Ukraynada müharibə bu payız bitir? - Bakının sülh üçün “yol xəritəsi”

10-09-2024, 10:20           
Ukraynada müharibə bu payız bitir? -
Rusiya-Ukrayna müharibəsində tərəflərin bir-birinə güc gəlməsi cəhdləri davam edir. Belə görünür ki, qış gələnə qədər həm Moskva, həm də Kiyev daha əlverişli mövqelərə çıxmaq, mümkün sülh masası arxasına daha uğurlu mövqe ilə oturmaq istəyir. İki ölkənin hərbi və digər resursları məhz buna yönəlib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov müsahibəsində bildirib ki, müharibədə dönüş nöqtəsi hələ baş verməyib, lakin bu an artıq yaxındır. “Futbol analogiyasından istifadə etsək, müharibədə matçın 70-ci dəqiqəsidir”, - o deyib.

Diqqətçəkicidir ki, ötən həftəsonu Ukrayna prezidenti Vladimir Zelenski payızda Rusiya ilə münaqişəyə son qoymağa çağırıb. Ramşteyn formatında təmas qrupunun görüşü zamanı Ukrayna lideri qeyd edib ki, Rusiya və Ukrayna arasındakı münaqişənin payızda başa çatması “etibarlı beynəlxalq təhlükəsizlik nizamının” bərpasına kömək edərdi. O, Qərb tərəfdaşlarını münaqişənin sona çatmasına birgə kömək etməyə səsləyib.

Almaniya kansleri Olaf Şolts Zelenski ilə görüşdən sonra bildirib ki, müharibədən sülhə necə keçməyin zamanı çatıb. Öz növbəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin isə deyib ki, Ukraynadakı münaqişə danışıqlar masası arxasında həll edilməli olacaq, lakin bu məqamın nə vaxt gələcəyini söyləmək hələlik çətindir.

Bəs bu payız mümkündürmü? Vasitəçi kim ola bilər?

Prezident İlham Əliyev sentyabrın 6-da İtaliyada Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən bildirib: “Əgər hipotetik imkandan danışırıqsa, bu (Bakının vasitəçiliyi - red.), tamamilə mümkündür. Əvvəla, nəzərə alsaq ki, Rusiya və Ukrayna ilə birlikdə 70 il SSRİ-nin tərkibində olmuşuq, biz şəxsi əlaqələr səviyyəsində və siyasi müstəvidə çoxşaxəli əlaqələr saxlayırıq. Bu gün biz Rusiya və Ukrayna ilə münasibətlərimizi çox yaxşı hesab edirik. Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Amma eyni zamanda biz anti-Rusiya sanksiya kampaniyasının bir hissəsi olmamışıq və olmayacağıq”.

Azərbaycanın iki ölkə ilə münasibətlərin praqmatizmini nəzərə alaraq bu prosesdə müəyyən rol oynaya biləcəyini vurğulayan İlham Əliyev həmçinin qeyd edib: “Biz heç vaxt bu proseslə bağlı təşəbbüs irəli sürməmişik. Bilirəm ki, bu işdə iştirak etmək istəyənlər çoxdur. Amma iştirakımız tələb olunarsa, biz hazırıq”.

İlham Əliyevin Putinlə yüksək səviyyədə olan şəxsi əlaqələri də nəzərə alınmaqla Azərbaycanın vasitəçiliyinə ehtiyac yarana bilərmi? O halda Bakı tərəflərə hansı həll formulunu və ya “yol xəritəsi”ni təqdim edə bilər? Bakıdakı COP29 tədbirinin bu xüsusda danışıq platforması olması mümkünmü?

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, hər iki tərəfin məqsədi əgər barışıqdırsa, bunu istənilən platformada etmək olar: “COP29 sammitinin Ukrayna-Rusiya danışıqları üçün uyğun platforma olduğunu düşünürəm. Amma bu müzakirələr daha uzun müddət çəkə bilər. Odur ki, iki tərəf arasında danışıqların COP29 sammitində başlayacağını və sammitdən sonra da davam edəcəyini gözləyirəm. Bununla belə, sülh danışıqlarının uğurlu alınacağını indidən söyləmək tezdir. Çünki hər şey Rusiya və Ukrayna rəsmilərindən asılı deyil. Ukrayna məsələsi beynəlmiləlləşmiş problemdir, burada digər güc mərkəzlərinin, xüsusilə də ABŞ və Böyük Britaniyanın da mövqeyini nəzərə almaq lazımdır”. Heydər Oğuz xatırlatdı ki, bundan əvvəl də ən azı iki dəfə Rusiya ilə Ukrayna rəsmiləri görüşmüş, son anda isə Böyük Britaniyanın araya girməsi ilə bütün danışıqlar pozulmuşdur: “Bu təşəbbüslərdən biri 2022-ci ilin mart ayında Antalya Diplomatiya Forumunda başlamış, daha sonra İstabulda davam etmişdir. Müharibənin ilk ayında Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlarda son mərhələyə yaxınlaşarkən, Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevə gəlmiş və Zelenski ilə görüşərək danışıqların dayandırılmasını, əks halda, onun beynəlxalq birlik tərəfindən dəstəklənməyəcəyini bildirmişdi. Nəticədə Zelenski danışıqları bitirmək məcburiyyətində qalmışdı. İkinci bənzər görüş Ukrayna hərbçilərinin Kursk əməliyyatından əvvəl Qətərdə keçirilirdi. Mövzu tərəflərin bir-birinin enerji obyektlərinə hücum etməmək idi. Az keçməmiş Kursk əməliyyatı başladı və Rusiya bir daha danışıqlar masasına oturmayacağını bildirdi.

