İkinci Sülh Sammiti harada keçiriləcək?

24-08-2024, 22:36           
İkinci Sülh Sammiti harada keçiriləcək?
Beynəlxalq aləmdə Hindistanın baş naziri Narendra Modinin Ukraynaya səfəri müzakirə olunur. Əslində Modinin ötən ay Rusiyaya səfərindən sonra onun Ukraynaya səfəri aktuallaşmışdı. Çünki Dehli Rusiya-Ukrayna müharibəsində tərəflərdən birinə üstünlük verdiyini göstərmək istəmir.
Hindistanın baş naziri Narendra Modinin Ukraynaya səfəri Polşadan başlayıb. Bu səfərlə Dehli Ukrayna ilə yanaşı Polşanın da təhlükəsizliyinə əhəmiyyət verdiyini göstərib. Çünki Rusiya-Ukrayna müharibəsindən əziyyət çəkən ölkələrdən biri də Polşadır. Narendra Modi və Polşanın baş naziri Donald Tusk sülhə əsaslanan beynəlxalq nizamın qorunmasına qarşılıqlı sadiqliklərini təsdiqləyiblər. Hər iki lider, həmçinin beynəlxalq normalara əsaslanan - sabit və təhlükəsiz qlobal mühitin təşviqində birgə işləmək üçün çoxtərəfli forumlar çərçivəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Narendra Modinin Polşaya səfərinin bir başqa səbəbi Hindistanın baş nazirinin Ukraynaya təhlükəsiz səfərinin məhz Polşadan qatarla Kiyevə keçidində idi. Digər ölkələrin liderləri də Kiyevə Polşa-Ukrayna qatarı vasitəsilə səfər edirlər. Bu, 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Hindistanın baş nazirinin Ukraynaya ilk səfəriydi. Modi Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevdəki müzakirələr zamanı dialoq və diplomatiya yolu ilə hərtərəfli, ədalətli və davamlı sülhə nail olmağın vacibliyini vurğulayıb. Narendra Modi Kiyevdə Ukrayna Milli Tarixi Muzeyində uşaqlara həsr olunmuş multimedia ekspozisiyasını ziyarət edərək Rusiya ilə davam edən müharibənin ən gənc qurbanlarının ölümü ilə bağlı başsağlığı verib. Hindistanın baş naziri münaqişədə həyatını itirmiş uşaqların xatirəsinə sərgilənən ekspozisiyanın onu dərindən təsirləndirdiyini bildirib.
Hindistan Rusiya-Ukrayna müharibəsində neytral mövqe nümayiş etdirsə də, Narendra Modi müharibənin davam etdirilməsinin ölkəsini ciddi narahat etdiyini vurğulamağı unutmayıb. Buna baxmayaraq, Hindistan iyun ayında Cenevrədə keçirilən Ukrayna ilə bağlı Sülh Sammitində yekun bəyanatı imzalamayıb. Dehli bunu Rusiyanın tədbirə dəvət almamasıyla izah edib. Kiyev Dehlinin bəyanata imza atacağına ümid edir. Maraqlıdır ki, Volodimir Zelenski Ukrayna ilə bağlı ikinci Sülh Sammitinin Hindistan paytaxtında keçirilməsini təklif edib. Ancaq Volodimir Zelenski bunun üçün Hindistanın birinci Sülh Sammitinin bəyanatına imza atmasını vacib sayıb. Dehlinin necə qərar verəcəyi indidən söyləmək çətindir. Çünki bəyanata imza atmaqdan əlavə Dehli sammitdə Rusiyanın iştirakına tərəfdardır.
Narendra Modi Kiyevdə əvvəlki açıqlamasını təkrarlayıb: “Ukraynadakı münaqişənin yeganə həlli dialoqdur”. Volodimir Zelenski dialoqun əleyhinə olmadığını, ancaq Moskva ilə dialoqun işğala son qoyması vacibliyini vurğulayıb. Moskva isə əksinə işğalı rəsmiləşdirən dialoqu dəstəkləyir. Zelenski Hindistanın mövcud vəziyyətə təsir edə biləcəyini belə izah edib: “Siz böyük ölkəsiniz və Putini dayandıra bilərsiniz”. Modi buna cavab olaraq “Hindistan heç vaxt neytral olmayıb, biz həmişə sülhün tərəfində olmuşuq” cümləsini işlədib. Modi bu sözlərini Rusiya prezidenti Vladimir Putinə də dediyini bildirib: “Hindistan sülh və tərəqqi yolunda fəal rol oynamağa hazırdır. Biz dövlətlərin ərazi bütövlüklərinə və suverenliklərinə hörmət edirik. Mən Rusiya prezidentinə də açıq şəkildə demişəm ki, heç bir problemin həlli döyüş meydanında tapılmır, həll ancaq danışıqlar, dialoq və diplomatiya yolu ilə mümkündür”.
Hindistanın baş nazirinin Ukraynaya səfəri müharibəyə son qoymasa da, Kiyev bununla ona dəstək verən böyük dövlətlərin sayının artmasına çalışır. Narendra Modinin Kiyevə səfərini şərh edən Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak “İndia Today” nəşrinə müsahibəsində iki ölkə arasında əməkdaşlığın genişlənəcəyinə ümid etdiyini bildirib. Müharibəyə baxmayaraq, Hindistan Ukrayna ilə müxtəlif ortaq layihələri reallaşdırmağı qərar verib.
“Atlas” Araşdırmalar Mərkəzi
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.