Milyonlarla dolları ələ keçirən dələduz ailə Dubaya necə qaçdı... - fırıldaq

31-05-2015, 15:35           
Milyonlarla dolları ələ keçirən dələduz ailə Dubaya necə qaçdı... - fırıldaq
İnterpol Azərbaycanda dələduzluq yolu ilə yüz minlərlə dolları ələ keçirən ailənin üzvlərini axtarır.

Virtualaz.org saytı hüquq-mühafizə orqanlarından daxil olmuş materiallara istinadən xəbər verir ki, beynəlxalq polis təşkilatı Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında əslən Lerik rayonundan olan Cəbiyev Əbdülhüseyn Mirzağa oğlunun və onun arvadı, Lerik rayonda anadan olmuş Cəbiyeva Yavər Alim qızının barəsində beynəlxalq axtarış elan edib.

Həmçinin məlum olub ki, onların oğlu Cəbiyev Zahid Əbdülhüseyn oğlu da milyonlarla dollarlar məbləğdə pulu dələduzluq yolu ilə ələ keçirdiyinə görə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.

Nərimanov Rayon Polis İdarəsində 2014-cü ilin avqustunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qaldırılmış cinayət işinin materiallarına əsasən Cəbiyev Əbdülhüseyn Mirzağa oğlu həyat yoldaşı Cəbiyeva Yavər Alim qızı ilə qabaqcadan əlbir olaraq zərərçəkmiş Aslanov Sərraf Babulla oğlunu aldadıb və onun 200 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Dələduzluğun sxemi isə ilk baxışdan çox sadədir. Ər-arvad Cəbiyevlər 2009-cu ilin noyabrında Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, 20A ünvanında yerləşən, “Ferah İnşaat” MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, Yavər Cəbiyevanın mülkiyyətində olan 176 kvadratmetrlik mənzili S.Aslanova satıblar. Alqı-satqı əməliyyatı elə “Ferah İnşaat” MMC-nin həmin binada yerləşən ofisində həyata keçirilib. Ər-arvad Cəbiyevlər S.Aslanovdan ofisdə 200 min manatı alaraq mənzili onun adına rəsmiləşdiriblər.

Lakin 2010-cu ilin təxminən aprel-may aylarında Cəbiyevlər “Ferah İnşaat” MMC-yə üzərində S.Aslanovun xətti və imzası saxtalaşdırılmış iltizamı təqdim edərək həmin mənzili yenidən öz mülkiyyətlərinə keçiriblər. Daha sonra Cəbiyevlər mənzili banka girov qoyaraq kredit götürüb, krediti mənimsəyərək aradan çıxıblar.

Zərərçəkmişin maraqlarını müdafiə edən vəkil Kamandar Nəsibovdan aldığımız məlumata əsasən ər-arvad Cəbiyevlər bu irimiqyaslı dələduzluq əməlini həyata keçirərkən “Ferah İnşaat” MMC-nin rəhbərliyi ilə əlbir olduqlarını göstərən kifayət qədər ciddi şübhələr var. Belə ki, ər-arvad Cəbiyevlər biznes məqsədi ilə ayrı-ayrı binalardan, o cümlədən “Ferah İnşaat” MMC-nin inşa etdiyi binadan mənzilləri alaraq təmir edib satmaqla məşğul olurmuş.

Növbəti belə müştərilərdən biri S.Aslanov olub. S.Aslanov mənzili Cəbiyevlərdən alandan sonra ər-arvad ondan xahiş ediblər ki, mənzili boşaltmaq üçün onlara bir neçə ay vaxt versin. Bir müddət sonra S.Aslanov mənzilinə baxmağa gələndə qapının bağlı olduğunu, qıfılın dəyişdirildiyini görüb. “Ferah İnşaat” MMC-nin rəhbərliyinə müraciət edəndə mənzilin Cəbiyevlər tərəfindən artıq başqasına satıldığını eşidib (ehtimal edilir ki, ər-arvad Cəbiyevlərin bu dələduzluq sxeminin qurbanı təkcə S.Aslanov deyil-red.).