Buna baxmayaraq, tərəflərin Bakı vasitəsilə danışıqlara yenidən başlaması üçün bütün əlamətlər və zəmin hazır kimi görünür. Rusiya lideri də, Ukrayna prezidenti də bu müharibənin heç kimə fayda gətirməyəcəyini anlayırlar. Hər iki tərəf müharibədən bezib, bir an öncə bu anlamsız savaşın bitməsini arzulayır. Son zamanlar Ukraynanın cəbhə xəttində əvvəlki aktivliyi müşahidə olunmur. Ukrayna qoşunları Kurskda, Rusiya qoşunları isə Donbasda müəyyən ərazilər əldə edib. Və heç bir tərəf daha uzağa gedə bilmirlər. Bu isə savaşın tıxandığını göstərir. Adətən müharibələr belə zamanlarda sona çatır. Amma sülhə mane olan məqamlar da az deyil. Əsas əngəlləyici nüans həm Putinin, həm də Zelenskinin maksimalist və uzlaşmaz mövqeyidir. Hər iki tərəfin bir-birindən aşırı gözləntiləri var. Üstəlik, Qərb dövlətlərinin mövqeyi də tam aydın deyil. Qərbin aparıcı dövləti olan ABŞ bir tərəfdən Ukraynaya qətrə-qətrə silah verir, bununla da sanki onu masaya oturmağa məcbur edir, digər tərəfdən də CIA və MI6 direktorları birgə brifinq keçirib bütün Avropanı Rusiyaya qarşı daha aktiv mübarizə aparmağa çağırırlar. Ukrayna da yeraltı zavodlar tikib daha çox silah istehsal etməyə çalışır. Bu da savaşın davam etdirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilə bilər.

Ən əsası isə payızda ABŞ-da prezident seçkiləri keçiriləcək. Hakimiyyətə kimin gəlməsi Ukrayna müharibəsinin taleyinə də ciddi təsir göstərəcək. Əgər Respublikaçılar Partiyasının namizədi Donald Tramp qazanacaqsa, Ukraynadakı vəziyyətin necə olacağını proqnozlaşdırmaq çətindir. Ukrayna rəsmilərinin payıza qədər sülh danışıqlarına başlamaq istəyi, məncə, bu, qeyri-müəyyənlikdən qaynaqlanır".

Həmsöhbətimizin fikrincə, Ukrayna cəbhəsində yaranan digər qeyri-müəyyənlik Çinin mövqeyi ilə bağlıdır: “Savaşın çox nəzərə çarpmayan əsas səbəblərindən biri Çinin getdikcə böyüməsinin qarşısını almaq istəyindən qaynaqlanır. Bilirsiniz ki, son illər Çin iqtisadi və hərbi cəhətdən durmadan böyüyürdü. Bu gedişlə yaxın illərdə onu keçəcəyini düşünən ABŞ nəyin bahasına olursa-olsun Çinin böyüməsinin qarşısını almaq istəyirdi. Ukrayna savaşı nəticəsində Rusiya ilə Avropa arasında bütün nəqliyyat əlaqələrinin kəsilməsi, faktiki olaraq, Asiya nəhənginin "Bir kəmər, bir yol" layihəsinin şimal dəhlizinin bağlanması ilə nəticələndi. Çin məhsullarına qoyulan sanksiyalar onun istehsalını da böyük ölçüdə azaltdı. Pekin əvvəlki kimi məhsul istehsal edə və sata bilmədiyindən, Rusiyadan neft-qaz məhsulları almağa da ehtiyatla yanaşır. Hətta Rusiyaya kredit verməkdən belə çəkinir. Müharibə bitərsə, Rusiya yenidən Avropa ilə əlaqələrini bərpa edə bilər. Bu isə Çinin də Avropa bazarına nəqliyyat xəttinin bərpa olunması anlamına gəlir. Müharibənin bitməsi üçün ABŞ-ın Çinin bu marşrutdan imtina etdiyindən tam arxayın olması lazımdır. Əgər bu əminlik hasil olmasa, ABŞ və Böyük Britaniya müharibənin bitməsini istəməyəcəklər. Ukrayna isə təkcə hərbi cəhətdən deyil, iqtisadi baxımdan da ABŞ-ın təsiri altındadır və nə yazıq ki, Putinin strateji dargörüşü onu bu hala gətirib çıxarıb".

Bir sözlə, Heydər Oğuz bu şərtlər yaranmasa, Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyinə də inanmır.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.