Ermənistan hücuma hazırlaşır - Yeni müharibə riski artır

24-08-2024, 00:10           
Ermənistan hücuma hazırlaşır -
Ermənistan Qərb tərəfindən silahlandırılır. Bununla bağlı mediada faktlara əsasən, material dərc edilib. Belə ki, “Caliber.az”ın redaksiyasına daxil olan təsdiqlənmiş diplomatik və hərbi mənbələrə əsasən, son bir neçə həftə ərzində Fransanın 155 mm-lik “Sezar” özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistana çatdırılıb. Məlumata görə, “Sezar” özüyeriyən artilleriya qurğuları Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilib. Daha sonra İranın "Merac" aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırıb. Faktlar göstərir ki, hazırda Ermənistana 12 ədəd “Sezar” özüyeriyən artilleriya sistemi çatdırılıb.

Qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsinin əvvəlində Fransa ordusunun balansında cəmi 76 “Sezar” sistemi olub. Bundan əlavə, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 hava-hava raketləri, "ERYX" tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və "Panzerfaust 3" tank əleyhinə raket sistemləri verilib. Bundan başqa, Ermənistan silahlı qüvvələri Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik "Apilas" reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə təmin edilib.

Xüsusilə Fransanın “R511” və “R530” hava-hava raketləri diqqəti cəlb edir. Ekspertlərin fikrincə, müvafiq modifi­kasiya prosesindən sonra bu raketlər Ermənistana məxsus müasir “Su-30” qırıcı təyyarələrində quraşdırılacaq.

Bu silahların xüsusiyyətləri və silahlandırılmanın məqsədləri barədə AYNA-nın suallarını cavablandıran hərbi ekspert, ehtiyyatda olan polkovnik Şair Ramaldanov deyib ki, Ermənistana tədarük olunan silahlar hücum silahlarıdır:

- Prinsipcə, deməzdim ki, bu silahlar ən yeniləridir. Amma xarakteristikasına baxanda görünən odur ki, hücum silahlarıdır. Məsələn, tank əleyhinə vasitələr var ki, onlar iki min metrdən artıq istifadə olunan raketdən və qurğuda istifadə edilir və hədəfi vurmaq imkanı var. Nəzərə alsaq ki, bu silahlar intensiv şəkildə Ermənistana tədarük edilir, silahlarla paralel şəkildə mütəxəssislər də gətirilir. Həmin mütəxəssislər Ermənistan ordusuna mütəmadi təlimlər keçirlər. Bunlar da o deməkdir ki, qarşı tərəf müharibə hazırlığındadır.

Biz hər zaman erməni hərbçilərinin Rusiya hərbi sisteminə meyilli təlimlər keçdiyini, öyrəndiklərini müşahidə edirdik. Amma indi Fransadan, Hindistandan verilən silahlarla erməni hərbçiləri Qərbyünümlü formalaşır.

Azərbaycanda olan silahlarla Ermənistana verilən silahları müqayisə etsək, demək olar ki, Azərbaycanda olan silahlar onlara tədarük olunan silahlardan gücünə görə heç də dala qalmır. Açığını deyim ki, bizdə olan silahlar bir çox hallarda üstünlük təşkil edir. Arsenalımızda olan silahların növlərini çox da açıqlamaq istəmirəm. Amma məlumdur ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunu ən müasir silahlarla silahlandırmaq prinsipi həyata keçirir. Ona görə də, Ermənistanın silahlandırılmasından qorxmuruq. Sadəcə bununla Ermənistanı revanşa həvəsləndirirlər ki, bu da bölgədə sülhə zərbədir.

- Ermənistan tərəfi silah alınmasını belə izah edir ki, hər bir dövlətin ordusunu gücləndirmək hüququ var və burada qeyri-adi nəsə yoxdur...

- Bəli, hər bir ölkənin öz ordusunu güclü saxlamaq, silah almaq hüququ var və bunu kimsə inkar etmir. Amma Ermənistan Azərbaycana qarşı ərazi iddiası olan ölkədir, revanş hissi hələ də qalmaqda olan ölkədir. Eyni zamanda, Ermənistan silahı almır, hədiyyə kimi ona silah verilir. Bu isə ona silah verən ölkələrin müharibədə, gərginlikdə maraqlı olmasının əlamətidir. Onu da nəzərə almaq lazımdır ki, hələlik sülh sazişi imzalanmayıb və Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Azərbaycana o da məlumdur ki, Ermənistan İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyətinin revanşını almaq niyyətindədir. Bunu sübut edən amil Ermənistanın sülhdən yayınma siyasətidir. Ona görə də Ermənistanın silahlandırılması Azərbaycanın diqqətindən yayına bilməz. Təbii ki, Azərbaycan öz addımlarını atacaq. Bunlardan biri də cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilib. Istər revanşistlər tərəfindən, istər Ermənistanın rəhbərliyi tərəfindən, istərsə də onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana qarşı hansısa təhlükə yaranarsa, lazımi cavab veriləcək. Ona görə də düşünürəm ki, Ermənistana silahların gətirilməsinə Azərbaycanın etirazı yerindədir. Beynəlxalq normalarda belə bir yanaşma var: əgər hansısa ölkəyə daxil olan silahlar təhlükə yaradarsa, hətta üçüncü ölkənin müdaxilə hüququ var. Yəni ki, Azərbaycanın ixtiyarı var ki, təhlükənin qarşısını alsın. Hələlik bu addım Azərbaycan tərəfindən diplomatik şəkildə atılır. Bir müddət əvvəl Ermənistana silahlar Gürcüstan vasitəsilə tədarük olunurdu. O zaman rəsmi Bakı Tiflislə bu məsələni müzakirə etdi, qarşısı alındı. İndi isə İran vasitəsilə silahlar daşınır. Azərbaycan İranla diplomatik danışıqları həyata keçiriləcək.

- Bu silahların Ermənistana yerləşdirilməsi təkcə Azərbaycana qarşı təhlükədir?

- Əlbəttə, yox. Bu, təkcə Azərbaycana qarşı deyil, regiondakı dövlətlərin hər birinə qarşıdır. Bəli, əsas istifadə edilə biləcək ölkə Azərbaycandır. Amma bundan təsirlənən digər qonşu dövlətlər də var. Hansısa ölkəyə hansısa ölkə silah tədarük edirsə, silahını orada yerləşdirirsə, həmin silah tədarük edən ölkə gələcəkdə bölgədə maraqları naminə ondan istifadə məqsədi güdür. Təbii, Ermənistana yerləşdirilən silahlar Türkiyəyə, İrana, Gürcüstana və Rusiyaya qarşı istifadə edilməsi mümkün görünmür. Amma Ermənistan hələ də Azərbaycana qarşı müharibə şəraitindədir, sülh sazişi imzalanmayıb, delimitasiya və demarkasiya edilməyib. Görünən odur ki, Ermənistan açıq şəkildə eskalasiyaya istiqamətləndirilir. Gələcəkdə havadarları Ermənistanı necə silahlandırırlarsa, o silahlardan istifadə göstərişi də verə bilərlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.