Azərbaycan Dəmir Yolları günü günə satır, dünyada dəmir yolları sahəsində başqa mərhələ başlayıb

Dünən, 17:44           
Azərbaycan Dəmir Yolları günü günə satır, dünyada dəmir yolları sahəsində başqa mərhələ başlayıb
Dünyanın müxtəlif ölkələrində yüksəksürətli qatarların hərəkəti üçün dəmir yolları salınır. Bu istiqamətdə 50-dən çox ölkədə iş gedir. Çevrilib Azərbaycan Dəmir Yollarına baxanda nə qədər geridə qaldığımızı görürük. Sumqayıt-Yalama xətti hələ də hazır deyil. Nə vaxt hazır olacağı da bilinmir. Xətt üzərində işin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulmuşdu. Bizimyol.info xəbər portalının araşdırması azı iki il gözləyəcəyimizi ortaya çıxarmışdı.
Azərbaycan Dəmir Yolları müxtəlif xətlərdə istifadə etdiyi qatarları “yüksəksürətli” təyini ilə fərqləndirir. Halbuki orta sürət, adətən, 60-70 km/saat olur. Məsələn, Bakı-Sumqayıt qatarında göstərici 63 km/saatdır. ADY-nin qatarları Gəncəyə qədər 364 km qət edir. Ölkənin ikinci ən böyük şəhərinə çatmaq üçün təxminən 4,5 saata ehtiyac duyulur. Yəni orta sürət heç 81 km/saata çatmır.

Beynəlxalq standartlara görə, qatar orta hesabla bir saat ərzində azı 200 km qət edə bilirsə, yüksəksürətli nəqliyyat imkanından danışmaq olar. Azərbaycanda belə imkandan söz açmağa dəyməz. Bu sürətə davam gətirəcək heç bir kilometr də yol yoxdur. Azərbaycan Dəmir Yolları dövləti milyonlarla borca salmağı yaxşı bacarır. Amma beynəxalq standartlara cavab verən yol infrastrukturu yaradılmayıb.

Çində 15 il əvvəl cəmi 118 km belə yol varmış. İndi infrastruktur 45 min kilometri əhatə edir. İspaniya, Yaponiya, Fransa, Böyük Britaniya, Almaniya, Finlandiya kimi iqtisadiyyatına həsəd aparılacaq dövlətlərin dəmir yollarını inkişaf etdirməsinə təəccüblənmək olmur. Amma siyahıda Özbəkistanın adını görməyi gözləmirdik. Orta Asiya ölkəsində 600 km yüksəksürətli qatarların hərəkəti üçün dəmir yolları var. Daha 465 km yolun inşası gedir. Mərakeşdə hələ 2018-ci ildə 186 km yolun açılışı olub. Yaxın illərdə məsafə 500 kilometri keçəcək. Serbiya da yüksəksürətli qatarlar üçün şərait yaratmağa başlayıb. Estoniya, Latviya, Litva 2028-ci ilə qədər vətəndaşlarını sevindirəcək. Hətta Asiyanın, Afrikanın müxtəlif dövlətlərində də bu istiqamətdə ciddi iş aparılır. Azərbaycan Dəmir Yolları isə "fil qulağında yatıb". Dünyada baş verən yeniliklərdən uzaq yaşayırıq.

Aytən, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.