"İmperiya fantaziyaları üçün qurbanlar..." - Ostin Rusiyanın itkilərini açıqladı
7-09-2024, 07:34
Ukraynada müharibə davam edir və Rusiya Vladimir Putinin imperiya fantaziyaları ucbatından böyük itkilər verir. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı zamanı 350 minə yaxın rus əsgəri öldürülüb və ya yaralanıb.
Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniyadakı aviabazada keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (Ramşteyn-24) iclasının əvvəlində deyib.
ABŞ-ın müdafiə naziri əmin edib ki, "50-yə yaxın xeyirxah məramlı ölkədən ibarət koalisiya Ukraynanı dəstəkləmək üçün vahid və möhkəm qalacaq. Və bu gün biz Ukraynaya dəstəyimizi artırmaq üçün daha da səylə çalışacağıq”, - Ostin bildirib.
O əlavə edib ki, bu gün Ramşteyn formatında görüş dinamik bir vaxtda keçirilir. "Ukrayna döyüş meydanında təşəbbüsü ələ keçirməkdə davam edir. Ukrayna qoşunları hazırda Rusiyanın Kursk vilayətində əməliyyat keçirir. Kremlin işğalçı ordusu indi öz ərazisində müdafiəyə qalxır. Amma biz bilirik ki, Putinin qəzəbi dərindədir. Moskva Ukraynanın şərqində və xüsusilə Pokrovsk ətrafında hücumlarını davam etdirir. Putin öz qoşunlarını yenidən Kursk bölgəsinə yerləşdirəcək. Kreml Ukrayna şəhərlərini bombalamağa və Ukraynanın mülki əhalisini hədəfə almağa davam edir. Bu, insanı qəzəbləndirir", - Ostin deyib.
Eyni zamanda, ABŞ Müdafiə Nazirinin əlavə etdiyi kimi, "Rusiya Vladimir Putinin imperiya fantaziyaları ucbatından böyük itkilər verir”. Onun məlumatlarına görə, Putinin Ukraynaya genişmiqyaslı işğalına başladıqdan sonra 350 mindən çox rus əsgəri həlak olub və yaralanıb. 24 fevral 2022-ci ildən Ukrayna Silahlı Qüvvələri 32 Rusiya gəmisini batırıb, məhv edib və ya zədələyib. Ukraynalılar rusları Krımdan bütün vacib gəmiləri geri çəkməyə məcbur edib. Rəsmi bildirib ki, ukraynalılar Rusiyanın 97 döyüş təyyarəsini də məhv edib.