Azərbaycan yeni müttəfiq arayışında: - Sırada hansı ölkələr var?

25-08-2024, 00:12           
Azərbaycan yeni müttəfiq arayışında: - Sırada hansı ölkələr var?
Azərbaycan Türk Dövlətləri Təşkilatının beynəlxalq güc mərkəzinə çevrilməsi istiqamətində fəaliyyətini intensivləşdirib.

Bildirək ki, avqustun 22-23-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfər edib.

Səfər çərçivəsində Prezident İlham Əliyev və həmkarı Şövkət Mirzoyev arasında ikitərəfli görüş keçirilib. Görüşün sonunda Azərbaycan və Özbəkistan arasında müxtəli sahələrə aid bir sıra müqavilələr imzalanıb.

İmzalanan sənədlər arasında məhz “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” xüsusi əhəmiyyət kəsb edir. Bu müqavilə ilə rəsmi olaraq Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin əsası qoyulub.

Xatırladaq ki, bundan əvvəl, yəni 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan arasında Azərbaycan-Türkiyə strateji müttəfiqliyin əsasını qoyan müqavilə də imzalanıb. Artıq Azərbaycan Türkiyə ilə yanaşı Özbəkistanla da müttəfiq olub.

Maraqlıdır, Türkiyə və Özbəkistandan sonra Qazaxıstan, Qırğızıstan və Türkmənistanla da belə bir müqavilə imzalana bilərmi? Bütün türk dövlətləri ilə belə bir müqavilənin imzalanması Türk Dövlətləri Təşkilatının beynəlxalq güc mərkəzinə çevrilməsi baxımından nə dərəcədə əhəmiyyətlidir?

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, bu istiqamətdə müəyyən addımlar atılır:

“Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik haqqında müqavilənin imzalanması xüsusi tarixi əhəmiyyət daşıyır. Bu müqavilə ilə Azərbaycan və Özbəkistan rəsmi qaydada müttəfiq ölkələr oldular.

Türkiyədən sonra Azərbaycan ilə Özbəkistan arasında belə bir müqavilənin imzalanması iki baxımdan önəmlidir. Birincisi, Azərbaycan türk dünyasında daha bir müttəfiq qazandı, ikincisi, belə bir müqavilələrin imzalanması Türk Dövlətləri Təşkilatını gələcək dünya nizamında qlobal aktora çevirəcək.

Bu cür münasibətlərin inkişafı türk ölkələri arasında siyasi və iqtisadi inteqrasiya prosesini sürətləndirəcək. Bu da ona gətirib çıxaracaq ki, təxminən 5 milyon kilometr əraziyə və 200 milyon insana, o cümlədən böyük strateji əhəmiyyət kəsb edən coğrafi mövqeyə, texniki imkanlara və enerji resurslarına malik olan türk dünyası qlobal miqyasda söz sahibinə çevriləcək.

Türkiyədən sonra Azərbaycanın Özbəkistanla müttəfiq olması onun göstəricisidir ki, Azərbaycanın xarici siyasətində türk ölkələri ilə münasibətlərin inkişafı və vahid türk dünyası konsepsiyası xüsusi prioritet təşkil edir.

Hesab edirəm ki, növbəti mərhələdə Qazaxıstanla da müttəfiqlik müqaviləsi imzalana bilər. Belə ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər daha da yüksək səviyyədə inkişaf edir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının əsas qurucularındandır.

Azərbaycan və Qazaxıstan çox ciddi məsələlər üzrə birgə layihələr həyata keçirirlər. Bu layihələr arasında Transxəzər qaz kəməri layihəsi üstünlük təşkil edir.

Azərbaycan, həmçinin Qırğızıstanla da yüksək səviyyəli münasibətlər qurub. Qırğızıstanla da belə bir müqavilənin imzalanması mümkündür.

Türkmənistan müəyyən qədər məsafəli diplomatik siyasət yürütsə də, Azərbaycanın Türkmənistanla da normal münasibətləri var.

Bildirim ki, Azərbaycan və Türkmənistan Xəzər dənizində “Dostluq” yatağını birgə istismar edirlər. Əgər Azərbaycan və Türkmənistan ikitərəfli münasibətləri daha da dərinləşdirərsə, hər iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında düşünmək olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.