“ZELENSKİNİN KÖYNƏYİ VƏ KREMLİN QORXUSU...” - “Rusiya imperiya formasında qaldıqca dünya üçün təhlükədir”

1-11-2024, 16:08           
“ZELENSKİNİN KÖYNƏYİ VƏ KREMLİN QORXUSU...” - “Rusiya imperiya formasında qaldıqca dünya üçün təhlükədir”
Siyasətdəki təsir və mübarizə vasitələrindən biri də düzgün şüarlar və lazımi simvollar vasitəsilə mesaj vermək üsuludur. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin Donald Trampın “Make Amerika Great Again” şüarından özünəməxsus nümunə götürməklə üzərində “Make Russia Small Again”(Rusiyanı yenidən kiçik edək) yazılmış köynəklə ictimaiyyət qarşısına çıxması Rusiyanın tarixinə, onun hansı yollarla imperiya olmasına, eyni zamanda da bu imperiyanın zaman axınında necə kiçilməsinə işarədir.

Rusiya tərəfindən buna reaksiya göstərilməsi isə əslində dərin mətləblərdən xəbər verir. Belə ki, Rusiya Ukraynada apardığı müharibədə gözlədiyi nəticəni əldə edə bilməsə və ya məğlub olsa, onun “tarixi büzüşmə” prosesi sürətləcək.

“AzPolitika” xəbər verir ki, Ukraynanın “Qlavred.info” saytı “Ukrayna Rusiyanın böyüklüyünü dağıdır: Zelenskinin “futbolkası” Moskva üçün “qırmızı parçaya” çevrilib” başlıqlı məqaləsində sözügedən mövzuya toxunur: “Ukrayna Prezidenti Volodimir Zelenskinin geyindiyi futbol köynəyində yazılmış “Make Russia Small Again” (Rusiyanı yenidən kiçik edək) yazısı rusiyalılarda bərk isterika yaradıb. Çünki bu, Rusiya imperiyası üçün “Köşşeyin ölümü” formulasıdır və Rusiyanın ən zəif yeridir.

Müasir Rusiya əsarət və işğala söykənən imperiyadır və nə hansısa vahid Rusiya, nə də ki, vahid Rusiya tarixi mövcud deyil. Həqiqətən də nə vaxt ki, söhbət Rusiya tarixindən gedir, deməli söhbət həm də ölkələri və xalqları işğal edən imperiyanın tarixindən gedir.

Təəssüf ki, hansısa xalqları Rusiya tamamilə həzm edib. Eyni zamanda əsarətdə olan xalqlar da var ki, onlar öz müstəqilliklərini bərpa etməyə hazırdırlar. Ona görə də ruslarda “Make Russia Small Again”yazısı ciddi təlaşa səbəb olur. Amma yaxşı olardı ki, Ukrayna tərəfdən təkcə emosiyalar və ironiya yox, həm də bu işə daha ciddi yanaşma olsun. Müasir Rusiyanın imperiyadan müstəqil demokratik dövlətlərin birliyinə çevrilməsi zarafat iş sayılmasın. Yəqin ki, bu, Ukrayna strategiyasının əsasını təşkil etməliydi. Çünki bu, Rusiyanın nə Ukraynaya, nə də bütün dünyaya təhlükə yaratmayacağının yeganə ən samballı təminatıdır. Qələbə planlarında məhz bunlar nəzərə alınmalıdır.

Ukraynanın “Qələbə Planı”nın bəndlərindən asılı olmayaraq, indiki Rusiya imperiyasının milli demokratik respublikalara format edilməsi vacibdir. Bundan əlavə, Ukrayna bu tezislə dünyaya çıxmalıdır. Dünyaya göstərmək lazımdır ki, Rusiya qətiyyən federasiya deyil. O, imperiyadır və xaqları əsarət altında məhv edir, genişlənməyə can atır və elə məhz buna görə də Ukrayna və ukraynalıları öz imperiyasına qatmaq istəyir.

Zelenskinin köynəyindəki yazıya hətta Rusiya Xarici İşlər Nazirliyi reaksiya göstərib. Çünki Rusiya Federasiyası bu sözlərdə özü üçün təhlükə hiss edir.

Rusiyada çox gözəl anlayırlar ki, əsarətə salınmış xalqların fəallığının artması və onların yerin təkindəki faydalı yataqlara özlərinin yiyələnməsi, həmçinin suverenlik tələbi Rusiya üçün çox böyük təhlükədir. Bütün bunlar imperiyanın dağılmasına gətirib çıxara bilər. Elə buna görə də nəinki gözəl və şən təsvirli futbol köynəkləri geyinmək, eyni zamanda bu tezisi dövlət siyasətinə çevirmək lazımdır.

