Qubad İbadoğlu Andrey Saxarov adına mükafata namizəd göstərilib
18-10-2024, 11:34
Azərbaycanlı alim, antikorrupsiya fəalı və siyasətçi Qubad İbadoğlu Avropa Parlamentinin 2024-cü il üçün akademik Saxarov adına "Düşüncə azadlığı" mükafatının üç nominantından biridir.
Avropa Parlamentinin xarici məsələlər və inkişaf komitələrinin üzvləri cümə axşamı gizli səsvermə zamanı bu mükafat üçün üç finalçını seçiblər, bu barədə təşkilatın saytında yer alan məlumatda deyilir.
Venesuela demokratik qüvvələrinin lideri və bu ölkənin seçilmiş prezidenti Edmundo Qonsales Urrutiya nominantlar siyahısındakı ikinci şəxsdir.
Üçüncü nominant iki tərəfdaş təşkilat - Fələstinin "Qadınlar sülhün tərəfdarıdır" və İsrail/Fələstinin "Günəş qadınları" ərəb-yəhudi təşkilatıdır.
İbadoğlunun namizədliyi "Azad Yaşıl/Avropa alyansı" fraksiyası tərəfindən irəli sürülüb. Doktor Qubad İbadoğlu azərbaycanlı alim və korrupsiyaya qarşı mübarizə fəaldır. O, 2023-cü ildə ölkənin neft-qaz sahəsini tənqid etdikdən və dövlətin oğurlanmış resurslarının qaytarılması üçün xeyriyyə təşkilatı qurduqdan sonra həbs edilib.
Hazırda o, ev dustaqlığındadır və onu 17 ilədək həbs cəzası gözləyir. Onun saxlanılması noyabrda Bakıda keçiriləcək COP29 forumu ərəfəsində alimlərin və vətəndaş cəmiyyəti fəallarının davam edən təqibinin başlanğıcı oldu. Avropa Parlamenti 2024-cü ilin aprelində qəbul etdiyi qətnaməsində ona qarşı ittihamları və onun səfərlərinə qoyulmuş qadağanı ləğv etməyə çağırıb, deyə Avropa Parlamentinin məlumatında qeyd edilir.https://www.europarl.europa.eu/news/en/press-room/20241011IPR24524/2024-sakharov-prize-finalists-shortlisted-by-meps
Avropa Parlamentinin Sədri Roberto Metsola və digər siyasi qrupların liderləri oktyabrın 24-də laureatı seçəcəklər. Qalib bundan dərhal sonra Avropa Parlamentinin Strasburqda keçiriləcək iclasında açıqlanacaq.
50 000 avro ölçüsündə mükafat nəzərdə tutan təltifetmə mərasimi dekabrda Strasburqda keçiriləcək plenar iclasda baş tutacaq.