“ŞOYQUNUN KLANI UDUZUB, PATRUŞEV İSƏ...” – Putin öz varisi olaraq kimləri hazırlayır? + FOTOLAR
2-07-2024, 09:28
“Rusiya klanları hakimiyyət uğrunda mübarizə aparırlar”
“Putin nüfuzlu və varlı adamlar arasındakı miskin döyüşləri pərdə arxasından seyr edən hakim rolunda çıxış edir”
Rusiyada keçirilən prezident seçiklərindən sonra Vladimir Putin öz postunu daha da möhkəmləndirmək məqəsədi ilə yuxarı hakimiyyət eşelonunda bəzi yerdəyişmələr aparıb. Siyasi-iqtisadi və sosial xarakterinə görə Rusiya elitası həmişə rəhbərin iradəsinə uyğun formalaşıb. Ölkənin gəlirli təbii resurslarına nəzarət edən Putinin klanlaşmış dostları hakimiyyət və var-dövlət uğrunda bir-biriləri ilə didişməklə yanaşı, gözlərini zilləyib Putinin varisinin kim olacağını da səbirsizliklə gözləyirlər.
“AzPolitika” xəbər verir ki, ABŞ-nin “The Hill” qəzeti “Rusiya klanları Putinin yenilənmiş hökumətində hakimiyyət uğrunda mübarizə aparırlar” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.
Həmin məqaləni təqdim edirik: ”Vladimir Putin beşinci müddətə Rusiya Federasiyasının prezidenti seçildikdən dərhal sonra növbəti illərdəki hakimiyyətini möhkəmləndirmək məqsədi ilə hökumətindəki bəzi yüksək vəzifəli məmurlar arasında yerdəyişmələr apardı. Ən nəzərəçarpacaq dəyişiklik isə Müdafiə Nazirliyində baş verdi. Keçmiş Müdafiə naziri Sergey Şoyqunu Kremlin uzun müddət iqtisadi planlayıcısı olmuş və bu yaxınlara kimi baş nazirin müavini işləmiş Andrey Belousov əvəz edib. Eyni zamanda, Şoyqunun müavinini və Müdafiə Nazirliyinin bir neçə yüksək vəzifəli zabitini korrupsiya əməllərinə görə həbsə atıblar.
Bəs, Putin bu addımlarla nəyə nail olmağa cəhd edir? Bu, Rusiyanın gələcəyinə necə təsir göstərəcək?
Ümumiyyətlə, yadda saxlamalı beş əsas məqam var.
Birincisi, Ukraynada gedən müharibənin uzanmasına və həm də çox baha başa gəlməsinə baxmayaraq, Putin qələbə qazanmaqla qətiyyətini nümayiş etdirmək istəyir. Bu müharibə onun irsinə çevriləcək. Rusiya büdcəsinin üçdə biri hazırda hərbi xərclərə gedir, Putin tükəndirici müharibədə qalib gəlmək niyyətindədir.
Belousovun qarşısına qoyulan tapşırıq korrupsiyaya yol vermədən hərbi iqtisadiyyatın səmərəli idarə edilməsinə nail olmaqdır. Putinin özü və onun hərbçiləri ilə müşavirləri isə döyüşlərin aparılması taktikası ilə məşğul olacaqlar.
Taleyin kinayəsinə baxın ki, keçən ilin iyununda Rusiya Müdafiə Nazirliyinə qarşı uğursuz qiyam qaldıran mərhum Yevgeni Priqojinin istəkləri nəhayət, yerinə yetirildi. Şoyqu işdən çıxarıldı və onun himayəsi altında orduda talançılıq edənlərin bəziləri həbs olundular.
Putin Aleksey Dyumini Kremlə gətirərək Hərbi Sənaye Kompleksinin idarəetməsini möhkəmləndirib. Əksər analitiklər hesab edirlər ki, Putin Dyumini özünün varisi kimi yetişdirir.
Son səkkiz ildə Tula vilayətinin qubernatoru vəzifəsində çalışan Putinin keçmiş mühafizəçisi Dyumin Rusiya Dövlət Şurasının katibi olacaq. Deməli, belə anlaşılır ki, Putin uzun müddətli perspektivdə Rusiyanın idarə edilməsində həmin instituta böyük səlahiyyətlər verəcək.
İndi Dyumin prezident administrasiyasında müdafiə sənayəsini kurasiya edəcək. O, Putinin DTK-dakı həmkarı və müdafiə ilə bağlı olan “Rostex” konqlomerat şirkətinə rəhbərlik etmiş Sergey Çemezovla birlikdə işləyəcək. Çemezovun işgüzar tərfdaşlarından biri olan Denis Manturov baş nazirin birinci müavini təyin olunub və o, Rusiya hərbi sənayesinə cavabdehlik daşıyacaq.
İkincisi, Müdafiə nazirindən başqa, idarəetmənin digər sferalarında əhəmiyyətli kadr və diqqətçəkən digər dəyişiklikər baş verməyib. Belə görünür ki, Putin iqtisadiyyatı idarə edənlərlə, təhlükəsizlik xidməti və xarici siyasətlə razıdır. Kremldəki əsas idarələrin rəhbərləri öz yerlərində qalıblar və onların içərisində Putinin daxili siyasətini kurasiya edən prezident administrasiyası rəhbərinin birinci müvaini Sergey Kirienko da var.
Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevin Şoyqu ilə əvəzlənməsindən başqa, Putinin əsas müşavirləri Kremldəki yerlərində qalıblar.