Təqdirəlayıq haldır ki, Ukrayna parlamentində Rusiya Federasiyasının əsarət altına alınmış xalqlarının məsələləri üzrə müvəqqəti xüsusi komissiya yaradılıb. Həmin komissiya tərəfindən Rusiyanın boyunduruğu altına salınmış xalqlarla bağlı dövlət siyasətinin başlıca prinsipləri haqqında qanun layihəsi hazırlanıb. Lakin təəssüf ki, bu qanun layihəsi hələ də komitədən keçməyib.

Ümid edək ki, Ukrayna Prezidentinin indiki siqnalı və Rusiya Xarici İşlər Nazirliyinin ona aktiv reaksiya göstərməsi Ali Radanın Xarici Əlaqələr Komitəsinin üzvlərini operativ işə başlamağa sövq edəcək.

Bu qanun layihəsində BMT nizamnaməsinə və beynəlxalq hüquqa zidd heç nə yoxdur. Burada söhbət əsas hüquqlardan biri olan xalqların öz müqəddəratını təyinetmə hüququndan gedir. Bu, BMT-nin qəbul etdiyi əsas hüquqlardan biridir. Ona görə də bu qanun tez bir zamanda qəbul edilməlidir.

Yeri gəlmişkən, Mariya Zaxarovanın Zelenskinin köynəyindəki yazı ilə bağlı verdiyi şərhdəki maraqlı nüans Rusiyanın imperiya modelləridir: 1917-ci ilə qədər Rusiya imperiyası, 1991-ci ilə qədər isə SSRİ mövcud olub. Beləliklə, Rusiya getdikcə kiçilib. Rusiya imperiyasının 1917-ci ilədək idarə etdiyi ərazilər SSRİ-nin ərazisindən, SSRİ-nin ərazisi isə indiki “Rusiya Federasiyası”adlanan subyektdən böyük olub.

Deməli, əslində, “Make Russia Small Again” şüarından asılı olmayraq, yüz ildir ki, Rusiya kiçilir və bu, artıq tərəqqidir. Amma bu “kiçilmə” Ukraynanın yenidən işğal olunması cəhdi üzündən sürətlənə bilər. Rusiyanın hansı sərhədlər daxilində mövcud olacağını söyləmək çətindir. Ukraynanın vəzifəsi Rusiyanın sərhədlərini müəyyən etmək deyil, ancaq Ukrayna Rusiyada öz müqəddəratını təyin etmək istəyən əsarət altına salınmış xalqlarla işləməli və onları dəstəkləməldir.

Ola bilər ki, onlardan bəziləri Moskvadan tam müstəqillik qazanmağa çalışsın, bir qismi isə muxtariyyət və yenidən federallaşma barədə düşünsün. Bütün bunlara həmin xalqlar qərar verəcəklər.

Biz yalnız bir şeyi anlamalıyıq ki, Rusiya indi imperiyadır və o, bu formada qalmamalıdır, çünki Rusiya belə bir vəziyyətdə Ukrayna və dünya üçün təhlükədir. Qərbin də bunu məhz bu cür başa düşməsi ayrı bir məsələdir. Amma hər halda vəziyyətin bu cür anlaşılması təkcə ekspertlər səviyyəsində yox, siyasi müstəvidə də özünü göstərməyə başlayır. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Rusiyanın müstəmləkəsizləşdirilməsinin vacibliyindən bəhs edən bir sıra bəyanatlar qəbul edib.

Bunun ABŞ-də anlaşılması daha çətindir,amma artıq bu mövzu üzərində işləyən bir neçə ciddi ekspertlər var. Məsələn, ”Jamestown Foundation”dan Yanuş Buqayskini nümunə göstərmək olar. Lakin hətta Amerikadakı anti-Putin siyasətçiləri arasında da qeyri-sağlam rus sevgisi, Rusiyanın miqyasına və rus mədəniyyətinə heyranlıq duyğusu var. Bu səbəbdən də Putini və onun apardığı müharibəni qəbul etməyənlər nəyə görəsə “yaxşı ruslar” axtarırlar. Onlar Putinin siyasətinin əleyhinə olan hansısa liberalları axtarırlar, halbuki, həmin adamların Rusiya cəmiyyətindəki siyasi təsir imkanları çox cüzidir.

Ümumiyyətlə, Ukrayna Qərb ekspertləri və siyasətçiləri ilə işləməlidir ki, onlar lazımi insanları “ruslar” və “yaxşı ruslar”arasında yox, Rusiyanın əsarəti altına salınmış xalqlarının nümayəndələri arasında axtarsınlar”.

C. Məmmədov

“AzPoliktika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.