“DEDİN Kİ, HEÇ ZAMAN HEYDƏR ƏLİYEVƏ “MÖHTƏRƏM PREZİDENT” DEMƏYƏCƏM...” – “Bilirsən, ölkədə sənin kimi nə qədər alim var?!”

17-10-2024, 15:27           
“DEDİN Kİ, HEÇ ZAMAN HEYDƏR ƏLİYEVƏ “MÖHTƏRƏM PREZİDENT” DEMƏYƏCƏM...” – “Bilirsən, ölkədə sənin kimi nə qədər alim var?!”
Sabiq xarici işlər naziri, Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin qələmə alıb çap etdirdiyi "Vilayət Quliyev: Böyük insan haqqında xatirələr" kitabı sabiq deputat, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq baş konsulu, Yeni Azərbaycan Partiyasının yaradıcılarından və “91-lər”dən biri Xeyrəddin Qocanın narazılığına səbəb olub. Buna səbəb xatirələr kitabında X.Qoca haqqında yazılanlardır.

TEREF xəbər verir ki, X.Qoca “AzPolitika.info”-ya təqdim etdiyi yazısında V.Quliyevin iddialarına sərt cavab verib. Həmin cavab yazısını təqdim edirik:

Səfir Vilayət Quliyevin işi-gücü qurtarıb, "zəhmət çəkib", "baş sındırıb", "Vilayət Quliyev: Böyük insan haqqında xatirələr" (2023-ci il) kitabında mənim də "tarixçəmi" xatırlayıb, məni də "əbədiləşdirib". İstəyirəm, mən də Vilayəti "əbədiləşdirim"...

Vilayət Quliyev yazır: "Heydər Əliyev onu (yəni məni) 1990-cı illərdə hamının röyalarında yaşatdığı İstanbula, mühüm diplomatik vəzifəyə təyin etmişdir. Bundan gözəl nə ola bilərdi? Sadəcə İstanbulun yaratdığı geniş imkanlardan (görəsən, bu imkanlar nədən ibarət imiş?) istifadə edərək işləmək, yüksək etimadı doğrultaq lazım idi. Xeyrəddin isə narazı idi. Hər dəfə görüşəndə geri çağrılması haqqında növbəti ərizəsin mənə verir, üstəlik də "Camaat Bakıda rahat oturub pul qazanır, mən niyə dərbədər düşməliyəm? Qoy Nizami (Teleradio Şirkətinin sədri mərhum Nizami Xudiyev), Ramiz Mehdiyev burada qarovul çəksinlər, mən ikisindən birinin yerində işləyib, hər ay maaşlarını artıqlaması ilə göndərərəm" – deyə gileylənirdi".

Bu fikirlər tamamilə yalan və uydurmadır. Əvvəla, mən Vilayət Quliyevə heç vaxt ərizə verməmişəm. O nazir kimi məni vəzifəyə təyin etməmişdir, vəzifədən də çıxara bilmədi. Məni Prezident Heydər Əliyev baş konsul təyin etmişdir və mən o vaxta qədər Xarici İşlər Nazirliyində bir gün də işləməmişdim. Vilayət Quliyev nazir olmamışdan əvvəl isə iki nazir ilə işləmişəm. Mən Heydər Əliyevlə daha yaxın münasibətdə idim, nəinki Vilayət Quliyevlə. Vilayət Quliyev nəyi həll edə bilərdi ki, mən ona ərizə verim? Əgər elə bir şey olubsa, bircə ərizəmi ortalığı çıxarsın! Cəmi bircə dəfə Prezidentə müraciət yazıb, ailə vəziyyətimlə bağlı Bakıya qayıtmaq, Azərbaycanda işləmək arzumu bildirmişəm. Bəs Vilayət Quliyev, Ramiz Mehdiyev və Nizami Xudiyevin adlarını niyə uydurub? Əvəlla, mən bir diplomat kimi, belə fikrimi Vilayət Quliyev kimilərinə söyləmərəm ki, o da mən işdən çıxandan 22 il sonra belə hədyan yazsın. Vilayət Quliyevdən fərqli olaraq, mənim Ramiz Mehdiyevlə heç bir əlaqəm olmayıb, bir də mənim heç zaman elə düşüncəm ola bilməz ki, gedib Prezident Aparatı rəhbərinin yerində işləyim. Onun uzun illərin dövlətçilik təcrübəsi vardı və heç vaxt məni onun yerinə təyin etməzdilər. Yəni mən bunu başa düşmürdüm? Belə sözü mən necə deyə bilərdim? Həm də Ramiz Mehdiyevin Vilayət Quliyev kimi adamına?!...

