Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Bu gün, 12:56           
Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
Bu ilin yanvar ayında formalaşmış Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişib. Orxan Adıgözəlzadə Bələdiyyə sədrliyindən çıxıb. O, fəaliyyətini Bələdiyyə sədrinin müavini vəzifəsində davam etdirəcək. Sumqayıtın yeni Bələdiyyə sədri isə Xudadatov Adil Şirindil oğlu seçilib. Qeyd edək ki, Orxan Adıgözəlzadə 44 günlük “Vətən müharibəsi” iştirakçısıdır. O, “Şuşanın azad olunmasına görə,” Xocavəndin azad olunmasına görə”,” Füzulinin azad olunmasına görə “,” Zəfər ” və” Vətən müharibəsi iştirakçısı “medalları ilə təltif edilib. Adil Xudadatov isə daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.

Cəmi 4 aydan sonra şəhər bələdiyyəsi sədrinin dəyişməsi xeyli suallar yaradıb. Ümumiyyətlə, cumhuriyyet.az olaraq bildirək ki, son illərdə Sumqayıt bələdiyyə sədri postu qalmaqallarla yadda qalıb. 2016-cı ildə 10 il Sumqayıt Şəhər Bələdiyyəsinə sədrlik etmiş Əbülfəz Babayevbu vəzifədən azad edildi. Haqqında ciddi iddalar və küllü miqdarda yeyintilər səslənən bu şəxs cəzasız qaldı. Onun ardınca Sumqayıt şəhər bələdiyyəsinə rəhbərlik edən Sultan Hacıyev 2021-ci ildə vəzifəsindən uzaqlaşdırıldı və sədr vəzifəsi müvəqqəti olaraq bələdiyyənin sədr müavini Sərviz Süleymanova tapşırıldı. Abşeron rayonunda uzun müddət icra başçısının müavini işləmiş S.Süleymanovla bağlı da xeyli sayda iddialar var. Maraqlıdır ki, bu şəxs də 2 il sonra heç bir əsas göstərilmədən işə çıxmamaqla postunu buraxdı. O rəsmən sonadək bələdiyyə sədrliyindən çıxarılmasa da 2023-cü ildən vəzifələrini Orxan Adıgözəlzadə icra etməyə başladı. Heç şübhəsiz bütün bu proseslər icra başçısı Zakir Fərəcovun “xeyir-duası” ilə baş verib. Sumqayıtın ilk bələdiyyə sədri olan və bu şəhəri hər dalanına qədər əzbər bilən icra başçısının bütün bu prosersdən kənar durmasını düşünmək ssdəlöhvlük olardı.

Yeri gəlmişkən, cumhuriyyet.az bildirir ki, indi seçilən bələdiyyə sədrinin anonsu hələ seçkidən öncə verilmişdi. Belə ki, bələdiyyə seçkilərinə hələ xeyli qalmış mediada adı müxtəlif qalmaqallarda, torpaq alverində, hətta korrupsiya ittihamında hallanan Adil Xudadatovun sədr olacağı bildirilmişdi. Abşeronda icra başçısı olarkən Xudadatovla işləyən Zakir Fərəcov şəhər bələdiyyəsində onunla daha yaxşı “dil tapacağını”, daha doğrusu məlum planları rahat icra edəcəyini düşündüyündən belə qərar verib. Amma belə görünür ki, Adil Xudadatovun mənfi reputasiyası “yuxarıların” bu plana etirazına səbəb olub. Məhz bu səbəbdən 4 ay sonra Sumqayıt bələdiyyəsində “demokratik seçki ilə” yeni bələdiyyə sədri seçilib. Ən maraqlı məqam yeni sədrin diplom məsələsi ilə bağlıdır. Adil Xudadatovun şəxsi işində onun iki ali məktəb bitirdiyi qeyd olunub. Maraqlıdır ki, hər iki ali məktəb Rusiyada fəaliyyət göstərir. Onlardan biri də Dağıstandakı “universitet” hesab olunur. Maraqlıdır ki, “Kamaz” sürücüsü olan bir şəxs qısa müddətdə iki ali məktəbi necə bitirə bilib? Yəni, Adil Xudadatov o qədər istedadlı və vunderkind biridir ki, bir universitetlə kifayətlənməyib, ikincisində də oxumağa nail olub? Hər halda bunlar açıq suallardır… Təbii ki, bizim Adil Xudadatovun diplomunun saxta olub, olmadığını müəyyən etmək imkanımız yoxdur. Bunu Təhsil Nazirliyi və əlaqəli qurumlar araşdırmalıdırlar. Hər halda ölkənin üçüncü ən böyük şəhərində önəmli postlardan birini tutan şəxsin saxta diplomlu olub, olmaması ciddi məsələdir.

facebook sharing buttontwitter sharing buttonemail sharing buttonsharethis sharing buttonmessenger sharing buttonwhatsapp sharing buttonodnoklassniki sharing buttonprint sharing buttonmailru sharing buttongmail sharing button












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.