Məhkəməni udsaq da əmlaklar geri qaytarılmır - SABİQ NAZİRİN QARDAŞI OĞLU ƏDALƏT AXTARIŞINDA
30-08-2024, 00:07
“Əhmədov Nəzər Abbas oğlu uzun müddətdir ki, heç bir qanuni və hüquqi əsas olmadan öz əmlakı üzərində mülkiyyət hüquqlarından məhrum olub. Buna səbəb Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının müvafiq iş üzrə işə baxan hakimi Kuimova Vera Gennadiyevnanın qanunsuz hərəkətləridir”.
Bunu Gununsesi.info-ya vəkil Abbas Quliyev deyib.
Qeyd edək ki, Nəzər Əhmədov Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı oğludur.
Vəkilin sözlərinə görə, məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına şikayət edilməsinə baxmayaraq, həmin orqanlar da işlə bağlı məsuliyyəti öz üzərilərinə götürməkdən əsassız şəkildə boyun qaçırır: “Bununla bağlı AR Məhkəmə-Hüquq Şurasına, AR Ali Məhkəməsinə, Naxçıvan MR Ali Məhkəməsinə də şikayətlər olunub, lakin heç bir nəticəsi olmayıb. Hətta qeyd etməliyəm ki, Naxçıvan MR Ali Məhkəməsinin sədrinin qəbulunda olmuşam. Bu zaman müvafiq məsələnin qısa müddət ərzində həllini tapacağı ilə bağlı mənə söz verilsə də, hələ də heç bir irəliləyiş yoxdur.
İşlə bağlı qeyd edim ki , Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-968/2021 nömrəli qətnaməsi ilə Naxçıvan şəhər 1 saylı Notariat Ofisində Həsənov Salman Həsən oğlu ilə Əhmədov Nəzər Abbas oğlu arasında 01 sentyabr 2015-ci il tarixdə bağlanmış AN-I seriyalı, 0373093 nömrəli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2(108)-70/2023 nömrəli qətnaməsi ilə tərəfimdən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-968/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iddiaçı Həsənov Salman Həsən oğlunun cavabdehlər Əhmədov Nəzər Abbas oğluna və Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilmişdir.
AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(102)-64/2024 nömrəli qərarı ilə yuxarıdakı qətnamə dəyişdirilmədən saxlanılmışdır.
Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-70/2023 nömrəli, 15.05.2024-cü il tarixli qərardadı ilə İsmayılov Ərəstun Məmmədəli oğluna bağışlanmasına dair müqavilənin ləğv edilməsi, əvvəlki vəziyyətin bərpa edilərək, Əhmədov Nəzər Abbas oğlunun mülkiyyət hüququ bərpa edilməsi, torpaq sahəsinin və üzərindəki tikilinin Əhmədov Nəzər Abbas oğluna geri qaytarılması, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən İsmayılov Ərəstun Məmmədəli oğluna verilmiş 1222012344 qeydiyyat nömrəli, 02.11.2022- ci il tarixli Çıxarışın ləğv edilməsi üçün əsas olduğu qərara alınmışdır”.
Abbas Quliyev deyir ki, qanunsuz və əsassız olaraq, bu qərardaddan şikayət verilmədiyini bildiyi üçün, vəzifə səlahiyyətlərindən sui-istifadə edib Naxçıvan MR Ali Məhkəməsinin 16(108)-5/2024 nömrəli, 14.05.2024-ci il tarixli qərardadı ilə İsmayılov Ərəstun Məmmədəli oğlunun müvəqqəti təminat tədbirinə dair ərizəsi təmin edilmiş, maddi zərərlə bağlı iddia ərizəsi əsasında 2(078)-90561/2024 nömrə ilə qeydə alınmış mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək Naxçıvan şəhəri, 21(2)-ci məhəllə, döngə 7, ev 57A ünvanında yerləşən daşınmaz əmlakın üzərinə həbs qoymaqla, həmin əmlakın özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmişdir.
“Qeyd etmək lazımdır ki, məhkəmə tərəfindən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi icrada dönüş barədə ərizənin təmin olunmasından irəli gələn nəticələrin önünə keçmiş və onun icra olunmasına mane olmuş, buna görə də Əhmədov Nəzər Abbas oğlunun pozulmuş hüquqlarının bərpası ilə bağlı davam edən uzunmüddətli proses qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmasına, bundan irəli gələn nəticələrin icra edilməsi barədə ərizə təmin olunmasına baxmayaraq hələ ki, nəticəsiz qalmış, reallaşmasına süni maneələr yaradılmışdır”.
Vəkil daha sonra əlavə edir:
“Xüsusi olaraq vurğulanmalıdır ki, həm icrada dönüş, həm də müvəqqəti təminat tədbiri barədə qərardadı qəbul edən eyni məhkəmə tərkibidir və sonuncu müvəqqəti təminat tədbiri barədə qərardadın çıxarılmasının icrada dönüş edilməsinə mane olacağı məhkəmə tərkibi tərəfindən bilinirdi. Buna baxmayaraq, məhkəmə kollegiyası tərəfindən bu hal qərəzli olaraq görməzdən gəlinmiş, müvəqqəti təminat tədbiri barədə qərardaddan şikayət verilə bilməməsi imkanından sui-istifadə olunmuşdur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 295.1-ci maddəsinə görə hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya (bundan sonra – Konvensiya) tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmə iclasında sədrlik edən hakim (məhkəmə tərkibi) icraatında olan işlə bağlı prosessual qaydalara riayət etməmişdir. Dolayısı ilə belə halların davamlı olaraq baş verməsi işin mahiyyəti üzrə tam, hərtərəfli və obyektiv araşdırılmasına mane olmaqla bərabər fərdin ən təməl hüquqlarından biri olan mülkiyyət hüququnun kobud şəkildə pozulmasına gətirib çıxarır. Hesab edirəm ki, bu kimi problemlərin aradan qaldırılması, dövlət hakimiyyət orqanlarının qanundan sui-istifadəsinin qarşısının alınması və həmçinin digər vətəndaşların da gələcəkdə belə əsassız maneələrlə üzləşməməsinə şərait yaradılması məqsədilə yuxarıda sadalanan qurumların özbaşınalığının aradan qaldırılması üçün tez bir zamanda cavab tədbirləri görülməlidir. Məhz bu səbəbdən məsələnin ictimaiyyət qarşısında işıqlandırılmasını özümə borc bilirəm”.