Əliyevin İtaliya proqramı: Qovluqlarda olanlar - TƏHLİL
9-09-2024, 07:24
Azərbaycan Prezidenti İlham Əliyevin bu həftə İtaliyaya səfəri rəsmi Bakının Cənubi Qafqazda və Avropada hədəflədiyi maraqların sinxron ifadəsi kimi diqqətəlayiqdir. Azərbaycanın İtaliya ilə əlaqələrini genişləndirməsi ikitərəfli münasibətlərə strateji qazanclar gətirir.
Avropa İttifaqının və dünyadakı “böyük yeddiliy”in güclü üzvlərindən biri olan İtaliya ilə dostluq münasibətləri Azərbaycanın manevr imkanlarını genişləndirir. Azərbaycanın İtaliya vasitəsilə qazandığı mövqelər onun Avropa İttifaqının diqqət mərkəzinə düşmək imkanlarını artırır.
İtaliyanın xarici siyasətinə ümumi baxış
İlham Əliyevin İtaliyaya səfərinin xarici siyasətdəki konturlarını görə bilmək üçün, rəsmi Romanın qlobal və regional arenalarda yürütdüyü kursun mahiyyətinə diqqət etmək lazımdır. İtaliya NATO üzvü kimi kollektiv öhdəliklərdən irəli gələrək münaqişələrə qarşı mübarizədə Transatlantik məkanın strateji mövqeyini qoruyub saxlayır. Misal üçün, o, Rusiya-Ukrayna münaqişəsində Ukraynanı dəstəkləyir, paralel olaraq isə Aralıq dənizi regionunda rolunu gücləndirir.
Bununla belə, İtaliya Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən çıxsa da, Pekin ilə əlaqələrin yenilənməsinə qərar verib. Roma Pekinlə iqtisadi cəhətdən faydalı olmaq reallıqlarına əsaslanan siyasətin tərəfdarıdır.
İtaliya ABŞ ilə Çin arasında daha geniş strateji çəkişmələrə qarışmamağı üstün tutur, hərçənd ki, eyni zamanda Avropa İttifaqının Pekinlə əlaqədar ümumi narahatlıqlarından da üzərinə məsuliyyət götürür.
İtaliyanın Rusiya ilə münasibətlərində isə ikitirəlik müşahidə olunur. Hazırda rəsmi Roma birmənalı olaraq Kiyevi dəstəkləsə də, Nazirlər Kabineti və müxalifət daxilində fərqli fikirlər də mövcuddur.
Üst-üstə düşən məqamlar
İtaliya xarici siyasətdə qarşılıqlı anlaşmanın vacibliyi üçün ortaq baxışların yaradılmasına çalışır. Yəni rəsmi Roma NATO-nun kollektiv yanaşmalarına sadiq qalsa da, ümumilikdə qarışıq dünya nizamında hansısa geosiyasi qütbün məhdudiyyətsiz dominantlığının yarada biləcəyi genişmiqyaslı eskalasiya risklərindən çəkinir. Bu, Azərbaycanın tarazlaşdırılmış xarici siyasəti ilə üst-üstə düşən məqamların əksi kimi diqqətdən kənarda qala bilməz. Bu mənada İtaliyanın Cənubi Qafqaz regionundakı maraqları da nəzərəçarpacaq dərəcədə əhəmiyyət daşıyır. İtaliya Cənubi Qafqazda geosiyasi qarşıdurmaların gələcəkdə necə inkişaf edəcəyinə dair aydın hesablamalar aparmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərə önəm verir.
İtaliya ilə Azərbaycan arasındakı əlaqələr Cənub Qaz Dəhlizi layihəsi ilə daha da bərkiyib (TAP qolu) və bu, qarşılıqlı anlaşma üçün böyük dərəcədə qiymətli rol oynayıb. Ancaq indi həm Azərbaycan, həm də İtaliya bu əlaqələri daha yüksək zirvələrə doğru inkişaf etdirmək üçün yenilənmiş yanaşmaları qarşılıqlı maraqlar əsasında prioritetləşdirmək planlarını müzakirə edirlər.
Əliyevlə görüşlər qarşılıqlı maraqlar əsasında
İlham Əliyevin İtaliyaya səfəri zamanı bunun parametrləri aydın şəkildə göründü. Dövlət başçısının İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, delimitasiya və demarkasiya məsələləri üzrə mövqe bildirməsi rəsmi Romanın regionda Bakı ilə sıx əməkdaşlıq quracağının anonsu idi. Yəni İtaliya Azərbaycanın yanında yer alıb və Cənubi Qafqazda regional əməkdaşlıq layihələrində rəsmi Bakının ideya, təşəbbüs və təşviqlərinə böyük dəstək göstərir. Romanın belə bir diapazon seçməsi regionda Azərbaycana qarşı Qərb mərkəzli qüvvələrin fəallaşmasını tutarlı şəkildə neytrallaşdıra bilir.
İlham Əliyev italiyalı həmkarı ilə birgə işçi naharda:
- Avropa İttifaqının Azərbaycanla əsas ticarət tərəfdaşlarından biri olduğunu vurğuladı,
- Avropa İttifaqı ilə Azərbaycan arasında yaxşı əlaqələrin mövcud olduğunu dedi,
- Bununla belə, bəzi Avropa ölkələrinin bu əlaqələrin inkişafına maneə yaratdığını təəssüflə qeyd etdi,
- Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasını, bunun aradan qaldırılmasının sülh üçün vacibliyini önə çəkdi.
Prezident Sercio Mattarella da İlham Əliyevin sözlərinə qüvvət olaraq Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə və inkişafına daim dəstək göstərdiyini bəyan etdi. Bununla yanaşı, onun İtaliyanın regionda sülh gündəliyini dəstəklədiyini qeyd etməsi prosesə maneə yaradan qüvvələrə zərbədir.
İtaliya Fransaya qarşı Azərbaycanın yanında
Aydın görünür ki, İtaliya Fransanın Cənubi Qafqaz regionundakı gündəliyini dəstəkləmir. Paris regionda hər şeyə Fransanın obyektivindən baxmaq ideallarını təbliğ etsə də, Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik etməklə sülh və təhlükəsizliyə risk yaratsa da, Avropa İttifaqındakı nəhəng İtaliya başqa mövqedədir. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna da əlavə dəstək qazandırır.
Fransa, şübhəsiz ki, Azərbaycanın əlindən bu rolları almaq üçün can yandırır, ancaq onun gizli gündəliyi İtaliya üçün də problemlidir. İtaliya Fransanın ziddinə gedərək, Azərbaycanın Avropa bazarlarındakı enerji təminatçısı statusunu saxlamaq üçün Bakıya dəstəyini əsirgəməyəcək. Bu məsələnin gələcək üçün daha böyük geoiqtisadi və geosiyasi əhəmiyyəti var, o mənada ki, Azərbaycan Avropaya həm də yaşıl enerji ixrac etməklə strateji aktivlərini dolduracaq.
Bakıda noyabrda keçiriləcək COP29 qlobal mötəbər tədbiri də Azərbaycanın “yaşıl dünyadakı” ixrac potensiallarının vizyonunu çəkməyə imkan verəcək. İtaliya da həmin tədbirdə təmsil olunacaq ki, bu da COP29-dan çıxan nəticələrdə Azərbaycan-İtaliya müştərək regional dinamikasına növbəti elementlər qatacaq.
Aqşin Kərimov,
"Kaspi" qəzeti üçün
TEREF