Bakıda fərdi qaydada "tibbi xidmət" göstərən maşınlar peyda olub – Səhiyyə Nazirliyi hara baxır? (FOTO)
24-08-2024, 00:02
Bakıda fərdi şəkildə təcili tibbi yardımla məşğul olan şəxslər peyda olub. Onların istifadəsində həmin məqsədlə istifadə edilən xüsusi maşınlar da var.
Bu barədə "Unikal"a vətəndaşlardan məlumat daxil olub.
Bildirilir ki, sözügedən maşınlarla xəstələrə təcili tibbi yardım göstərilir, yaxud ehtiyac duyulduqda onlar hansısa tibb müəssisəsinə çatdırılır. Ən maraqlısı isə budur ki, belə şəxsi "tibbi yardım maşınlarına" xüsusi dövlət nömrə nişanları alınıb, müvafiq işıq və səs siqnalları ilə təmin olunub, üstəlik, həmin maşınlar hər hansı dövlət xəstəxanasına, yaxud özəl klinikaya bağlı deyil.
Məlumatda həmçinin vurğulanır ki, haqqında danışılan maşınlar Azərbaycana bu yaxınlarda gətirilib və Bakı küçələrində günün istənilən vaxtı sərbəst şəkildə hərəkət edirlər.
Qeyd edək ki, əhali dövlət tərəfindən maliyyələşdirilən təcili və təxirəsalınmaz tibbi yardımın səviyyəsindən narazıdır. Vətəndaşlar onların çağırışlarına vaxtında reaksiya verilməməsindən və xəstəyə düzgün tibbi müdaxilə edilməməsindən gileylənirlər. Özəl klinikaların ödənişli təcili və təxirəsalınmaz tibbi yardımı isə əksəriyyətin maddi imkanları ilə üst-üstə düşmür.
Görünür, kimlərsə bu anormal vəziyyətdən faydalanmaq, "orta yol" axtarışına çıxaraq fərdi qaydada və qanunvericiliklə müəyyən edilməyən şəkildə vətəndaşlara öz "təcili və təxirəsalınmaz yardımını" təklif etmək qərarına gəlib. Onların sağlamlığı təhlükə altına düşən vətəndaşların "köməyinə tələsərək" hansı ambulator və ya stasionar tibbi xidmət göstərdiyi isə heyrət doğurur.
Deyilənlər həqiqətəuyğundursa, əlaqədar orqanların, xüsusilə də Səhiyyə Nazirliyinin məsələdən xəbərsizliyi isə ikiqat təəccüblüdür. Belə çıxır ki, nazirlik ölkənin səhiyyə sektoruna nəzarəti tamam itirib və bu sahədə sözün həqiqi mənasında başıpozuqluq hökm sürür. Hətta apteklərdə vətəndaşların qan təzyiqinin, yaxud qan şəkərinin ölçülməsi belə qadağan olunmuşkən ayrı-ayrı şəxslərin təcili və təxirəsalınmaz tibbi yardımı qazanc mənbəyinə çevrilməsinə ad tapmaq, Səhiyyə Nazirliyinin isə bu cür özbaşınalıqlardan bixəbər şəkildə fəaliyyətinə ad vermək mümkün deyil.
Xüsusilə özəl klinikalarda sürücü kimi çalışan şəxslərin bir müddət sonra işdən ayrılaraq bu fəaliyyət sahəsinə yönəlməsi barədə iddialar da var.
"Unikal" ilk baxışdan ağlasığmaz görünən bu iddia ilə bağlı araşdırma aparıb və aidiyyatı qurumlardan münasibət öyrənməyə çalışıb.
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev saytımıza açıqlamasında bildirib ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsi halları aşkarlandığı təqdirdə DYP əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən inzibati xəta haqqıında protokol tərtib edilir və baxılması üçün aidiyyəti üzrə məhkəmə orqanına göndərilir:
"Qeyd edim ki, sözügedən maddənin sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub".
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, belə nəqliyyat vasitələrində xəstələrin daşınması və yaxud bu nəqliyyat vasitələrində tibbi yardımın göstərilməsinə dair konkret faktlar aşkar olunduqda bu barədə aidiyyəti üzrə müraciət olunması tövsiyə olunur:
"Nəqliyyat vasitəsinin Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aid olduğu halda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB), özəl tibb müəssisəsinə aid olduğu halda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə, heç bir quruma aidiyyəti olmadığı halda, həmçinin, yuxarıda qeyd olunan bütün hallarda hüquq mühafizə orqanlarına müraciət olunması vacibdir".
Seymur Əli