Siyasi qüvvələrin arzusu və ümidi: fərqli seçki gözləntisi - NƏ BAŞ VERİR?
2-07-2024, 00:08
Ötən həftə Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Milli Məclisinin buraxılması və Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, altıncı çağırış parlament buraxılıb və Milli Məclisə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
Qeyd edək ki, iyunun 21-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatları Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış etdilər. YAP bu təşəbbüsü onunla əsaslandırdı ki, noyabr ayında ölkəmizdə COP29 beynəlxalq tədbiri keçiriləcək ki, bu zaman seçkilər keçirmək məqsədəuyğun deyil.
Xatırladaq ki, Azərbaycanda Milli Məclisə seçkilər qanuna uyğun olaraq, bu il noyabr ayının ilk həftəsində keçirilməli idi. Noyabr ayında isə kifayət qədər miqyası olan COP29 tədbiri baş tutacaq.
YAP deputatlarının təşəbbüsü əsasında Milli Məclis buraxılması və növbədənkənar seçki təyin olunması üçün Prezident İlham Əliyevə müraciət qəbul etdi. Prezident Konstitusiya Məhkəməsinə Milli Məclisin buraxılması uyğunluğunun olub-olmaması barədə sorğu ünvanladı və Konstitusiya Məhkəməsi parlamentin buraxılmasının, növbədənkənar seçkilərin təyin edilməsinin uyğun olduğu qərarını çxıardı. Bundan sonra Prezident Milli Məclisin buraxılması və növbədənkənar seçkilər barədə Sərəncam imzaladı.
Ölkəmizdəki siyasi qüvvələr sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində aktiv iştirak etmək niyyətindədirlər. Partiyaların əksəriyyəti artıq deputatlığa namizədləri müəyyənləşdirməkdədirlər, bəzilərinin namizədləri də bəllidir. Siyasi qüvvələr ümid və hesab edirlər ki, bu seçkilər əvvəlkilərdən müsbət mənada fərqlənəcək.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə də bu fikirdə olanlardandır. Partiya rəhbəri AYNA-ya müsahibəsində xatırladıb ki, bundan əvvəlki parlament seçkiləri də növbədənkənar keçirilib:
- O zaman parlamentin buraxılması bununla əsaslandırılmışdı ki, Milli Məclis ölkədə gedən islahatlara adekvat deyil. Seçkilər keçirildi və məlum oldu ki, özünü buraxan parlamentin 125 üzvündən 84-ü yenidən mandat qazandı. Sadəcə 41 yeni deputat seçildi. Hesab edirəm ki, həmin seçkilərdə məqsədə nail olunmadı. Həmin dövrdən ölkədə çox şey dəyişib, böyük hadisələr baş verib. Ən əsası, Azərbaycan 44 günlük müharibədə qalib gəlib və ərazi bütövlüyünü, suverenliyini tam bərpa edib. Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri müstəqilliyimizdən bu yana ilk dəfə bütün ərazilərimizdə baş tutacaq. Düşünürəm ki, bu seçkilər qalib dövlətə layiq bir seçki olmalıdır.
- Qalib dövlətə layiq seçki dedikdə necə bir seçkini nəzərdə tutursunuz?
- Əvvəlki seçkilərdən fərqli bir seçki keçirilməlidir. Siyasi qüvvələrə bərabər seçki şəraiti yaradılmalıdır, mübarizə şəffaf və demokratik olmalıdır. Layiq olan, xalqın seçdiyi şəxslər Milli Məclisə mandat qazanmalıdır. Prezident İlham Əiliyev ilin əvvəlində elan etdi ki, ölkədə yeni dönəm başlayır. Bu yeni dönəmə uyğun seçki keçirilməsi zəruridir. Demokratik təsisatların, partiyaların inkişafı üçün, cəmiyyətdə rolunun artması üçün seçkilərin demokratik, şəffaf keçirilməsi zəruridir. Seçki saxtakarlıqlarına yol verilməməlidir. Pozuntular, saxtakarlıqlar dövlətin beynəlxalq imicinə mənfi təsir göstərir.
- Sizcə, bu seçkilər dediyiniz formada keçiriləcəkmi?
- Ümid edək ki, demokratik seçkilər keçiriləcək. Daha yaxşı olardı ki, seçkilər qarışıq- mojaritar və proporsional sistemlə keçirilsin. Çünki bu zaman siyasi qüvvələrin, partiyaların prosesdə aktivliyi artır. Amma bunun üçün artıq gecdir. Çünki proporsional seçkinin bərpası üçün referendum keçirilməli idi. Amma artıq seçkilər təyin olunub və əvvəlki sistemlə seçkilər keçiriləcək. Hesab edirəm ki, bu sistemlə də ədalətli, demokratik və şəffaf seçkilər keçirilə bilər. Yetər ki, iradə olsun, istək olsun. Düşünürəm ki, bu seçkilər əvvəlkilərdən fərqli olacaq. Çünki Azərbaycanın qalib imici, hazırda tutduğu mövqe, Cənubi Qafqazdakı proseslərin yönünü müəyyənləşdirməsi ədalətli seçkinin keçirilməsini tələb edir. Bunu hökumət bilir və buna uyğun addımlar atacağı gözləniləndir. Partiyaların inkişafı üçün hökumət bir çox addımlar atıb, siyasi qüvvələrlə bağlı yeni qanun qəbul edilib. Bunun davamı kimi siyasi partiyaların parlamentin işində yaxından iştirakına da şərait yaradılması vacibdir.
- Belə iddialar var ki, bu seçkilərlə formalaşacaq parlament “müvəqqəti parlament” olacaq. Bu fikirlə razısınızmı?
- Bir neçə həmkarımız bu fikri səsləndiriblər. Dəqiq proqnoz vermək əlbəttə, çətindir. Amma düşünürəm ki, Ermənistanla sülh sazişinin imzalanması, delimitasiya və demarkasiya prosesinin aparılacağı, bölgədə baş verən bir sıra hallarla bağlı referendumun keçirilməsi ertələndi. Yəqin ki, sülh sazişinin imzalanmasından sonra referendumun keçirilməsi yenidən gündəmə gələcək, idarəetmədə, siyasi konfiqurasiyada ciddi dəyişikliyə ehtiyac yaranacaq. Referendumdan sonra isə yeni parlamentin formalaşması zərurəti meydana çıxacaq. Bu baxımdan, ehtimal olunur ki, bəli, qarşıdan gələn növbətənkənar seçkilərlə formalaşacaq parlament “müvəqqəti parlament” olacaq. Bütün hallarda isə bunu proseslərin gedişi göstərəcək, müəyyən edəcək.
- AMİP bu seçkilərdə hansı formada iştirak edəcək?
- Bu il növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gündəmdə idi. Buna görə də, AMİP olaraq hələ fevral ayında seçkilərə hazırlıqla bağlı qərar vermişdik. Bu aylar ərzində müvafiq strukturlarımız seçkilərə hazırlıqları həyata keçiriblər və demək olar ki, proses yekunlaşıb. Sadəcə seçkidə iştirakla bağlı qərar vermək qalıb. Seçkilərdə namizədlərimizlə iştirak edəcəyik və çalışacağıq ki, AMİP Milli Məclisdə daha çox mandata sahib partiya olsun. Bizim partiyada kifayət qədər bacarıqlı, intellektli şəxslər var ki, onların hər biri Milli Məclis üzvü olmağa hazır və layiqdirlər. Bu seçkilərdə namizədləırimizlə iştirak edəcəyik, var gücümüzlə çalışacağıq ki, qələbə qazanaq.