Dünyada nə baş verir? HƏMAS lideri Yəhya Sinvarın öldürülməsi və Şimali Koreyanın Rusiyaya əsgərlərin göndərilməsi.
19-10-2024, 12:04
"HƏMAS"ın lideri Yəhya Sinvarın öldürülməsi rəsmi təsdiqlənib. Bu çox ciddi hadisədir. İlk növbədə qeyd etmək lazımdır ki, Sinvar İsrailə 7 oktyabr hücumunun əsas təşkilatçılardan idi. 7 oktyabrdan bəri Sinvar İsrail ordusunun və xüsusi xidmət orqanlarının əsas hədəflərindən biriydi, amma Sinvarın özünümüdafiə üsulu onu əlçatmaz edirdi. Hansı üsul? Yəhya Sinvar üzərinə partlayıcı maddələr asırdı və ətrafında əsirləri saxlayırdı. Bu səbəbdən də İsrail ordusu onu vura bilmirdi, ölümü isə təsadüf nəticəsində baş verdi(ən azı nelə təqdim olunur). Tankın binaya atəşi nəticəsində Sinvar həyatını itirdi.
İndi isə bu məsələyə geosiyasi prizmadan baxaq.
7 oktyabrda "HƏM*S"ın İsrailə hücumunda bir neçə ölkə maraqlı idi: Rusiya, Çin, İran. Sonraki araşdırmalar göstərdi ki, "HƏM*S" Rusiyadan hücum öncəsi kifayət qədər ciddi maliyyə resursu almışdı. Rusiyanın marağı ondan ibarət idi ki, "HƏM*S"ın əliylə regionu alovlandırmaq, İranı prosesə qoşmaq, neftə qiymətlərin kəskin artmasına nail olmaq və Qərbin(ABŞ-ın) diqqətini Ukraynadan yayındırıb Yaxın Şərqə yönləndirmək idi.
Nəticə etibarı ilə, heç bir regional müharibədən söhbət getmir və gedə də bilməz, İsrail İranın proksi və Rusiyanın regionda müttəfiq qruplaşmaları davamlı şəkildə yer üzündən silir, Rusiyanın və İranın regionda mövqeləri uçuruma doğru gedir, İranın prosesə ciddi qarışmaq fikri yoxdur.
Bu da avantüranın nəticəsi.
Şimali Koreya.
Şimali Koreyanın Rusiyaya əsgərlərini yollaması xəbəri təsdiqlənib. Hal-hazırda Rusiyanın silah-sursatlara kəskin ehtiyacı var və Şimali Koreya bu günə qədər Rusiyaya artilleriya mərmiləri, raketləri və s. tədarük edirdi. Buna cavab olaraq Cənubi Koreya Ukraynaya 3-cü ölkələr vasitəsilə 155 mm-lik artilleriya mərmiləri göndərirdi. Son xəbər fonunda Cənubi Koreya bəyan etdi ki, əgər Şimali Koreya əsgərləri Rusiya tərəfində vuruşmağa başlasalar, Cənubi Koreya Ukraynaya birbaşa silah tədarükünə start verəcək, unutmayaq ki, Cənubi Koreya dünyada müasir silahların istehsalı üzrə lider ölkələrdən biridir. Və artıq görsənən odur ki, Cənubi Koreyanın Ukraynanın tərəfində prosesə qoşulması qaçılmazdır.
Başqa sözlərlə Putinin Yaxın Şərq avantürası iflas olduğu kimi, Şimali Koreya avantürası da iflas olacaq, amma Rusiya üçün daha ağır nəticələrlə.
Kamran Jafarov
TEREF