Ermənistanın silahla doldurulması Cənubi Qafqaza nə vəd edir?

23-08-2024, 17:04           
Ermənistanın silahla doldurulması Cənubi Qafqaza nə vəd edir?
Bütün bu baş verənlər fonunda Rusiya-Ermənistan münasibətlərində gərginlik özünü daha qabarıq göstərir.
Sputnik. Fransanın artilleriya və raketlərinin İran vasitəsilə Ermənistana çatdırıldığı barədə məlumat yayılıb. "Caliber" diplomatik və hərbi mənbələrə istinadən yazır ki, son bir neçə həftə ərzində Fransanın 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistana çatdırılıb. Məlumata görə, SEZAR özüyeriyən artilleriya qurğuları Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilib. Daha sonra İranın "Merac" aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırıb. Əldə edilmiş faktlar göstərir ki, hazırda Ermənistana 12 ədəd SEZAR özüyeriyən artilleriya sistemi çatdırılıb.
Fransa silahlarının Ermənistana çatdırılması yeni ortaya çıxan fakt deyil. Fransa ilə yanaşı Hindistan da öz silahlarıın Ermənistana göndərir. Bütün bu baş verənlər fonunda Rusiya-Ermənistan münasibətlərində gərginlik özünü daha qabarıq göstərir. Əvvəlcə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirir ki, məhz İrəvan Ermənistanın Sünik bölgəsi ilə kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj edir, Moskva isə Ermənistanla Azərbaycan arasında sülhün tezliklə bağlanmasının tərəfdarıdır. Ermənistan təbii ki, bu açıqlamanı qəbuledilməz sayır. Ancaq avqustun 21-də Rusiya XİN sözçüsü Mariya Zaxarova Ermənistan siyasi dairələrini fakt qarşısında qoyur və danışıqlar prosesində Ermənistanın tutduğu mövqeyi açıqlayır.
Cənubi Qafqazın silahla doldurulması yeni müharibə ssenrailərinin işə salına biləcəyini ağıla gətirir.
Bəs regionda yeni müharibənin baş vermə ehtimalı nə qədər realdır?
Mövzu ilə bağlı hərbi məsələlər üzrə ekspert Ramil Məmmədli və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a danışıblar.
Hərbi məsələlər üzrə ekspert Ramil Məmmədli bildirib ki, baş verən hadisələr narahedici məqamlardan biridir, ancaq hesab etmirəm ki, silahlanma hansısa müharibəyə gətirib çıxarsın:
"Təbii ki, şərti sərhəddə lokal xarakterli silahlı qarşıdurmalar ola bilər. Ancaq bəzi dairələrin iddia etdiyi kimi üçüncü Qarabağ müharibəsi iddiası real deyil. Ermənistanın silahlanmasını normal qəbul etmək lazımdır. Burada anormallıq Ermənistana silah satanların həddindən artıq canfəşanlıq nümayiş etdirməsidir. Bu da bölgədə gələcəkdə müəyyən qarşıdurmaların formalaşmasına gətirib çıxara bilər".
Ekspert qeyd edir ki, Fransa və ABŞ verilən silahların nə vaxtsa istifadə olunacağını yaxşı bilir:
"Ermənistan yenidən hərbiləşdirilmiş bölgəyə çevrilir. Azərbaycan 44 günlük müharibədə faktiki olaraq Ermənistan ordusunu tərksilah etmişdi. Müharibədən sonra Ermənistanın yenidən hərbiləşdirilməsi birmənalı olaraq bölgədə müəyyən qarşıdurmaların yaranmasına hesablanıb. Söhbət təkcə bir diviziyon SEZAR-ların Ermənistana verilməsi deyil, ümumi olaraq Ermənistanın silahlanmasında ABŞ, Fransa, Hindistan üçlüyünün canfəşanlıq nümayiş etdirməsidir. Üçlüyün bu addımları atmasının səbəbi isə Azərbaycanın bölgədə sülhü təşviq etməsi, Rusiya və İranla münasibətləri inkişaf etdirməsi ilə bağlıdır".

Ramil Məmmədli bildirir ki, Azərbaycanın Rusiya ilə münasibətləri ABŞ və onun Avropadakı müttəfiqlərini narahat edir: "Bu baxımdan hesab edirəm ki, Azərbaycan səbrli davranmalıdır. Hesab edirəm ki, lazım olan məqamda yenidən Ermənistan ordusunu tərksilah etmək üçün müəyyən addımlar atılacaq".
Politoloq İlyas Hüseynov isə qeyd edir ki, Ermənistan silahlanma yolunu seçərək regional sabitliyi pozmaq niyyətindədir:
"Bu ölkə çox çalışır ki, müxtəlif geosiyasi mərkəzlərdən siyasi, iqtisadi, maliyyə yardımı ilə yanaşı, təhlükəsizlik zəmanəti, eləcə də hərbi-texniki yardım əldə etsin. Təbii ki, bu təhlükəli ssenarilərə zəmin yaradır".

"Ermənistanın silahlanması yeni eskalasiyaya, ola bilsin ki, müharibəyə yol aça bilər. Buna görə də Azərbaycan öz təhlükəsizliyinə ciddi diqqət ayırmalıdır. Ermənistan hansı silahlara üstünlük Azərbaycan ondan da müasir silahları əldə edib. Regionun inkişafı üçün birgə yaşayış, tərəqqi planlaşdırılsa da, Ermənistan gərginliyi bir qədər də artırır. Bu da çox təəssüf doğuran məqamdır. Bu o deməkdir ki, Ermənistan sülh prosesində maraqlı deyil və prosesi sabotaj edir. Cənubi Qafqazda olan dövlətlər, və eləcə də geopolitik güclər də Ermənistanın davranışlarından narahatdır. Bu həm "3+3" formatını pozur, həm də gərginliyin üst mərhələyə daşınmasına xidmət edir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.