K.Nəsibovdan dəqiqləşdirə bildik ki, S.Aslanov Cəbiyevlərin mənzili öz adlarına rəsmiləşdirib banka girov qoymasından təxminən 2012-ci ilin ortalarında xəbər tutub. Zərərçəkmiş məruz qaldığı dələduzluq əməlinə görə “Ferah İnşaat” MMC-nin rəhbərliyini və ona mənzili satan ər-arvadı məhkəməyə verib.

Nərimanov Rayon Məhkəməsində dindirmə zamanı inşaat şirkətinin rəhbərliyi iddia edib ki, Cəbiyevlərin dələduzluq əməlindən xəbərsiz olublar.

Vəkilin dediyinə görə, şirkət rəhbərliyi prosesdə S.Aslanovun mənzili Cəbiyevlərə qaytardığına inandıqlarını deyiblər. Hərçənd ki, onlar mənzil sahibinin özü ilə bunu dəqiqləşdirməyə cəhd etməyiblər. Məhkəmə Cəbiyevləri və inşaat şirkətini zərərçəkmişə dəyən ziyanın ödənilməsinə məhkum edib. Qarşı tərəf hökmdən apelyasiya şikayəti verdiyindən qərarın qüvvəyə minməsi uzanıb. Cəbiyevlər isə ölkəni tərk etməklə məsuliyyətdən yayınıblar.

S.Aslanov mülki qaydada ona dəymiş ziyanın ödənilməsinə nail olmayanda dələduzların barəsində cinayət işinin qaldırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Nərimanov Rayon Polis İdarəsində faktla bağlı cinayət işi qaldırlıb və istintaq aparılıb. 2014-cü ilin oktyabrında Nərimanov Rayon Məhkəməsi istintaqın təqdimatını əsas götürərək ar-arvad Cəbiyevlərin barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Lakin həmin vaxt Cəbiyevlər artıq ölkədə deyildi və qərarı onların özünə elan etmək mümkün olmayıb. Məhkəmə elə həmin gün - 2014-cü il, oktyabrın 1-də dələduz ər-arvadın barəsində axtarış qərarı çıxarıb.

Dövlət Sərhəd Xidmətindən istintaqın sorğusuna göndərilmiş cavabdan məlum olurdu ki, Cəbiyevlər onların barəsində cinayət işinin qaldırılmasından hələ iki il əvvəl Azərbaycanı tərk ediblər. Sərhədi keçmə barədə 2014-cü ilin avqustunda verilmiş çıxarışa əsasən Cəbiyev Əbdülhüseyn və Cəbiyeva Yavər 2012-ci il dekabrın 20-də gecə saat 01:56 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportunun sərhəd nəzarətini keçərək Dubaya uçan təyyarəyə miniblər.

Əbdülhüseyn Cəbiyevon oğlu Zahid Cəbiyev də hazırda iri məbləğdə vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyinə görə axtarışdadır. O, biznes ortaqlığı qurmaq adı altında ayrı-ayrı şəxslərdən üst-üstə 2 milyon dollara yaxın vəsaiti ələ keçirib və mənimsəyib.

Ümumiyyətlə, Cəbiyevlər ailəsinin dələduzluq yolu ilə ələ keçirdikləri vəsaitlərin həcmi üst-üstə 4 milyon dollardan çoxdur.

Vəkil K.Nəsibovun bildirdiyinə görə, bu faktların hər biri barədə məhkəmə qərarları var və icraya yönəldilib. Məsələn, dələduz ailə zərərçəkmiş Rüstəm Quliyevdən 2010 və 2012-ci illərdə biznes ortaqlığı qurmaq adı altında 25 min manat və 373 min dollar pul alıb. Bu iş üzrə məhkəmə qətnaməsi var və icraya yönəldilib.

Xəzər Rayon Məhkəməsinin 2013-cü il iyulun 11-də çıxarılmış qərarına əsasən Cəbiyev Zahid Əbdülhüseyn oğlu onun dələduzluq əməlindən zərər çəkmiş şəxslərdən birinə 300 min avro, 50 min dollar vəsaiti geri qaytarmalıdır. Bu qərar da icraya yönəldilib, lakin Z.Cəbiyevin adına heç bir şəxsi əmlak aşkar edilməyib.