Nizami Xudiyev məsələsinə də aydınlıq gətirim. İstanbulda baş konsul vəzifəsində işləyəndə Bakıdan yanıma bir qəzet müxbiri gəlmişdi. O, məndən müsahibə aldı və Bakıya qayıdıb gözləmədiyim halda "Xeyrəddin Qoca AzTV-yə sədr gəlir?" başlıqlı bir məqalə dərc etdirdi. Nizami Xudiyev də məndən küsdü. İkimiz də Milli Məclisin deputatı idik. Düz üç dəfə qəzetlərə bəyanat yazdım ki, "Mən heç vaxt belə arzuda olmamışam, belə fikrim olsa belə, cəsarət edib bunu Prezidentə deyə bilməzdim, Prezident də mənə belə təklif etməyib." Nizami Xudiyev bu bəyanatımı oxuyandan sonra mənimlə “barışdı”. Vilayət Quliyev bu söz-söhbətə görə böhtan fikirlər yayıb...

Vilayət Quliyev yazıb ki, “Geri çağırılmaqla bağlı ərizələr (axı, bir dəfə Prezidentə müraciət etmişdim...) artıq Prezidentin Mühafizə Xidmətinə - Vaqif Axundovla Bəylər Əyyubova da təqdim olunmuşdur”. Bu da ağ yalandır! Prezidentə yazılan məktub Mühafizə Xidmətinin əməkdaşlarında ola bilməzdi!

Bu ədəbiyyat doktoru əlavə edir: “Dövlət başçısı onların vasitəsi ilə məsələdən xəbər tutsaydı, yaxamı kənara çəkməyə görə məni haqlı məzəmmət edə bilərdi”. Bu cümlədən belə məlum olur ki, mənim işdən çıxarılmağım üçün Vilayət Quliyev şəxsən çalışırmış... Mən işdən çıxmaq istəyirdimsə, bu mənim şəxsi işimdir. Vilayət Quliyev məni zorla işdə saxlaya bilməzdi, axı!

Vilayət Quliyev daha sonra utanmadan, çəkinmədən qeyd edir: “Baş konsulun xahiş-tələbi (nə tələb?) barəsində məlumat verəndə (əvvəla, mən özüm müraciət edib məlumat vermişəm. Sənin yazdığına görə Mühafizə Xidmətinin əməkdaşlarında da ərizələr varmış, onda sən nə məlumat verirsənmiş?) Heydər Əliyev bir müddət heç nə demədi, sonra təəssüflə başını bulayıb (bulayıb nədir?) dedi: - Sən onun başına ağıl qoy. Əvvəldən də bilirdim ki, göydən ulduz qoparan deyil(?). Amma ürəyitəmiz adamdır, sədaqətlidir. Özünə, ailəsinə yazığım gəldi(?), gəlib burada nə iş görəcək? Ortalıqda qalıb it döyəcək…”

Heydər Əliyevin nitqində “göydən ulduz qoparan deyil”, “ortalıqda qalıb it döyəcək” ifadələri ola bilməz! Bu fikirlər Vilayət Quliyevin növbəti iftirasıdır.

Heydər Əliyev “sən onun başına ağıl qoy” sözlərini də söyləməmiş, çünki rəhbər məni baş konsul vəzifəsinə göndərəndə ağlımın olub-olmadığını bilirdi! Baş konsul getməmişdən əvvəl kitablar yazmışdım, səhnə əsələrim müxtəlif teatrlarda, AzTV-də tamaşaya qoyulmuşdu, millət vəkili olmuşdum, hətta baş konsul ola-ola millət vəkilliyim də qalmışdı. Prezident mənə hörmət etdiyi üçün axıra qədər deputat qaldım. İndi Vilayət özünü ağıllı hesab edir!

Vilayət Quliyev daha “irəli gedərək” yazır: “Amma Xeyrəddin “mübarizəsi”ni davam etdirib, bir müddət sonra geri çağırılmaq istəyinə nail oldu. Və təbii ki, Bakıda heç bir “karlı” vəzifə ala bilmədi. Polşada səfir olduğum vaxt bir dəfə onu Xarici İşlər Nazirliyinin qarşısında gördüm. Polislər içəri buraxmaq istəmirdilər. “Xeyrəddin, belə vəziyyətə düşmək üçün gəldin?” - deyə soruşdum. Sualıma “qardaş, baş yoxdur” sözləri ilə cavab verdi”.

