Süni BAHALAŞMA: Möhtəkir MARAĞI...
8-09-2024, 10:38
Tərəvəz bazarında qiymət artımı müşahidə olunur. Yaşıl lobyanın qiyməti 4 manata kimi yüksəlib. Bəzi yerlərdə bu məhsul 2 manat və yuxarı qiymət təşkil etsə də, xüsusən yay fəslinin sonlarına doğru bir bahalaşmanın şahidi oluruq. Lobya və bənzəri tərəvəzlərin ölkədə yetişdirilməsi və bazar qiyməti əlçatan, sərfəli olması gərəkdiyi halda, kiloqramı beş manata kimi qalxan bu məhsulların yetişdirilməsi və satışında pərdəarxası hansısa neqativ səbəblər varmı? Məsələn; əvvəllər pomidorun qiyməti beş manatın üzərinə qalxırdı, indi isə onu lobya və digər tərəvəzlər əvəz edir. Meyvə-tərəvəz satışı sahəsində süni qiymət artımını yaradan amillər nələrdir?
Mövzu ilə əlaqədar "Azad İstehlakçılar Birliyi"nin sədri, qida eksperti Eyyub Hüseynov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.
"Azərbaycanda ümumiyyətlə, iqlim dəyişikliyi kənd təsərrüfatı sahəsində özünü göstərir. Son 18 ildə ilk dəfə ötən il ərik bol oldu. Lakin ötən illərdə ərik həddindən artıq çox olardı. Sanki ərik çiçək açanda onu yağış gözləyir və həmin çiçəkləri məhv edir. Bu illər Muğan zonasında lobya, üzüm əmələ gəlmədi. Yəni xüsusi qulluq olunmayan bir şəraitdə üzüm əmələ gəlmədi, qora şəklində qaldı. İqlim dəyişikliyi kənd təsərrüfatı sahəsində anlaşılmaz nəticələr verir. Məsələn, qarğıdalı da əmələ gəlmədi. Bir daha qeyd edirəm ki, xüsusi qulluq olunan kənd təsərrüfatı sahələri istisna olmaqla, illərlə qulluq tələb etməyən, amma məhsul verən bitkilərdə məhsuldarlıq aşağıdır. Uzun illər Azərbaycanda fərdi təsərrüfatlarda xiyar olmurdu. Son 8 ildə artıq əmələ gəlib. Anlaşılması çətin olan belə hadisələr baş verir.
Əlbəttə, kənd təsərrüfatı məhsullarının istehsalçıya çatdırılmasına qədər olan zəncirdə, xüsusən Bakı bazarlarına olan çatdırılma zəncirində mühüm həlqə "Meyvəli bazar"dır. Bakı bazarında olan dükanların heç biri "Meyvəli"nin sənədi olmadan malı qəbul etmə ixtiyarı yoxdur. Hər kim məhsul yetişdirirsə, gərək "Meyvəli" bazarına girsin. Ordan ona müəyyən kağız verilsin. Beləliklə, bazarda üçüncü subyekt meydana çıxır. Bunlara alverçilər və ya təhsisatçılar, mal göndərənlər deyək. Onlar təşkilatlanmış böyük qurumdur. Özlərinin avtomobilləri var. Bakıda yerləşən dükanlarla şifahi və ya yazılı müqavilələri mövcuddur.
Kəndli fərdi təsərrüfatından birbaşa məhsullarını yığıb Bakıya gətirmək istəsə, bu arzusu ürəyində qalacaq. Birincisi, dükanlar ona görə həmin məhsulu qəbul etmirlər ki, həmin mallar bazar tələblərinə uyğun deyillər. Xüsusi təsərrüfatlarda yetişdirilmiş kənd təsərrüfatı məhsulları qulluq edilmiş olur, bazar görkəmi olur və qeyd etdiyimiz kimi "Meyvəli" bazarından sənədi olur. Lakin fərdi kənd təsərrüfatında yetişdirilənlər belə olmur. Heç onu dükanlar da qəbul etmir. Bazarın 3-cü subyekti artıq qiymətləri müəyyən edir və qiymətlər də gəlib bazarda bu cür formalaşır. Bununla da anormal vəziyyətlər əmələ gəlir. Əlbəttə, məhsulların az olmasının da təsiri var. Lakin "Meyvəli" bazarında olan o "alverçi qrupu" bütün Bakı şəhəri üzrə bazarda qiymətləri rahat müəyyən edə bilirlər.
Alverçi qrupu o qədər inkişaf edib ki, ötən il Cəlilabad zonasında fərdi təsərrüfatlarda yetişdirilən kartofu onlar olmadan almaq mümkün deyildi. Kimsə əgər gəlib, bazardan çoxlu kartof alsa, həmin alverçi qrupu o tərəfi elə gözdən salırdı ki, onu heç kəs almırdı. Yəni o qrupun öhdəsindən heç kəs gələ bilmir. Mən əminəm ki, bu il də həmin qrup öz fəaliyyətini davam etdirir. Və bunların qarşısını almaq da mümkün deyil. Onlar vergidən gizlənən alverçi qrupudur və bazarda qiymətlərə ciddi təsir edən stiuasiya yaradırlar. Bütün bu səbəblər bazarlarda qiymətlərin anormal şəkildə artmasına gətirib çıxarır" - deyə, mütəxəssis qeyd edib.