İqlim dəyişikliyi mifi və əsl ekoloji problemlərin həlli.

7-10-2024, 08:08           
İqlim dəyişikliyi mifi və əsl ekoloji problemlərin həlli.
Son illərin ən dəb mövzusu “iqlim dəyişikliyi” məsələsidir, bu məsələdə o qədər miflər yaradıblar ki, əsl ekoloji problemlərin həlli, az qala, kənarda qalıb. Halbuki, insan övladı məhz ekoloji problemlərin həllinə köklənməli, təbiətə vurulan ziyanı mimimuma endirməli, təbiətdə həmahəng yaşamağı öyrənməlidir.
Ekoloji problemlərin həlli çox vacibdir, amma bunun “iqlim dəyişikliyi” ilə birbaşa heç bir əlaqəsi yoxdur – bəli, dolayı və cüzi təsirləri ola bilər, amma Yer planetində iqlim həmişə dəyişib, sonradan təbiət özü tənzimləməni həyata keçirib. İnsan övladı məhz o tənzimləməyə mane olmamalıdır, öz üzərinə düşəni etməli. Su hövzələrini çirkləndirməməli, yaşıllığı qorumalı və artırmalı, təbiətin vəhşi istismarına son qoymalıdır.
Amma gördüyümüz odur ki, son illər ekoloji məsələlər kənarda qalıb, “iqlim dəyişikliyi” haqqında miflər yaradılaraq bu sahəni də iri biznesə, pul toplamaq üçün vəsitəyə çevirirlər, məsələni “gretathunbergləşdirirlər”.
Dünyada iqlim yüzminillərdir dəyişib, indiki dövrdə bu məsələni aktualaşdırıb pul yığma vasitəsinə, ölkələrə, əsasən də neft-qazla, təbii resurslarla zəngin ölkələrə təzyiq vasitəsinə çevirmək üçün müxtəlif miflər uydurulur. Məsələn:
1) Yeni bir termin uydurublar – iqlim dəyişikliyi qaçqınları, və sübut etməyə çalışırlar ki, bu 21-ci əsrin “fenomenidir”, məhz indi, iqlim dəyişir deyə ortalığa çıxıb. Tam bir cəfəgiyyatdır – insanlıq tarixi haqqında yazılı mənbələrin yaşı qədər iqlim dəyişikliyi, quraqlıq, susuzluq və s. dəyişikliklərə görə köçən edən insan qrupları haqqında məlumatlarla doludur, bu hələ son 4-5 min ilin mənbələridir. Arxeoloji qazıntılarla elmi olaraq sübut olunur ki, iqlim dəyişdiyinə görə cənubdan-şimala, şərqdən-qərbə və əks istiqamətlərdə insanlar qrup şəklində daim köç edib yeni resurslar, yeni münbit torpaqlar və şarait axtarıblar. Yəni, “iqlim dəyişikliyi qaçqınları” 21-ci əsrin yox, onminillərin mövzusudur,
2) Dünyanın “mainstream” mediyası, böyük güclərin maragına xidmət edən media-holdinqlər, məsələn, “Euronews” TV kanalı, demək olar ki, hər gün daşqınlar, quraqlıq, və s. hadisələrlə bağlı dünyanın müxtəlif yerlərindən reportajlar verib qaramsal bir mənzərə cizirlər ki, baxın ha, bütün bunlar “iqlim dəyişməsinin” nəticəsidir. Son həftələrdə isə maraqlə bir təzad yaşadılar – 2 ay əvvəl, “Avropa quraqlıqdan yanır – bu iqlim dəyişməsinin nəticəsidir, bundan sonra Avropada quraqlıq olacaq, aqrar sektor susuz qalacaq, şəhərlərdə su olmayacaq”, deyə başlıqlar atıb camaatı qorxudurdular, son 1-2 həftədə isə, “Avropa leysanlara təslim oldu, hər yeri su basdı, çaylarda su qalxdı, su çoxaldı, fəlakətdir, iqlim dəyişir”, deyib yenə hər şeyi “iqlim dəyişikliyinə” bağladılar. Birincisi, indi hamının əlində kameralı telefon, medianın hər yerdə öz jurnalistləri var – təbii ki, hər bir hadisə kameralara tuş gəlir, çəkilir-yayılır. Yaxşı, 200-300-500-1000 il əvvəl quraqlıq və subasmalar olmurdu?! Təbii ki, olurdu, sadəcə onları sənədləşdirmək mümkün deyildi, amma arxeoloqlar dəfələrlə çay yataqlarının dəyişməsi, çayların quruması, tam tərsinə, yeni çay yataqlarının yaranması ilə bağlı minlərlə faktlar ortalığa qoyublar – bəs, məsələn, 2000 il əvvəl bu hadisələr olanda insan övladı nə edirdi ki, iqlimi dəyişdirirdi?! O zaman dünyada bir neçə on milyon insan var idi, nə zavod vardı, nə fabrik, nə neft məhsulları, nə də avtomobil – yaxşı, niyə quraqlıq olurdu, nədən daşqınlar yaşanırdı?!
3) Dünyada bir neçə dəfə “buz dövrü” olub, yəni iqlim gah çox soyuyub, gah da istilənib, o zaman indiki insan övladı hələ Planetdə yaşamırdı, bəs yaxşı, iqlim nədən dəyişirdi?! Sonuncu “buz dövrü” 11 min il əvvəl bitib və qlobal istiləşmə başlayıb – inanın ki, bunun da insan fəaliyyəti ilə qəti əlaqəsi olmayıb.
İnsanlıq bu “iqlim dəyişikliyi” miflərini, təzyiq vasitəsini, iri beynəlxalq təşkilat və koorporasiyalar üçün pul yığmaq metodunu bir kənara qoyub əsl problemlə - ekologiyaya vurduğumuz yaraların sağalması ilə məşğul olmalıdır. Başqa yol yoxdur, dünya miqyasında başımızı nağıllarla aldadıb növbəti beynəlxal dərəcəli “dələduzluqla” məşğul olurlar, təbiət isə insanların ağılsız və məsuliyyətsiz münasibətindən əziyyət çəkir...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.