Ölkədəki bütün məmur villaları siyahıya alınır

2-06-2015, 12:17           
Ölkədəki bütün məmur villaları siyahıya alınır
Bakının Səbail rayonu Badamdar qəsəbəsinin ərazisindəki Dostluq küçəsində tikilmiş qanunsuz villaların yerlə- yeksan edilməsindən sonra məsələyə bu vəya digər şəkildə aidiyyəti olan bir sıra məmurların canına sözün əsl mənasında üşütmə düşüb. Əlbəttə, dövlət başçısının paytaxtdakı qanunsuz tikintilərə qarşı kəskin reaksiyası gözlənilən idi. Əvvəla,bu tikintilər aparılarkən uzun illər əvvəl salınmış xeyli yaşıllıqlar məhv edilib.

Digər tərəfdən, daşı daş üstünə qoymağın çox böyük məsuliyyət tələb etdiyi paytaxtda 4-5 mərtəbəli şahənşah saraylarına bənzər mülklərin ard-arda sıralanmasından yerli icra strukturlarının, o cümlədən Bakı meri Hacıbala Abutalıbovun xəbərsiz olması barədə eşitdiyimiz nağıllar da artıq gülünc bir zarafat təsiri bağışlaya bilər. Belə biabırçılıqlara dözüm nümayiş etdirməklə bir növ rəvac verən mer cənabının ətrafındakı orbitdə mənzil və torpaq alqı-satqısının konkret olaraq kimin kurasiyasına aid edildiyini çox adam bilir. Odur ki, bütün məsuliyyətin zahirən günahsız təsir bağışlayan Hacıbala müəllimin başı üzərini domokl qılıncı kimi kəsdirməsi təbii sayılmalıdır. Bu baxımdan məsələ ilə bağlı qoyulan bütün "köntöy" sualların cavabını merdən istəmək lazımdır. Burda təbii ki, sualları verənin səlahiyyət sınırları da nəzərə alınmalıdır. Tutalım hansısa bir qəzet yazarı Bakının baş qurucusundan Badamdardakı villalarla bağlı arayış istəsə, bunun əvəzində hansı cavabı alacağı qaranlıq qalır. Hacıbala Abutalıbovu çıxılmaz vəziyyətə salan dövlət başçısının qətiyyəti oldu. Görünür, bu qətiyyət merin hərəkətə keçməsinə səbəb olub. Deyilənə görə, Bakının icra başçısı Badamdar qəsəbəsindəki bütün villaların siyahısının hazırlanması barədə göstəriş verib. Əldə etdiyimiz məlumata görə, siyahıda bir sıra icra başçılarının, millət vəkillərinin, nazir və nazir müavinlərinin, polis rəislərinin, digər dövlət strukturları rəhbərlərinin adları əksini tapıb. Maraqlıdır ki, dövlət məmurlarının heç birinin adı villaların rəsmi sahibləri kimi hallanmır. Buna baxmayaraq, paytaxt meri çox ciddi araşdırmalar nəticəsində villaların həqiqi sahiblərinin tapılmasına nail ola bilib. Ekspertlərin fikrincə, burda sən deyən çətin bir problem yoxdur. Çünki, Hacıbala Abutalıbov hansı torpaq sahəsinin kimə ayrıldığını hamıdan yaxşı bilir. Dövlət məmurlarına məxsus villaların siyahıya alınması xəbəri deyəsən bir sıra vəzifəliləri ciddi qorxuya salıb. Bəziləri isə həmin villalara sahiblikdən imtina etməyə başlayıb. Hər halda, Hacıbala Abutalıbovun şəxsi nəzarəti altında aparıldığı bildirilən siyahıyaalmadan sonra yəqin ki bunun konkret hansı məqsədlə aparıldığı bəlli olacaq. Qeyd edək ki, qeyri-rəsmi mənbələr vasitəsilə Badamdardakı bir sıra villa sahiblərinin adlarının dəqqləşdirmək redaksiyamıza müyəssər olub. Həmin şəxslərin adlarını yaxın saylarımızda oxuya biləcəksiniz. Onu da bildirək ki, məmur villalarının siyahıya alınması tədbirinin Badamdar qəsəbəsini deyil, bütövlükdə ölkə ərazisini əhatə edəcəyi barədə xəbərlər əldə etmişik. Məlumat üçün bildiririk ki, Azərbaycan vəzifəli şəxslərin gəlir bəyannaməsinin təqdim edilmədiyi yeganə Avropa ölkəsidir. Bu ildən bu barədə mövcud qanunvericiliyin tətbiq olunacağı gözlənilsə də, hələlik, heç bir müvafiq addım atılmayıb. Odur ki, Qanunun bu sahədə icra edilməməsi, daha doğrusu, icrasının yubadılması məhz bəzi məmurların dövlət büdcəsini talamaqla və korrupsiya əməlləri ilə harınlaşmasına yol açır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.