Eynulla-AzTV toqquşması: iqtidarda gedən proksi müharibənin lokal fraqmenti...

10-09-2024, 10:40           
Eynulla-AzTV toqquşması: iqtidarda gedən proksi müharibənin lokal fraqmenti...
Amerikalı sosioloq, mənşəcə çex-alman qarışığı olan Karl Doyç 1964-cü ildə "proksi müharibə" terminini dövriyyəyə buraxdı. Bu, vasitəçilik savaşı da adlanır.
Yəni üçüncü ölkə proksi-savaşda piyada (peşka) statusundadır. Yəni iki böyük oyunçu üçüncü ölkədə müttəfiqləri vasitəsi və ya düşmən tərəflərə yardım etməklə toqquşur. Örnəyi Suriya böhranı. Örnəyi Ukrayna münaqişəsi. Örnəyi Qəzza müharibəsi.
Hər birində güc mərkəzləri eyni olsa da, poliqon fərqli, müttəfiqlər başqadır. Misal üçün Suriyada Qərb-Şərq döyüşür: bir yanda amerikalılar, qarşı səngərdə ruslar, iranlılar. Di gəl, onlar birbaşa üzbəüz gəlmirlər. Proksi qüvvələr vasitəsi ilə toqquşurlar - bir tərəfin dəstəklədiyi kürd qrupları və bəzi terror təşkilatları, o bir cinahın himayə etdiyi Azad Suriya ordusu və s.
Qəzzada da proksi müharibədir: İranın yardım etdiyi HƏMAS, Hizbullah, husilər, Zeynəbiyyun, Fatimeyun və s. silahlı qanadlar İsrailə qarşı vuruşur, amma yəhudi əsgəri ilə fars hərbçisi döyüşmürlər.
Proksi müharibənin daha bir böyük coğrafiyası Ukraynadır. Burada leqal və aydın dəstək görünür. NATO və Avropa Birliyi gizlətmədən Ukraynanın müdafiəsini təşkil edir. Əslində, elə Qərb Rusiya ilə Ukraynada məhz həmin vasitəçilik müharibəsi aparır. Sadəcə, NATO əsgəri ilə rus hərbçisi üzbəüz gəlmirlər - Baydenin dediyi kimi.
Bu nümunələr siyasi mübarizə səhnəsində də sözsüz ki var. Müxtəlif siyasi mərkəzlər, klanlar öz proksi güclərindən istifadə etməklə, özləri isə səhəninin pərdəarxasında gizlənməklə bir-birinə qarşı propoqanda aparırlar. Azərbaycanda da siyasi hakimiyyət kluarlarında zaman-zaman belə konfliktlər olub. Hətta köhnə qvardiya dönəmində bu intriqalar, qarşılıqlı qara piar aparmaq tendensiyaları davamlı xarakter alırdı. İndi də saraydaxili çəkişmələrin bəzi elementləri vaxtaşırı təzahür edir. Səhnədə görünməyən qüvvələr öz media resursları, yaxud propoqanda ruporları vasitəsi ilə proksi savaşa çıxırlar. Bir sıra hallarda bunu hiss etdirməməyə çalışırlar, lakin heç də həmişə uğurlu alınmır, gec-tez əlamətləri üzə çıxır.
Anaxeber.info yazır ki, məsələn, sonuncu söz atışması - AzTV ilə haqqin.az rəhbəri Eynulla Fətullayev arasındakı qalmaqal məhz proksi döyüşə bənzəyir. Eynulla Fətullayevin AzTV sədri Rövşən Məmmədovu və onun dissertasiyasını "geydirmə" adlandırması, daha əvvəl isə efirdə gedən verilişlə bağlı telekanalı tənqid etməsi, qarşı tərəfin də Eynullanı və saytını reketçilikdə günahlandırması tərəflərin bağlı olduqları siyasi qrupların lokal toqquşmasına oxşayır. Yeri gəlmişkən, Fətullayev artıq həmin tənqidi postları öz sosial media hesabından yığışdırıb, görünür, ya belə tələb olunub, ya da "atəşkəs" əldə edilib, çünki AzTV də analoji addım atıb. Fəqət açılan atəş və qısamüddətli, məhəlli qarşıdurma onun arxasındakı nəhəng qrupların olduğuna deməyə əsas yaratdı. Əslində, bu, hakimiyyət içində çoxdan davam edən, hətta həlledici mərhələyə daxik olduğu görünən proksi müharibədən bir fraqment idi. Bu mübarizə siyasi-iqtisadi platformalarda da gedir, media və QHT sahəsində də, qanunverici və icraedici orqanlarda təmsilçilik məsələsində də özünü göstərir. Hər halda, son parlament seçkilərinin nəticələri də müəyyən təsəvvürlər formalaşdırmaqda kömək edə bilər. O baxımdan Eynulla-AzTV lokal qarşıdurması həmin strateji rəqabətin bir fəsli, ya da görünən bir hissəsidir. Şübhəsiz ki, müxtəlif cəbhələrdə bu proksi savaşın gedəcəyini gözləməyə dəyər. Çünki hədəflər bəllidir və tərəflər zaman-zaman öz rıçaqları ilə səhnəyə çıxaraq döyüşəcəklər, sonra geri çəkiləcəklər.


Azər Talıbov
Anaxeber.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.