuxarı olan insanlardılar. Demək, onlar illərlə dərs deyiblər. Onlar illərlə Azərbaycan şagirdlərinə dərs deyib, onların gələcəyi ilə bağlı müəyyən təsirlər buraxıblar. Bu şagirdlərin bəziləri indi atadır, anadır və onların cəmiyyətdə öz yerini tuta bilməmələrinə, intellektual bir fərd kimi formlaşa bilməmələrində bu müəllimləri “rolu” var”.
Ekspert bildirib ki, çünki “fəaliyyət” sözünü düzgün yaza bilməyən, 509052 ədədini sözlə düzgün ifadə edə bilməyən bir müəllim intellektual uşaq yetişdirə bilməz:
“İndi də deyirlər ki, müəllimlər üçün İT texnologiya bilikləri kursu keçirilsin, psixoloji hazırlıqla bağlı seminarlar təşkil olunsun, çünki müəllimlərin bir çoxu həyəcanlanıb, gərginlik yaşayıb, ona görə keçə bilməyiblər. Bunu da təşkil etmək olar. Ancaq siz əminsinizmi ki, 3909 müəllimin neçəsə faizi məhz bu səbəblərdən suallara düzgün cavab verə bilməyib?”
Ekspert deyir ki, müxtəlif bəhanələr var, hətta sosial şəbəkələrdə texniki problemlərin olduğunu yazanlar var idi”:
“Hörmətli məllimlər, texniki problemlər var idisə, bu, niyə imtahandan keçə bilən, sualları asanlıqla cavablandırıb müsbət nəticə göstərən müəllimlərə yox, məhz sizə təsir elədi? Bəzi detallar var ki, müəllim adının, nüfuzunun yüksək səviyyədə qorunması üçün biz onu deyə bilmirik.
Buna ehtiyac da yoxdur. Müəllim adı hər şeydən önəmlidir. Bu müəllimlərin gedişiləçox güclü, öz vətəndaşlıq missiyasını həyata keçirən müəllimlərin onları əvəz edəcəyinə inanırıq. Burada qazanan Azərbaycan təhsili, cəmiyyəti olacaq. Bu müəllimlər uzun illər bəlkə də repetitor kimi fəaliyyət göstərib və abituriyent “hazırlaşdırıb” və əlavə gəlir də əldə ediblər. Biz kiminsə gəlirinə qarışa bilmərik.
Ancaq hansı biliklə repetitorluq ediblər? Qalın və incə, dodadaqlanan və dodaqlanmayan saitləri ayırd edə bilməyən, hansısa rəqəmin düzgün deyilişini yaza bilməyən bilikləmi bunları ediblər? Mən həmin sertifikasiya suallarını sosial şəbəkələrdə paylaşanda bəzi müəllimlər yazıb ki, mən bu sualları 3-cü sinifdə oxuyan şagirdlərimə verirəm, cavablandırırlar. Onlara öz həmkarlarının dili ilə cavab verirəm.
Burada nə etməlidirlər? Bu sualın çox qısa cavabı var. Artıq bundan sonra təhsili düşünməliyik. Dövrün reallığını biz də anlayırıq, ancaq qarşıda “nə etməli?” sualı durursa, ancaq təhsilin və məktəbin nüfuzunu gözləməliyik”.