Şıx ərazisində əhali çirkabın içində üzür - NƏ VAXTA QƏDƏR?
2-07-2024, 16:59
Bu il də Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərlikləri dəniz suyundan götürülən nümunələrin monitorinqinin nəticələrinə görə yararsız hesab olunub.
Çünki həmin nümunələrdə bağırsaq çöpləri həddən artıq çox çıxıb. Sputnik Azərbaycan-ın dəniz suyunda bakteriya aşkarlanan ərazilərdə apardığı araşdırma zamanı məlum olub ki, həmin ərazilərdə çimmək qadağan olunsa da, orada istirahət mərkəzləri pullu xidmət göstərməkdə davam edirlər.
Bu dəfə yolumuzu Şıx çimərliyindən salırıq. Xəzər dənizinin "Şıx" sahil zolağının suyu çimmək üçün yararsız elan olunsa da, çimərlik mövsümü başlayandan insanlar oradan çimərlik kimi istifadə edir. Hətta ərazidə ictimai çimərlik belə yaradılıb. Həmsöhbət olduğumuz sakinlərin çoxu bu ərazidə dəniz suyunda bakteriya aşkarlandığından xəbərsiz olduqlarını bildirsələr də, bu barədə məlumatlı olaraq bura çimməyə üz tutanlar da az deyil.
Bəsti Qasımova adlı Bakı sakini hər mövsüm olduğu kimi, bu mövsüm də çimərlik üçün Şıx ərazisini seçib. O, Lökbatan qəsəbəsində yaşadığını, buranın evinə ən yaxın çimərlik olduğunu söyləyir. Suda bakteriya tapıldığına isə çox da inanmadığını bildirir. Onun qənaətinə görə, Xəzər dənizinin hər tərəfində vəziyyət eynidir.
"Şıx çimərliyində bakteriya var, digərlərində yoxdur? Mənim fikrimcə, bu inandırıcı deyil. Elə ərazilər var ki, orada iribuynuzlu malı kəsib başını dənizə atırlar. Mən buna rast gəlmişəm. Burada suda nəcis görməmişəm. Özüm də, bacım da övladlarımızla hər il bu çimərliyə gəlirik. Hələlik səhhətimizdə bir problem yaranmayıb", - sakin bildirir.
Kəmalə Gün adlı paytaxt sakini də Şıx çimərliyinin evinə ən yaxın çimərlik olduğunu söyləyir. Bildirir ki, ona görə hər dəfə bu çimərliyə gəlir.
O da hələlik övladlarının səhhətində problem yaranmadığını söyləyir:
"Əgər suda bakteriya olsaydı, yəqin ki, uşaqlar da, özümüz də xəstələnərdik. Amma bəzi vaxtlar su çirkli olur. Bütün çimərliklərdə suyun vəziyyəti eynidir. Həm də başqa çarəmiz yoxdur. Evimizə yaxın olduğu üçün bura gəlirik. Əgər suda bakteriya varsa, niyə buraya çətirlər, stol-stullar qoyublar?", - K.Gün bildirib.
Çimərlikdə həmsöhbət olduğumuz digər paytaxt sakinləri də fikirlərşirlər ki, suda bakteriya varsa, bu əraziyə giriş ümumiyyətlə qadağan olunmalıdır.
Nəvəsini çimərliyə gətirən Fikrət Kazımovun qənaətinə görə, suda təhlükəli bakteriya olsa, əhalinin burada çimməsinə icazə verməzlər.
"Siz görürsünüz ki, burada Fövqəladə Hallar Nazirliyinin xilasedici məntəqəsi var. Həm də istirahət mərkəzi fəaliyyət göstərir. Gündən qorunmaq üçün çətirlər, şezlonqlar var. Stol-stullar da qoyulub. Əgər suda mikrob varsa, niyə buraya girişi məhdudlaşdırmayıblar? Hələ qapıda hər maşından 1 manat da alırlar. Mən bu məlumata inanmıram. Su özü-özünü təmizləyir. Əsas odur dənizə neft axıtmasınlar", - Fikrət dayı söyləyib.