Habelə onun ölkədə olmadığı məlum olub. Nəticədə Xəzər rayon İcra Şöbəsi Z.Cəbiyevin barəsində axtarış elan edib. Məlum olur ki, Cəbiyevlər külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəyəndən sonra Azərbaycanda öz adlarına olan əmlakı, o cümlədən Lənkəran rayonunda hektarlarla torpaq sahəsini qohumlarının və digər ailə üzvlərinin adlarına keçirdiblər.

Vəkilin bildirdiyinə görə, Cəbiyevlərin dələduzluq əməllərindən zərər çəkənlərdən 3-4 nəfəri məhkəməyə müraciət ediblər və onlara dəyən ziyanın ödənilməsi barədə qərarlar çıxarılaraq icraya yönəldilib. Qalanlar isə Cəbiyevlərin beynəlxalq axtarışda olduğunu bildiyindən şikayət ərizələrini təqdim etmək üçün onların tutulub ölkəyə gətirilməsini gözləyirlər. Dələduz ailənin əməllərindən zərər çəkənlərin sayı 10-dan çoxdur.

Məhkəməyə Z.Cəbiyevin 2011-ci ilin dekabrından 2014-cü ilin noyabrına qədər Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyində fəaliyyət göstərmiş “Zallı Fashion” firmasının direktoru olduğuna dair sənəd təqdim olunub. Məlum olub ki, Z.Cəbiyev Dubayda cins paltar tikişi ilə məşğul olan firmasının olduğunu göstərərək bir neçə şəxsi bu biznesə ortaq olmağa inandıra bilib və onlardan iri məbləğlərdə vəsaiti ələ keçirib. Daha sonra şirkətini sataraq aradan çıxıb.

Z.Cəbiyevin dələduzluq sxemi isə xeyli maraqlıdır və o, valideynlərinə nisbətən daha yaradıcı üsullardan istifadə edirmiş. Belə ki,bu şəxs Dubayda fəaliyyətə dayanmış hansısa kiçik tikiş sexini bir günlüyə icarəyə götürür, ora bir günlük işçilər yığırmış və özünün kifayət qədər nüfuzlu, işgüzar adam olduğunu göstərmək üçün sexin qarşısında kirayə götürülmüş bahalı cipləri saxladırmış. “Ov” Cəbiyevin ciddi biznesmen olduğuna inanandan sonra çəkinmədən onunla “ortaqlığa” girirmiş.

Hazırda Cəbiyevlər ailəsinin dələduzluğa görə axtarışda olan hər üç üzvünün Dubayda olduğu təxmin edilir.

Vəkil Kamandar Nəsibov virtualaz.org saytına bildirib ki, o, həmin şəxslərin tutulub istintaqa gətirilməsinin təmin edilməsi üçün DİN rəhbərliyinə müraciət edib.

“Xüsusi qeyd etmək istəyirəm ki, DİN rəhbərliyi iri məbləğlərdə dələduzluq əməli törətmiş bu şəxslərin axtarışı ilə ciddi məşğuldur və artıq müəyyən nəticələr əldə edilib. Bizə daxil olan məlumatlara görə həmin şəxslər Dubayda biznes fəaliyyəti ilə məşğuldurlar və daha bir neçə Azərbaycan vətəndaşını aldatmağa nail olublar” - deyə vəkil bildirib.

DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəisi Emin Şəkinskinin vəkil K.Nəsibovun bu iş üzrə müraciətinə göndərdiyi rəsmi cavabındadeyilir ki, barələrində beynəlxalq axtarış elan edilən ər-arvad Cəbiyevlərin məsələsi xüsusi nəzarətə götürülüb, axtarış tədbirlərinin gücləndirilməsi, onların yerinin müəyyən edilərək tutulması məqsədi ilə zəruri addımların atılması üçün müvafiq tapşırıqlar verilib.

Digər maraqlı detal budur ki, Əbdülhüseyn Cəbiyevin qardaşı polis mayorudur və hazırda Sabunçu Rayon Polis İdarəsində əməliyyat müvəkkili işləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.