KƏRƏM MUSTAFAYEVİN MİLYONLARLA YEYİNTİSİ ORTAYA ÇIXDI – Şok faktlar
22-07-2024, 10:24
Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının (MR) bəzi rayonlarında əkin sahələrini suvarmaq üçün istifadə olunan boru xətlərinin və dəmir yolu relslərinin sökülərək İrana daındığı haqda məlumat vermişdik. Qeyd etmişdik ki, Vasif Talıbovun “xanlığı dönəmində” bir qrup şəxs bu cür qanunsuz yollarla külli miqdarda sərvət toplayıb.
Bu məsələdə yaxın günlərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı vəzifəsindən azad olunan Kərəm Mustafayevin qardaşı Nemət Mustafayevin də adı hallanır. İddia olunur ki, boru xəttini Nemət Mustafayevin göstərişi və hərbi hissənin vəsaiti hesabına doğrayıb daşıyıblar. Burada N.Mustafayevlə yanaşı, polkovnik Əli Əsədov və İran vətəndaşı olan Yusif adlı şəxsin də rolu olub. Məlumata əsasən, sökülən boru xətləri iranlı Yusif vasitəsilə qonşu ölkəyə - İrana aparılaraq, orada satılıb.
Bu gün isə Kərəm Mustafayevin özünün qanunsuz fəaliyyəti ilə bağlı “Hürriyyət”ə şok faktlar daxil olub. Mənbə yazır ki, o, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı vəzifəsində çalışdığı illərdə hərbçilərin ərzaq təminatı sahəsində çox böyük yeyintilər olub. Müxtəlif səbəblərdən adının açıqlanmasını istəməyən hərbçilərdən biri yazır:
“2014-cü ildən bütün bu qanunsuzluqların şahidiyəm. Məsələn, şəxsi heyətə 250 qr əvəzinə, 100 qram ət verilirdi. Zabit, gizir, müddətdən artıq həqiqi xidmət hərbi qulluqçularının ərzağı naryad heyətindən savayı, ümumiyyətlə yeməkxanalara verilmirdi. Əsasən isti aylarda səhərlər isti yemək verilmirdi. Kərə yağının yerinə ucuz əvəzedcilərdən istifadə olunurdu. Beləliklə, gün ərzində təxminən 2000 kq ət, 75 kq kərə yağı, 800 kq müxtəlif növ yarmalar, 3000 kq kartof, 500 kq soğan, 5000 ədəd yumurta və.s ərzaq məhsulları sənədlişdirilərək siyahıdan çıxarılırdı.
2015-ci ilin qışında şəxsi heyət qış geyim forması ilə təmin olunmadı. Hər kəs qış aylarında yay səhra geyimində və barinkasında xidmət apardı.
Postlara MAXE-lər tərəfindən odun yığılıb göndərilsə də, hər il bir hərbi hissənin odun təminatına ayrılan böyük məbləğdə - təxminən 3 milyon manat pul silinirdi”.
Mənbə deyir ki, hərbi şəhərçiklərin təmiri üçün ayrılan pullar da “yeyilib”, əvəzində zabitlərdən pul toplanılaraq təmir işləri aparılıb:
“Hərbi şəhərciklərdə binaların blokları ildə iki dəfə zabitlərdən pul yığılaraq təmir olunurdu. Hərbi hissələrin hərbi şəhərciklərinin pəncərələri plastik pəncərələrlə əvəz olundu, pulları zabit, gizirlərdən yığıldı”.
Məlumata əsasən, K.Mustafayev öz yaxın adamlarına yüksək rütbələr verərək, onları qabağa çəkib:
“Məsələn, əmisi oğlu Xaliq Mustafayevə vaxtından əvvəl polkovnik leytenant hərbi rütbəsi verdirdi, əmr elan olunanda vaxtı çatmış kimi təqdim olundu. Qanunlara zidd olaraq Vasif Talıbovun oğlu Rza Talıbova polkovnik, Seymur Talıbova mayor hərbi rütbəsi verdirdi.
Naxçıvan Daxili Qoşunlarının sabiq komandiri İlkin Əsədovun hərbi rütbəsi iki dəfə aşağı salındı, halbuki qanunla hərbi rütbə yalnız bir pillə aşağı salına bilir. Beləliklə, Kərəm Mustafayev insanları qorxudaraq, ağlından keçən bütün qayda pozuntularını edib.
Əsgər çayxanalarında qiymətlər süni şəkildə baha olub. Tutaq ki, kənarda bir manata olan siqaret əsgər mağazasında iki manata satılıb. Zabit və gizirlərin ərzağının bir hissəsi zabit yeməkxanalarında bişirilərək, onlara baha qiymətə satılıb.
Hərbçilərin 13-cü əmək haqqı, birdəfəlik pul mükafatı verilmir, təxminən 5 milyon manat kəsilirdi. K.Mustafayevin özü də iclasda deyib ki, “5 milyon qənaət etmişik”.
Bundan əlavə, zabit, gizir MAXE heyətinə qanuni şəkildə təyin olunan məzuniyyət haqqı verilmirdi. Müdafiə nazirinin bununla bağlı müvafiq əmri vardı ki, qanuni məzuniyyəti verməyən komandir məsuliyyət daşıyır və qanunu pozan komandir məzuniyyət haqqını öz hesabına ödəməlidir”.
Qeyd edək ki, Kərəm Mustafayevin Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı vəzifəsində çalışdığı dönəmdə baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza informasiyalar daxil olmaqdadır. Növbəti günlərdə daha geni yazını dəyərli oxucularımıza təqdim edəcəyik. Bizi izləyin.
Hurriyyet.az