Xüsusilə qeyd etmək lazımdır ki, Putin ölkənin iqtisadiyyatının idarə olunması üsulunu dəyişmək fikrində deyil və ona görə də Baş nazir Mixail Mişustin öz vəzfəsində saxlanılıb. O, müharibə dövründə Rusiyanın makroqitisadi gəmisinin üzməsinə yön verən komanda ilə işləməkdə davam edəcək.
2011-ci ildən Maliyyə naziri işləyən Anton Siluanov və Mərkəzi Bankın rəhbəri Elvira Nabiulina öz işlərinin başında olacaqlar.
Bu komanda Qərbin sanksiylarına, sistemdəki müxtəlif problemlərə və inflyasiyanın təzyiqlərinə baxmayaraq, “qara günlər” üçün yığılmış fondun sayəsində Rusiyanı iqtisadi kollapsdan qurtarmağı bacarıb.
Üçüncüsü, Putin nazirliklərin və dövlət orqanlarının idarə olunmasında gənc siyasətçilərə və texnokratlara böyük imkanlar verir. Buraya Moskvadakı federal bürokratiyada çalışmağa gətirilmiş beş keçmiş regional qubernatoru və Putinin əski himayədarlarının oğlanları daxildir.
“Knyazlar” siyahısında Patruşevin oğlu Dmitri də var və o, kənd təsərrüfatı nazirindən baş nazirin kənd təsərrüfatı üzrə müavini vəzfəsinə yüksəldilib.
Putinin bəlkə də ən yaxın dostu Yuri Kovalçukun oğlu Boris Kovalçuk isə Hesablama Palatasının sədri təyin olunub.
Dördüncüsü, Putin Rusiyadakı hakimiyyət sükanını əlində saxlayan müxtəlif klanlar arasında balans yaratmaqda davam edir. Bu klanlara Putinə yaxın olan və dövlət aktivlərinə əli çatan adamlar rəhbərlik edirlər. Həmin adamlar bu aktivləri özlərinin himayədarlıq etdiyi şəbəkələr və müştərilər arasında bölərək hakimiyyətlərini bərkidirlər. Putin isə nüfuzlu və varlı adamlar arasındakı miskin döyüşləri pərdə arxasından seyr edən hakim rolunda çıxış edir.
Şoyqu klanı son kadr dəyişikliklərində açıq şəkildə uduzdu, Çemezov klanı isə öz təsir imkanlarını bir qədər artırıb. Lakin “Meduza”saytının qeyd etdiyi kimi Çemezov müdafiə nazirliyinə nəzarəti öz ixtiyarına keçirə bilməyib, Putin bunu özünə sadiq qeyri-klan üzvü olan Belousova həvalə edib.
Putinin etibarlı adamı Yuri Kovalçukun oğlunun vəzifəyə təyin olunması və Sergey Kirienkonun təsir imkanlarının qalması Kovalçuk klanının vəziyyətini yaxşılaşdırır. Nikolay Patruşevin vəzifəsi aşağı salınsa da, o, Putinə çıxışı olan müşavir kimi yenə Kremldə qalıb. Yəqin ki, oğlunun baş nazirin müavini vəzifəsinə yüksəldilməsi onun klanına yaxşı kömək edəcək. Şübhəsiz ki, Patruşev işlədiyi təhlükəsizlik orqanlarında nüfuzunu hələ də saxlayır. Rusiya elitasını kənardan izləyənlər üçün hakimiyyət və pul uğrunda gedən daxili mübarizəni anlamaq çətindir. Putin isə bir-birilə real rəqabət aparan klanları ustalıqla idarə edir.
Nəhayət, beçincisi, bütün bunların hamısı Putinin varisliyi haqqında nə deyir?
Hələ ki, təcili nəsə planlaşdırılmır. Görünür, Putin beşinci prezidentlik müddətini tam başa vurmaq niyyətindədir. Onun 2036-cı ilədək hakimiyyətdə qalacağı inandırıcı deyil və ona görə də Putin öz irsini davam etdirə biləcəyinə inandığı gənc liderlər hazırlamaqdadır. Amma bu, Ukraynadakı müharibənin necə getməsindən və müharibənin yaxın illərdə Rusiya iqtisadiyyatına və əhalisinə necə təsir göstərməsindən çox asılıdır.
Dyuminin Tuladan Kremlə qaytarılmasını istisna etməklə, Putinin davranışlarında varisliyin hansı istiqamətdə gedə biləcəyini göstərən əlamətə çox az rast gəlinir. Əgər Putinə bir şey olarsa, onda prezident səlahiyyətlərini 58 yaşlı baş nazir Mişustin icra edəcək və növbədənkənar seçkilər təyin olunacaq.
Prezidentliyi dövründə Putin Rusiyanın gələcək növbəti liderinə hər hansı ipucu verməməyə çalışıb.
Hazırkı klan liderlərinin yaşları 60-70 arasındadır və ümumi yekunda onlar siyasi səhnədən gedəcəklər. Perspektivli siyasətçi və məmurlar 60 yaş ətrafında olanlar və ya daha cavanlarıdır. Dyuminin 51, Mişustinin 58, Kirienkonun 61, Boris Kovalçukun 46, Dmitri Patruşevin 46 və Manturovun 55 yaşı var. Onlardan başqa, özünü liberal islahatçıdan müharibənin sərt tərəfdarına çevirməyə cəhd göstərən Dmitri Medvedevin yaşı 58-dir.
Əlbəttə, Putinin diqqətini çəlb edə biləcək və ya hakimiyyət daxilindəki mübarizədə önə çıxacaq digər şəxslər də ola bilər. Rusiyadakı gələcək liderlik Ukraynadakı müharibənin nəticəsindən də asılıdır”.
V.Nəsibov
“AzPolitika.info”