Bütün bunlar Vilayət Quliyevin ürəyindən keçənlərdir. Əvvəla, mən ora xidməti pasport almaq üçün getmişdim. İkincisi, Vilayət Quliyevlə sadəcə görüşdüm, heç bir söhbət etmədik. Yadımdadır, o mənimlə barmaqlarının ucu ilə könülsüz görüşdü. Məni tanıyanların hamısı bilir ki, ömrümdə rüşvət almamışam. Deməli “karlı” vəzifə də axtarmamışam. Vilayət Quliyevin fikirləri məni nüfuzdan salmaq üçündür! Mən Baş Konsulluqdan geri çağırılanda Heydər Əliyev xəstəxanada müalicə olunurdu. Ramiz Mehdiyevin kabinetində Novruz Məmmədov və başqa bir nəfər də var idi. Onlar şahiddirlər, mənə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini vəzifəsi təklif olundu, istəmədiyimi, yazı-pozu ilə həyatımı davam etdirəcəyimi bildirdim. Nə “karlı” vəzifə? Ayıb deyil, Vilayət Quliyev?

Mən heç zaman işsiz olmamışam. Yazıçı işsız olmur. Böyük bir partiyanın Veteranlar Şurasının üzvüyəm. Konsulluqda 5 il 4 ay işlədim, vaxtım bitdiyi üçün geri çağırıldım. Hələ 4 ay da artıq işlədim. Yəni Vilayət Quliyevin yazdığı kimi, “mübarizəni” davam etdirib geri çağırılmadım! Bir ədəbiyyat adamı bu qədər yalanı, böhtanı, iftiranı necə yaza bilər? Özü də bilir ki, mən ədalətsizliyə dözmürəm! Konsulluqdan 22 ildir ayrılmışam, başımı aşağı salıb, yaradıcılıqla, ailəmlə məşğulam. Dövlət məni ordenlərlə, medalla təltif edib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alıram, yüksək pensiya ilə təmin olunmuşam, 75 yaşımın tamam olmasına 3 ay alıb...

Bir də unutma, Vilayət Quliyev, mən 90-cı illərdə Heydər Əliyevə mətbuatda atılan böhtan və iftiralara cavab verəndə, sənin Milli İstiqlal Partiyasında nə işə məşğul olduğunu hamı bilir. Unutmamısansa, bir dəfə Azərbaycan nəşriyyatından çıxıb səninlə söhbət edə-edə Politexnik İnstitutunun qarşısından aşağı düşəndə mənə dedin ki, “Mən “Millət” qəzetində sənin Heydər Əliyev haqqında bir neçə məqaləni çap etmişəm, amma Heydər Əliyev mənə vəzifə-zad da vermir…”

Bax, o vaxt sən müxalifətdə ola-ola “karlı” vəzifə axtarırdın! Beləcə Xarici İşlər naziri oldun, sonra da mənə dedin ki “Mən Heydər Əliyevə heç zaman “Möhtərəm Prezident” deməyəcəyəm, yalnız “cənab Prezident” deyəcəyəm”. Elə də oldu. Nazirlikdə çox işləyə bilmədin, səni işdən çıxardılar, mətbuatda vay-şüvən saldın ki, Xarici İşlər nazirini işdən çıxaranda gərək səfirdən-zaddan bir şey versinlər! Sənə yazıqları gəlib, səfir vəzifəsi verdilər. İndiyə qədər də səfirsən…

Mən isə 23 ildir azad, bəxtiyar yaşayıram. Sənin mənimlə nə işin ola bilər, axı! Bir də unutma ki, ağılsız adam sənə belə cavab verə bilməz.

Nəhayət, müxtəlif vəzifələr alandan sonra Heydər Əliyev haqqında bu kitabı yazmaqda məqsədin nədir? Heydər Əliyev Kremldəki vəzifəsindən uzaqlaşandan sonra mətbuatda ona böhtan və iftiralar atılanda mən özümü oda-közə vururdum. Bəs sənin səsin niyə çıxmırdı? Mən səni Heydər Əliyevlə bağlı heç bir mübarizədə görmədim. “91-lər”in sırasında yoxsan, partiya quruculuğunda iştirak etməmisən, dövlət quruculuğunda heç olmamısan! Bəs sən kimsən? Sadəcə alim! Bilirsən, ölkədə sənin kimi nə qədər alim var?!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.