Zelenskinin “QƏLƏBƏ PLANI” – Xam xəyallar, yoxsa məsuliyyətdən yayınmaq CƏHDİ?

18-10-2024, 12:27           
Zelenskinin “QƏLƏBƏ PLANI” – Xam xəyallar, yoxsa məsuliyyətdən yayınmaq CƏHDİ?
Xəbər verdiymiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski “Qələbə planı”nı Ali Radaya tam təqdim edib.

Zelenski bu proqramın “sülh sammitinə körpü” olacağını bildirib. O, plana əsasən müharibənin 2025-ci ilin sonunadək bitəcəyinə inandığını da diqqətə çatdırıb.

Zelenski planı 5 bənddən ibarətdir.
Birinci bənd geosiyasi məsələlərə aiddir və Ukraynanın NATO-ya dəvət edilməsini nəzərdə tutur.

İkinci bənd müdafiə sahəsini əhatə edir və buraya Rusiya ərazisində əməliyyatların davam etdirilməsi və onun ərazisinə zərbələrə məhdudiyyətlərin aradan qaldırılması, Rusiya aviasiyasının tərəfdaşlarla birgə məhv edilməsi, dron və raketlərdən istifadənin genişləndirilməsi, tərəfdaşların kəşfiyyat məlumatlarına əlçatanlıq daxildir. Bu bənd məxfi hissələrə sahibdir.

Üçüncü bənddə Ukrayna öz ərazisində Rusiyadan gələ biləcək istənilən hərbi təhlükədən qorunmaq üçün kifayət edəcək qeyri-nüvə xarakterli strateji sistemlərin yerləşdirilməsini təklif edib. Bu bənddə də məxfi hissə yer alıb.

Dördüncü bənddə isə Ukraynanın iqtisadi inkişafı və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi yer alıb.

Nəhayət beşinci bənd müharibəsonrası dövr üçün nəzərdə tutulub. Belə ki, müharibə başa çatdıqdan sonra ukraynalı hərbçilər öz təcrübələrindən NATO və Avropanın müdafiəsinin gücləndirilməsi üçün istifadə edə bilərlər. Qeyd olunub ki, Ukrayna hərbi birləşmələri müharibədən sonra Avropada ABŞ kontingentinin bir hissəsini əvəz edə bilər.

Lakin əksər ekspertlər Zelenskinin bu planının reallaşmasını mümkünsüz hesab edirlər.

Görəsən, Zelenskinin “qələbə planı”nın reallaşması niyə qeyri-mümkün görünür?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Zelenskinin məlum planının Ukraynanın resursları hesabına həyata keçirilməsi mümkünsüzdür:

“Planın icrası istiqamətində addımları Ukrayna ancaq NATO-ya sığınmaq, onun təhlükəsizlik çətiri altına girməklə, kollektiv Qərbdən davamlı şəkildə silah, sursat, maliyyə yardımı almaqla ata bilər. NATO isə, Rusiya ilə mümkün qarşıdurmaya görə Ukraynanı öz tərkibinə almağa tələsmir.

ABŞ-ın ardınca Böyük Britaniyanın da Ukraynaya Qərbə aid uzaq mənzilli raketlərlə Rusiya ərazilərinə zərbələr endirməyi qadağan etməsi məhz Moskva ilə qarşıdurma qorxusundan irəli gəlir. Qərbi təmsil edən siyasətçilər Rusiyanın ünvanına söylədikləri açıqlamalarda daha məsuliyyətli olublar”.

Ekspertin fikrincə, Zelenski qarşıdan gələn qış aylarında Rusiya ilə müharibə aparmağa gücünün çatmayacağını başa düşür:

“Ölkəni enerji ilə təmin edən infrastukturun 80%-i çöküb, ölkənin artan borcları onu defolt vəziyyətinə gətirə bilər. Bundan başqa, çağırışçılar ordu sıralarından yayınmağa çalışır, ölkənin kişi əhalisinin sayı müharibənin davam etdirilməsinə imkan vermir. Buna görə də Qərbin sifarişilə Zelenski çağırış yaşını qaldırmaq istəyir. Vergilərin artırılması barədə Radanın qəbul etdiyi qanun da müharibənin davam etdirilməsi uçun resursların tədricən tükənməsindən xəbər verir”.

“Zelenski məsuliyyəti üzərindən atmağa çalışır”

Həmsöhbətimiz düşünür ki, belə bir vəziyyətdə “Qələbə planı” təklifilə çıxış edən Zelenskinin məqsədi qarşıda Ukraynanı gözləyəcək məğlubiyyətə görə məsuliyyəti boynundan atmaq və Qərbi günahlandırmaqdır:

“Bu isə, tərəfləri müharibə girdabına sürükləmiş Qərbdəki bəlli dairələri bir o qədər də narahat etmir. Onlar Rusiyanı çökdürə və Putini hakimiyyətdən kənarlaşdıra bilməsələr də, suyu bulandıra biliblər. Lakin bu müharibə Qərbin “Axilles dabanı”nın olduğuna da aydınlıq gətirdi.

İstər Pentaqon, istərsə də Avropa Birliyinin yüksək çinli hərbçiləri etiraf edirlər ki, onların da ehtiyatları tükənib. Bu isə müharibınin davam etdirilməsinin perspektivsizliyinin Qərb tərəfindən dolayısı ilə etirafıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.