TDT iqtisadi, sosial və mədəni, ideoloji standartlarını yüksəltmək üçün Şuşadakı zirvə görüşündən yararlanacaq

3-07-2024, 10:04           
TDT iqtisadi, sosial və mədəni, ideoloji standartlarını yüksəltmək üçün Şuşadakı zirvə görüşündən yararlanacaq
Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşü dünyada baş verən sürətli dəyişikliklərin regional təsirlərinə baxış prizmasından önəmlidir.
İkinci önəmli cəhət zirvə görüşünün Şuşada keçirilməsidir, bu, o deməkdir ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlar “Türk Dünyası 2040” vizyonu üçün əhəmiyyətli istiqamətlər təqdim edir.
Şuşada keçiriləcək sammit Rusiya-Ukrayna, HƏMAS-İsrail müharibələrinin beynəlxalq təhlükəsizlikdə yaratdığı qeyri-müəyyənliklərdə TDT-nin davranış modelləri üçün müzakirələrlə yadda qala bilər.
Çünki TDT dünyada tüğyan edən münaqişələrə baxmayaraq sülh və təhlükəsizlik, əməkdaşlıq modellərinə daha çox yer ayıran təşkilata çevrilib.
Həmin tezisləri Şuşada keçiriləcək sammitlə inkişaf etdirmək TDT-nin gündəliyinə daxildir. Yəni Şuşa zirvəsi TDT-nin regional səviyyədən qlobal miqyaslı ittifaqa çevrilməsi istiqamətinə əlavə stimuldur.
TDT öz proqram və strategiyasını inkişaf etdirməlidir, buna görə isə qlobal dinamikaya əsaslanan ideoloji hab, institusional əməkdaşlıq üçün alternativlər yaratmalıdır.
Bu, o zərurətdən qaynaqlanır ki, dünyada Qərbin təqdim etdiyi dəyər və prinsiplərin çöküşü baş verir. TDT üçün fürsətdir ki, üç güc mərkəzi – NATO-Rusiya və Çin – ilə balanslı dinamikanı saxlamaqla ideoloji cəbhələrdə yaranan boşluqları doldursun.
Hesab edirəm ki, TDT-də təmsilçilik hüququna malik dövlətlərin liderləri görüşlər zamanı bu məsələyə ayrıca vurğular edirlər. İdeoloji çətir üçün ortaq dil, mədəniyyət və siyasi iradə mövcuddur ki, bu da qlobal nizama təsir edə biləcək müştərək ideoloji proqramın yaranması ehtiyacını meydana çıxarır.
Fikrimcə, TDT iqtisadi, sosial və mədəni, ideoloji standartlarını yüksəltmək üçün Şuşadakı zirvə görüşündən yararlanacaq. Bu, qlobal və regional geosiyasi reallıqları dərk edən TDT-nin sülhə, sabitliyə, təhlükəsizliyə nail olmaq şanslarına təkanlar verəcək.
Akshin Karimov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.