Korrupsiyanın başında duranlar niyə həbs edilmir? – 10-cu dərəcəli məmurları tutmaqla…
29-08-2024, 18:16
Nazirliklərdəki 10-cu dərəcəli məmurların fəaliyyəti yoxlandıqda milyonlarla manat korrupsiya faktları aşkarlanır. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi ilə bağlı yayılan xəbərlər də buna sübutdur.
Bu o deməkdir ki, yuxarı vəzifəli şəxslərin yeyintisi daha çoxdur? Niyə əksər vaxt məmurlar işdən çıxarıldıqdan sonra məhz belə faktlar aşkarlanır? Ən əsası, bu cür yoxlamalar kütləvi şəkildə aparılsa, həmçinin şəxs vəzifədə olduğu vaxt araşdırma getsə, daha yaxşı olmazmı?
Ətraflı
KONKRET.az xəbər verir ki,mövzu ilə bağlı danışan vəkil Mehman Muradlı deyib ki, qurumdan mənimsənilən pullar həmin idarələrə ayrılır. Onun sözlərinə görə, hər bir nazirlikdə nəzarət mexanizmi mövcuddur:
“Məsələn, bu, tikinti və digər işlərlə bağlı Tibb Baş İdarəsinə ayrılan pullardır. “Dövlət satınalmaları haqqında” Qanun var. Bunlar hamısı da həmin qanunla tənzimlənir. Yəni görülən işlər, alınan məhsullar məhz bu qanunla tənzimlənir”.
Vəkilin fikrincə, 10-cu, 20-ci dərəcəli məmurların yeyinti məsələlərindən daha yüksək rütbəli məmurların da xəbəri olur:
“Sadəcə, burada mənimsəmə faktı araşdırma zamanı ortaya çıxır. Mümkün deyil ki, yeyinti məsələsini digər yüksək vəzifəli şəxslər bilməsin. Əgər bir məhsulun bazar qiyməti 10 manatdırsa və satınalmada, tenderdə iştirak edən müəssisələr onu üç-dörd dəfə baha qiymətə satırlarsa, deməli, artıq burada birbaşa korrupsiya faktı var. Həmin o 10-cu, 15-ci dərəcəli məmurların törətdiyi əməl 3-cü, 5-ci və daha yuxarı dərəcəli olan məmurlara qədər gedib çıxa biləcək məsələdir. Ola bilməz ki, daha yüksək rütbəli məmurun bunlardan məlumatı olması. Çünki bu pul dövlət tərəfindən nazirliyə ayrılır, nazirlik də onu idarələrə ayırır. Həmin Tibb Baş İdarəsinin rəisi maksimum sifariş verə bilər ki, filan ləvazimatlar lazımdır. Əgər tenderi nazirlik elan edirsə, niyə yalnız idarə rəisi məsuliyyətə cəlb edilir?”
Mehman Muradlı deyib ki 10-cu, 15-ci dərəcəli məmurların həbsi ilə kifayətlənmək olmaz:
“Bir az irəli gedib, belə məsələlərin qarşısını kökündən almaq lazımdır. Məsələ bu cür davam edə bilməz. İllərdir insanlar əziyyət çəkir. Həmin pullar bu xalqdan yığılan verginin pullardır. Bir yandan vergi artırılır, digər tərəfdən də korrupsiya halları arta-arta gedir. Bunun da qarşısını hər hansı formada almaq lazımdır və mütləqdir. Camaatın cibinə girmək, onları bədbəxt halına salmaq olmaz axı!
Bəlkə də, hüquqşünas kimi yanaşmam səhvdir, bəlkə də, doğrudur. Amma vətəndaş olaraq yanaşmam bu cürdür ki, belə etmək olmaz”.
M.Muradlı Azərbaycan praktikasında yüksək dərəcəli məmurların həbs olunduğunu xatırladıb:
“Məsələn, sabiq səhiyyə naziri Əli İnsanov, iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və sair mənimsəmə faktı ilə həbs olunub. Əgər bura qədər gedib çıxıblarsa, deməli, başqa nazirliklərdə də bunu tətbiq etmək mümkündür”./Globalinfo.az