İrəvandan Brüsselə “hə”, Moskvaya “yox” cavabı - Bakı isə vasitəçi istəmir
28-08-2024, 07:34
Ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Danışıqlar zamanı Rusiya lideri Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə Azərbaycan-Ermənistan arasında sülh sazişi məsələsinin müzakirəsi barədə Paşinyanı məlumatlandırıb. Bu barədə Kremlin Mətbuat Xidmətinin məlumatında qeyd olunub.
Məlumatlara görə, Putin Paşinyanla telefon danışığı zamanı Bakı ilə İrəvan arasında sülh danışıqları məsələsində Moskvanın yenidən vasitəçilik təşəbbüsünü təklif edib. Eyni zamanda, Rusiya sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat-kommunikasiyaların blokdan çıxarılmasında töhfə vermək istədiyini bir daha İrəvana xatırladıb. Erməni mənbələrinə görə, Paşinyan Putinin vasitəçilik təkliflərinin heç birini qəbul etməyib. Bu, Ermənistanın danışıqların Moskva platformasından imtinası deməkdir.
Xatırladaq ki, Putin Bakıda olarkən çıxışında Azərbaycan tərəfinə də vasitəçilik təklif etmişdi. Azərbaycan buna müsbət yanaşma ortaya qoymasa da, konkret imtina da etmədi.
Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran Milli Strateji Tətqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri deyib ki, bu gün əsas məsələ sərhədlərin müəyyənləşməsi, nəqliyyat-kommunikasiyaların blokdan çıxarılması və yekun sülh sazişinin imzalanmasıdır:
- Bu gün İrəvan sülh sazişinin imzalanmasında vasitəçi kimi Qərbi görür. Ermənistan istəyir ki, saziş Qərb platformasında imzalansın və İrəvanın istəkləri nəzəırə alınsın. Son vaxtlar biz Avropa Birliyinin sülhlə bağlı Azərbaycan tərəfinə çağırışlarını müşahidə edirik. Bu çağırışlar Ermənistanın istəyi ilə həyata keçirilir. Bir sözlə, İrəvan istəyir ki, Brüssel və ya Vaşinqton platforması yenidən aktivləşsin. Azərbaycan isə bunu istəmir, çünki Qərbin qərəzli və tərəfli yanaşması var. Bu da neytrallıq fəlsəfəsinin üstündən xətt çəkir ki, Bakı bu platformaya üstünlük verə bilməz.
Rusiyanın vasitəçiliyindən İrəvanın imtina etməsi Qərbin göstərişinin nəticəsidir. Paşinyanın Moskva platformasını qəbul etməsi onun üçün başağrısı deməkdir. Çünki Qərb İrəvana konkret tapşırıq verib – danışıqlar, razılıq Brüssel və ya Vaşinqton platformasında əldə oluna bilər. Eyni zamanda, bu, İrəvana da sərf edən variantdır. Çünki Ermənistan həmin platformalarda iddialarını ortaya qoya bilir.
- Onda belə çıxır ki, Azərbaycana sərf edən platforma da Moskva platformasıdır?
- Ümumiyyətlə, rəsmi Bakı hansısa platformada, vasitəçidə maraqlı deyil. Azərbaycan sülh sazişinin ikili, yəni vasitəçisiz müzakirəsində və razılığın vasitəçisiz əldə olmasında maraqlıdır. Azərbaycanın ən böyük diplomatik nailiyyəti prosesi ikitərəfli müstəviyə daşımaq olub. Əldə olunan hansı müsbət razılaşma varsa, bu, ikitərəfli həllini tapıb. Bakıdan İrəvana dəfələrlə çağırış edilib, təklif edilib ki, vasitəçisiz danışıqlar olsun, razılıq əldə edilsin. Çünki bu halda müsbət nəticələr əldə edilir. Həmçinin Azərbaycan danışıqların istər Qərb, istərsə də Moskva platformasında aparılmasının da qəti əleyhinə deyil. Biz dəfələrlə Qərb platformasında da, Rusiyada da görüşlərdə Azərbaycan tərəfinin iştirak etdiyini görmüşük. Onsuz da Azərbaycanın şərtləri bəllidir və bu qəti tələblər istənilən platformada bəyan edilir.
- Dediniz ki, Ermənistana Qərb platforması sərf edir. Moskva platformasında İrəvana sərf etməyən hansı məsələ gündəmə gətirilir ki...
- Birincisi, dediyim kimi, Ermənistandan Moskva platformasından imtina etməyi Qərb tələb edir. İkincisi, İrəvan anlayır ki, Moskva platformasında danışıqlarda Azərbaycan tərəfindən sərhədlərin müəyyənləşməsi məsələsində bir çox arxiv sənədlərin ortaya çıxarılması tələb oluna bilər. Məlumdur ki, SSRİ dövründə müxtəlif yanlış qərarlarla Azərbaycan torpaqları Ermənistana verilib. Hansı ki, o ərazilərin verilməsinin heç bir hüquqi zəmini olmayıb. Həmin arxiv sənədlər isə Rusiyadadır və onların ortaya çıxmasında Ermənistan maraqlı deyil.
Xatırladım ki, Putin Azərbaycanda səfərdə olarkən bildirdi ki, sərhədlərin delimitasiya və demarkasiyasına Rusiya yardım edə bilər, Moskvada lazımi sənədlər var ki, onlar sərhədlərin müəyyənləşməsində önəmli rola malik ola bilər. Putinin bu sözləri İrəvana bir mesaj idi. Ermənistanı narahat edən məsələlərdən biri də məhz budur.
- Belə ehtimal var ki, Zəngəzur dəhlizi ilə bağlı İrəvanın imtinasının kökündə də məhz Rusiya amili var...
- Əslində Zəngəzur dəhlizi ilə bağlı Ermənistan Azərbaycanın şərtlərini dolayısı ilə qəbul edə bilər. Sadəcə Ermənistan istəmir ki, dəhlizə nəzarət Rusiyanın əlində olsun. Bunu da təkcə Ermənistan yox, həm də Qərb istəmir. Bölgənin nəqliyyat-kommunikasiya sisteminə nəzarətin Rusiyada olmasını Qərb də, İrəvan da qəbul etmir. Məncə, Bakı da bunda maraqlı deyil, sadəcə Azərbaycan hansı yolla olur-olsun Naxçıvana gediş-gəlişin təminini tələb edir.
- Ermənistanın bu imtinasına Rusiyanın cavabı nə olacaq?
- Ermənistan bundan qabaq da atdığı addımlarla Rusiyanı qıcıqlandırıb. Moskva da təbii ki, müəyyən təsir rıçaqları ilə cavab verir. Yəqin ki, Ermənistanın Moskva platformasından imtinasına görə də Rusiyadan cəza tədbiri olacaq. Rusiya son illər Paşinyan hakimiyyətini devirməyə çalışır, amma hələ ki, müsbət nəticə əldə etməyib. Yəqin ki, yenə də Ermənistandakı Rusiyaya bağlı müxalif qüvvələrdən istifadə ediləcək, etiraz dalğası başlayacaq. Məlumatlar var ki, Rusiyanın layihəsi sayılan “Vətən naminə Tavuş” hərəkatı payızda etiraz aksiyalarına hazırlaşır. Çox güman ki, payızda Ermənistandakı Rusiya “beşinci kolonu” yenidən hərəkətə gələcək. Bunun nə qədər uğurlu olub-olmayacağını isə zaman göstərəcək.