Penitensiar Xidmətdə kosmetik islahatlar - MİRSALEH SEYİDOV 1 İL ƏRZİNDƏ NƏ EDƏ BİLDİ?
10-09-2024, 12:29
2022-2023-cü illərdə Penitensiar Xidmət daxilində baş verən qanunsuzluqlarla bağlı mətbuatda silsilə materiallar dərc olunurdu. Belə ki, istər rəhbərliyin özbaşınalıqları, istər də İranın bu qurumdakı maraqları barədə çox sayda yazılar, təhlillər işıq üzü görməkdə idi. Nəticədə, 2023-cü ilin iyul ayında Penitensiar Xidmət rəhbəri dəyişdi və Mirsaleh Seyidov rəis təyin olundu.
Prezidentin məlum sərəncamından sonra cəmiyyətdə çoxları Penitensiar Xidmət daxilində müsbət dəyişikliklərin olacağını gözləyirdi. Çünki, demək olar ki, yeni rəis M.Seyidovun bütün kariyerası bu qurumda keçmişdi və o, daxildə baş verən proseslərə hər kəsdən daha yaxşı bələd idi.
Artıq bu təyinatdan 1 ildən də çox vaxt ötüb. Gəlin görək, bu müddət ərzində Penitensiar Xidmətdə nə kimi yeniliklər baş verib?!
Əlbəttə, sual oluna bilər ki, bizim bu məsələdə nə kimi marağımız var? Bəri başdan qeyd edək ki, cəmiyyətdə çoxlarının düşündüyündən fərqli olaraq, Penitensiar Xidmət sadəcə türmələrə nəzarət edən bir qurum deyil. Əksinə, dövlətimizin inkişafı üçün bu qurumun çox böyük əhəmiyyəti var. Bu isə, bir media olaraq bizim diqqətimizi cəlb etməyə bilməz.
İlk olaraq onu qeyd edək bilərik ki, Penitensiar Xidmət cinayətkarları islah etməli olan bir qurumdur. Yəni bu qurumun başlıca missiyası cinayətkarı qəbul edib, onu cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi qaytarmaqdır. Məsələn, hansısa şəxs narkotik satdığı üçün həbsxanaya salınıbsa, normal vəziyyətdə oradan islah olunmuş bir vətəndaş kimi çıxmalı, bir daha yeniyetmə və gənclərimizi zəhərləmək haqda düşünməməlidir. Bir sözlə, Penitensiar Xidmət təkrar cinayətkarlığın qarşısının alınmasında mühüm rol oynayan mexanizm olmalıdır.
Bəs, bu qurum indiki halda öz missiyasını yerinə yetirə bilir? Məsələn, narkotacir türmədə islah olunur? Yaxud ölkədə təkrar cinayətkarlıq hallarının sayı həqiqətən də azalır?
Əlbəttə, statistik rəqəmləri təhlil etdikdə, biz tamamilə əksini görürük. Hətta, bəzi hallarda cinayətə meylli olmayan, lakin müxtəlif səbəblərdən həbsə məhkum edilən vətəndaşların içəridən çıxdıqda istər siyasi, istər də dini baxışlarında çox ciddi, radikal dəyişikliklər müşahidə edirik. Bütün bunlar isə onu göstərir ki, məhbusların islah prosesi düzgün həyata keçirilmir.
O ki qaldı M.Seyidovun təxminən 1 il ərzində gördüyü işlərə, etiraf etməliyik ki, bu müddət ərzində bəzi müsbət dəyişikliklər də olub. Məsələn, artıq məhkum yaxınları ilə görüş zamanı pul tələb olunmur, məhbuslara verilən yeməklərin keyfiyyətində qismən dəyişiklik olunub və s. Amma hələ də cəzaçəkmə müəssisələrində köhnədənqalma bir çox neqativ hallar özünü göstərir. Tutaq ki, məhkumların maddi imkanına görə “seçilməsi” faktı indi də mövcuddur. Yəni hansı məhkumun maddi imkanı yüksəkdirsə, həbsxanada onun arzu etdiyi bütün şərait yaradılır və o, “xan” kimi yaşayır. İmkansız məhbuslar isə, belə demək olarsa, insan gözündə görülmür. Eləcə də maddi imkanı olan qatı cinayətkarlar “nümunəvi məhbus” statusu əldə edərək, həbsxana rəhbərlərinin təqdimatı əsasında vaxtından əvvəl azadlığa çıxmaq şansı qazanır, imkansızlar isə günbəgün “yatmağa” məcburdur, onların içəridə özlərini necə aparmasının heç bir əhəmiyyəti olmur.
Təbii ki, bu kimi neqativ halların sayı çoxdur və onları sadalayıb oxucuların vaxtını almaq istəmirik. Lakin bu gün bizim diqqətimizi cəlb edən bir məsələ də Penitensiar Xidmət daxilində yaşanan arzuolunmaz hallardır. Məsələn, cinsiyyətini dəyişərək hazırda Türkiyədə yaşayan keçmiş məhkumun xidmət rəhbərliyi ilə əlaqəsinin olması haqda söhbətlər bu günlərdə mediayadək “ayaq açdı”. Niyə? Kimlər bu məsələni kənara çıxarır? Xidmət əməkdaşları ilə rəhbər heyət arasındakı münasibətlər niyə bu səviyyədə gərgindir ki, daxili informasiyalar kənara sızır?! Xoşbəxtlikdən, Penitensiar Xidmət qapalı bir qurumdur ki, bu tipli məlumatlar əksər hallarda içəridəcə “əriyir”.
Sonda bir daha o məsələyə qayıdırıq ki, ölkəmizdə narkoticarətin günbəgün genişləndiyi, eləcə də digər cinayət faktlarının sayının sürətlə artdığı indiki ərəfədə Penitensiar Xidmətin əhəmiyyəti çox böyükdür. Çünki istər narkoticarətin, istər də təkrar cinayətkarlıq hallarının bir qolu gedib Penitensiar Xidmətə çıxır. Məhz bu səbəbdən, redaksiyamız bu qurumun fəaliyyəti ilə yaxından maraqlanır və bununla bağlı araşdırmalarımız bundan sonra da davam edəcək.
Stopnarkotik.az