"Qağayı" İstirahət Mərkəzinin əməkdaşları isə bu obyektin illərdir ki, burada fəaliyyət göstərdiyini söylədilər. Mərkəzin adının çəkilməsini istəməyən əməkdaşı bildirdi ki, Şıx ərazisində sahildə yerləşən bu obyektin fəaliyyəti üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə alınıb və icarə müqaviləsi bağlanılıb. Hər ay müqaviləyə əsasən icarə haqqı ödənilir. Əhalinin çirkli suda çimməsinə gəlincə, istirahət mərkəzinin əməkdaşı bildirdi ki, onların buna nəzarət etmək səlahiyyətləri yoxdur. İstirahət mərkəzi sadəcə iaşə xidməti göstərir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov isə telefon zənglərimizə cavab vermədi.
Qeyd edək ki, "Qağayı" İstirahət Mərkəzi Şıx ərazisində yerləşən obyektlərdən sadəcə biridir. Sözügedən ərazidə çoxlu sayda balıq evləri, istirahət mərkəzləri, çimərliklər fəaliyyət göstərir. Şıx ərazisində mərkəzləşmiş kanalizasiya xətti olmadığından, sözügedən iaşə obyektlərinin tullantıları birbaşa dənizə axıdılır. Hətta Şıx ərazisində yerləşən evlərin də kanalizasiyasının dənizə axıdıldığı iddia olunur.
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, Şıx ərazisində master plana əsasən çirkab su təmizləyici qurğunun tikintisi və yenidən qurulması nəzərdə tutulub. O, Sahil qəsəbəsindəki mövcud qurğunun rekonstruksiya olunacağını, Lökbatan qəsəbəsində yenisinin inşa ediləcəyini, Türkan və Pirallahıda da yeni qurğuların inşasının nəzərdə tutulduğunu söyləyib. Bildirib ki, kanalizasiya kollektorlarının yaradılması ilə dənizə çirkab suların axıdılmasının qarşısı alınacaq.
Şıx ərazisində balıq evlərinin, eləcə də digər istirahət mərkəzlərinin çirkab suları dənizə axıtmasına gəlincə, Anar Cəbrayıllı bildirib ki, ayrı-ayrı obyektlər özləri modul təmizləyici qurğular quraşdırmalı, çirkablarını təmizləyərək kənarlaşdırmalıdırlar. Bu ərazidə "Azərsu"nun infrastrukturu olmadığından, çirkab suları təmizləmək həmin obyekt sahiblərinin üzərinə düşür. Buna nəzarəti isə Ekologiya və Təbii Sərvətləri Nazirliyi (ETSN) aparmalıdır.
ETSN-dən isə bu məqsədlə reydlər keçirildiyi bildirildi.
Qeyd edək ki, bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə 2024-cü ilin yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Bakı və Sumqayıt şəhərləri, respublikanın Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatının aparılması məqsədilə monitorinqlər keçirilib.
Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb.
Bununla yanaşı, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli monitorinqlər keçirilib.
Qeyd edilib ki, aparılan monitorinqlər zamanı həmin ərazilərdən götürülən dəniz suyu nümunələrinin laborator təhlillərinə əsasən, dəniz suyunun tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.
2024-cü ilin çimərlik mövsümündə dəniz suyunun yüksək bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün təhlükə yarada biləcəyini nəzərə alaraq, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.
Qeyd edək ki, dəniz suyunun laboratoriya müayinələri zamanı sanitariya-kimyəvi (suyun rəngi, qoxusu, üzən qarışıqlar, asılı maddələr, biokimyəvi oksigen tələbatı, neft məhsulları, fenol) və bakterioloji (bağırsaq çöpləri) göstəricilər araşdırılır.
"Hazırda çimərliklərdə dəniz suyunun laborator tədqiqat üsullarından istifadə etməklə nəzarət tədbirləri davam etdirilir. Monitorinqlərin nəticələri barədə ərazi üzrə Bakı şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Baş Polis İdarəsi, Fövqəladə Hallar Nazirliyi, respublikanın ərazi üzrə rayon İcra hakimiyyətlərinə və polis idarələrinə rəsmi məlumatlar göndərilir", - deyə məlumatda vurğulanıb.